Testə ağı - Elnur Astanbəyli

Testə ağı - Elnur Astanbəyli
30 İyun 2017
Mətni dəyiş
Elnur Astanbəyli
1991-ci ildən – Sovetin süqutundan sonra bu ölkədə baş verən ən qiymətli hadisə, dəyişiklik heç şübhəsiz, test üsulunun tətbiqidir. 24 ildir hakimiyyətdə olanların hələ də qabırğasına döşədikləri, az qala, “cümlə bəlalarımızın baiskarı” kimi göstərdikləri birillik Cəbhə-Müsavat hakimiyyətinə təkcə bu addımına görə nə qədər təşəkkür etsək, azdır.
Təzəlikcə qəbul edilən bir qərar göstərdi ki, əgər vaxtilə həmin addım atılmasaydı, çox güman, kommunist idarəçiliyinin ruhunu, məzmununu, mahiyyətini özündə yaşadan hazırki hakimiyyət bu ölkədə testin önünü heç vaxt açmayacaq, beləcə, rüşvətlə, “daydayılıqla”, tapşırıqla assosiasiya edilən Sovet qəbul sistemi saxlanılacaqdı.
Söhbət nədən gedir?
Bir müddət idi, rejim yandaşları Azərbaycanda test üsulunun tətbiqinin ləğv edilə biləcəyinə dair müzakirələr açır, xəbərlər yayır, fikirlər söyləyirdilər.
Aydındır ki, testin “bostanına” daşlar havayı atılmırdı.
Məqsəd camaatı indidən “testsiz qəbul” dönəminə hazırlamaq, alışdırmaq idi.
Bu yöndə konkret addımın isə bir neçə gün əvvəl şahidi olduq: “Təhsil haqqında qanun”a edilən dəyişikliyə görə, ali məktəblərin nəzdində yaradılacaq pullu hazırlıq kurslarında 1 il oxumaq kifayət edəcək ki, abituriyentlər heç bir imtahansız elə həmin universitetə daxil olsun!
Bunun sadə izahı ölkədə test üsulunun yavaş-yavaş, tədricən sıradan çıxarılmasıdır.
Beləcə, başdan-başa rüşvət və korrupsiya bataqlığına çevrilmiş ölkədə “qaz vurub qazan doldurmaq”, başqalarının haqqını yemək imkanının az olduğu, ya da mümkün olmadığı yeganə bir şey varsa, o da dəfn olunur, tarixin arxivinə göndərilir.
Test – bugünki Azərbaycanda sosial statusuna, ictimai görüşünə, maddi durumuna fərq qoyulmadan hər kəsin bərabər ola bildiyi yeganə fürsətdir. O, Bakının göbəyindəki hansısa bərkgedən “papanın gül balası” ilə ən ucqar dağ kəndindəki bir gəncə belə, öz gələcəyini özü müəyyənləşdirmək üçün eyni haqq, bərabər imkan tanıyırdı.
İndi isə məmləkətin yeraltı-yerüstü var-yatırı bir yana qalsın, ən elementar hüquq və azadlıqları əlindən alınmış xalqa bunu da çox görürlər.
Təəccüblənirikmi? Son 24 ildə başımıza gələnlərə-gətirilənlərə baxdıqda, əsla. Qətiyyən.
Hətta testin bu günədək ləğv edilmədiyinə təəccüblənmək lazımdır.
Sadəcə, adamın ürəyi ağrıyır ki, əlindən sonuncu haqqı da alınan toplum bunu həmişəki kimi sakitcə, sanki heç nə olmamış kimi seyr etməkdədir.
Adamların gündəmi yenə mənasız, düşük, bayağı mövzulardır – hansısa geydirmə türk serialının sezon finalı, “Maşın-şou”, nə bilim, daha nə.
Düşünürsən: bu gün ölkə addım-addım testin ləğvinə doğru gedərkən, hansısa bozbaş müğənnisinin boşanmasını özünə dərd edən bığıburma atalar, qəlbi kövrək analar sabah övladları universitetlərin qarşısında boynunu bükərkən, onun qapısından içəri keçmək üçün süründürülərkən, doğrudanmı, heç bir vicdan əzabı çəkməyəcəklər?!
Testlə ilk qəbulun keçirildiyi il uşaqlarını universitetə düzəltmək üçün xeyli adam mal-qoyununu, qır-qızılını satıb əlində pul hazır gözləyirdilər. Beyqəfil testlə qəbul qərarı verildikdən sonra həmin pul elə əllərində də qaldı.
O vaxt bu vəziyyətdən şikayətlənənlər az deyildi.
Onlar fikirləşirdilər ki, pul varsa, bilik nəyə lazımdı, “dayday” varsa, savad nə üçündür. Qoy son sözü imtahan yox, pul, hansısa vəzifəli qohum desin! Belə daha asan və rahatdır.
Son 24 ildə bu cür rəiyyət düşüncəsinin, müti psixologiyasının daha da dərinləşdiyinin, genişləndiyinin nəticəsidir ki, bir yandan testin dəfninə hazırlıq gedərkən, o biri yandan mütləq çoxluğun tükü belə tərpənmir.
Yoxsa hər kəsi narahat etməli olan, hər birimizin övladının gələcəyini sual altına alan bu cür mürtəce dəyişikliklərə toplumun kiçik bir hissəsini çıxmaqla, əksəriyyət niyə bu qədər səssiz, reaksiyasız qalsın ki?!
Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyidir. 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun