30 İyun 2017
Mətni dəyiş
İranın Tacikistandakı səfirliyi ölkənin Xocənd şəhərindəki iki nümayəndəliyini bağlayıb.
“Report” “CA-NEWS”ya istinadən xəbər verir ki, şəhərin mərkəzindəki ikimərtəbəli binanın qarşısından asılan İran İslam Respublikası səfirliyinin Ticarət nümayəndəliyi və İran İslam Respublikası səfirliyinin Mədəniyyət və Ticarət nümayəndəliyi lövhəsi yığışdırılıb.
İnformasiyaya əsasən, İranın mədəniyyət mərkəzlərindən birinin adının çəkilməsini istəməyən əməkdaşı bildirib ki, nümayəndəliklər Tacikistan hökumətinin tələbi ilə bağlanıb.
Məlumata görə, iki həftə əvvəl səfirliyə ticarət və mədəniyyət nümayəndəliklərinin bağlanması barədə bildiriş daxil olub. Bundan sonra İran səfirliyi Tacikistandakı nümayəndəliklərinin əməkdaşlarını məzuniyyətə yollayıb.
Xəbərdə bildirilib ki, səfirlik nümayəndəliklərinin bağlanması ilə bağlı məsələyə aydınlıq gətirməkdən imtina edib.
İran mədəniyyət mərkəzi dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda fəaliyyət göstərir. Bu qurum səfirliyin mədəniyyət nümayəndəliyi adlansa da, əslində İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin təmsilçisidir. Nümyəndəlik birbaşa ona tabedir. Mədəniyyət nümayəndəliyi daha çox mədəni tədbirlər adı altında İran İslam Respublikasının siyasi-ideoloji xəttini yayır.