27 İyun 2017
Mətni dəyiş
Nərmin Kamal
Haqqında danışacağım məsələdə mən kənar şəxsəm. “Kənar şəxslərin içəri daxil olması qadağandır” deyiblər. Amma kənar şəxs olmağın bir üstünlüyü var. Adətən içəridəkilər özləri öz fikirləri ilə dolu olduqları halda kənar şəxs azad şəxsdir, içəridə baş verənlərə yüklənməmiş nəzərlə baxır.
Söhbət orta məktəb təhsilindən gedir.
Bizim kurrikulum ekspertləri demiş, qabaqcıl ölkələrin təcrübəsində necədir? Oralarda hər dövlət məktəbinin öz reytinqi olur. Təhsilin qiymətləndirilməsi üzrə qurum (misal üçün, Britaniyada “Offsted” idarəsi) hər həftə yüzlərlə təhsil qurumunu yoxlamaq nəticəsində onlara qiymət verir: əla, yaxşı, yaxud pis. Hər məktəbdə, hər bağçada, hər lisenziyalı dayənin evində qiymətləndirmə sənədi olur, sənədin yuxarısında aldığı qiymət yazılır, altında isə təfsilatıyla izah edilir, məktəbin təhsilinin məzmunundan tutmuş şəraitinə qədər orada əks olunur. Uşağına məktəb axtaranlar da bu ali qurumun rəyinə inanaraq, öz evlərinə yaxın olan məktəblər arasında reytinqcə ən yüksək məktəbi seçib müraciət edirlər.
Bizdə belə bir sistem yoxdur, valideyn uşağına məktəbi o məktəbin reytinqinə görə yox, ayrı-ayrı müəllimlərin yayılmış sorağına görə seçir. Misal üçün, filan məktəbdə bir Səmayə müəllimə var, güclü müəllimədi. Necə ki, səhiyyə sisteminin, klinikaların bütövlükdə müsbət imici yoxdur, ayrı-ayrı həkimlərin sorağı yayılıb; deyirlər, orda bir Vaqif həkim var...
***
Milli kurrikulum. Oxucular bu ifadəni yəqin ki, çox eşidiblər. Hər ölkənin öz təhsil kurrikulumu var. Azərbaycanın da on ildir ki, milli kurrikulumu var. 2008-2009–cu tədris ilindən birinci siniflərdə tətbiqinə başlanıb. Kurrikulumla təhsil alanlar bu il 9-cu sinfi bitirdilər.
Belə tərif olunur ki, Milli kurrikulum - orta məktəblərdə təhsil prosesi ilə bağlı bütün fəaliyyətlərin təşkili, həyata keçirilməsi, dərslərin və dərsliklərin məzmunu, tədris proqramları, şagirdə və onun hazırlıq səviyyəsinə verilən tələblər, qiymətləndirmə standartları və sair bu kimi məsələləri əhatə edən vahid konseptual sənəddir.
Bu yeni təhsil fəlsəfəsini və onu həyata keçirmək texnikalarını müəllimlərə öyrətmək üçün neçə il Kurrikulum Mərkəzi işlədi, saysız-hesabsız treninqlər, seminarlar... Neçə illərdir ki, nə vaxt televiziyada təhsil haqda bir verilişə rast gəlsən, söhbət kurrikulumdan gedir. Müəllimləri işə götürəndə də ixtisaslarıyla və məntiqlə yanaşı milli kurrikulumdan imtahan edirlər. Şagirdlər bir yana, müəllimlər özləri müəllim yanına gedirlər ki, kurrikulumu, yeni qaydalarla dərs keçməyi öyrənsinlər.
Kurrikulumla keçirilən dərsin ənənəvi dərsdən bir neçə nəzəçarpan fərqi var. Ənənəvi dərs ona deyirlər ki, müəllim içəri girib bir neçə nəfərdən ötən dərsi soruşurdu, ümumi sual-cavab edirdi, sonra bizə “3”-dən “5”-dən bir qiymət yazıb keçirdi lövhənin qarşısına, növbəti dərsi izah edirdi və zəng vurulurdu.
Bəs kurrikulumla yeni növ dərs necə olur? Belə dərsdə müəllim təzə dərsi keçmir, nə qədər qəribə səslənsə də, təzə dərsi də şagirdlər danışırlar. Müəllim onları bir neçə sualla yönləndirməlidir və onlar özləri axtarış edərək yeni dərs haqda məlumat tapmalıdırlar. Yeni aforizm də var: “Müəllim öyrədici deyil, istiqamətvericidir”. Müəllim sinifdə ziqzaq, karusel, BİBÖ kimi cürbəcür üsullarla oyunlar keçirərək şagirdləri fəallaşdırır. Buna görə də kurrikulumla keçirilən dərs “fəal dərs” adlandırılır.
Demək, qaydaya görə, müəllim çox danışmamalıdır, o, uşaqları qruplara bölərək suallar, tapşırıqlar verməlidir, uşaqlar yeni dərs haqda məlumatları özləri axtarıb tapmalıdırlar. “Ümumi orta təhsil səviyyəsinin yeni fənn kurikulumlarının tətbiqi üzrə təlim” (A.Qəhrəmanov) kitabında elə bu cür də yazılıb: “Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları bənzərsiz sevinc və məmnuniyyət hissi təşkil edir.”
Amma bunlara aldanmayın, bunlar nəzəri cümlələrdir.
Müəllimlər kurrikulumu real həyata tətbiq edəndə çaş-baş qalırlar. Tutalım, ədəbiyyat dərsidir. Müəllim ənənəvi qaydada yeni dərsi danışmasa, şagird haradan biləcək ki, yeni dərsin mövzusu Mir Cəlal kim olub, hansı əsərləri yazıb, əsərlərində nədən bəhs edib, onun dövrü necə dövr olub, özündən sonrakı nəslə təsiri nə olub, ədəbiyyat tarixində yeri nədir, nə deyil və s.
Reallıqda müəllim yeni dərsi keçəndə danışmalıdır, özü də çox. Kurrikuluma görə, müəllim açar-sözləri deməlidir, şagird onlardan “anlayışı çıxarmalıdır”, mövzu haqqında məlumatları internetdən tapıb müəllimə deməlidir. Yəni, həsir basma, dolan gəl.
Bildiyimiz kimi, hər ölkənin özünəməxsusluqları var. Kurrikulumla oxuyan bu uşaqların babaları müəllimi çörək yeməyən qeyri-adi varlıq kimi təsəvvür ediblər. Elə Azərbaycanda təhsilin ən yaxşı vaxtları kimi xatırlanan vaxtlar da nüfuzlu müəllim obrazı dövründə olub.
Milli Kurrikulum adlı nəzəriyyədə deyilir ki, müəllimin rolunu azaltmaqla məqsəd şagirdlərdə müstəqillik, işgüzarlıq, sərbəst düşüncə yaratmaqdır, bu xüsusiyyətlər ona gələcək həyatında da, cəmiyyətdə də lazım olacaq.
Maraqlıdır, prioritet yeni nəsillərdə sərbəst düşüncə, fəal təfəkkür yaratmaqdırsa, axı ona nail olmağın yolu sinifdə müəllimin mərkəzi rolunu azaltmaq olmamalıdır. Uşaqlar bu cəmiyyətdə hər sahədə bir nəfərin hegemonluğunu görə-görə böyüyürlər. Siyasi hegemoniyanı, iqtisadi monopoliyanı, ailə-məişətdə seçimsizliyi, sərbəst düşüncəli gənclərin ölkədə rastlaşdırları çətinlikləri, müəllimlərin sinfə mənzərə çəkdirmək adıyla uşaqlardan pul yığmağını aradan qaldırmaqdansa, orta məktəbdə müəllimin öyrədici rolunu aradan qaldırırlar.
Kurrikulum olduqca nəzəri, həyatsız, cəmiyyətlə bağı kəsilmiş bir layihə təsəvvürü yaradır.
Kurrikulumla dərs keçən müəllimlər həmişə belə bir xoşagəlməz söz də deyirlər. Deyirlər ki, kurrikulum Azərbaycan üçün deyil. Onlar bu fikirlərini belə əsaslandırırlar ki, bizlərdə qeyri-fəal şagirdlər ailələrdən qeyri-fəal gəlirlər. Bir müəllim deyir ki, bizdə analar 9-cu sinifdə oxuyan uşağının ayaaqabısının ipini də özləri bağlayır deyə fəxr edirlərsə, o uşaqda nə sərbəst düşüncə olacaq?! Başqa bir müəllim deyir ki, 8-9-cu siniflərdə şagirdlərə Kurrikulum nəzəriyyəsində yazıldığı kimi davrananda (“şagird sərbəstdir, adi dinləyici deyil, bilikləri sərbəst və şüurlu şəkildə qəbul edən fəal icraçı və subyekt deməkdir”), onda şagirdlər müəllimdən siqaret istəyirlər, onun mobil telefonuna “kontr” hədiyyə göndərirlər. Başqa bir müəllimsə deyir ki, məktəblərdə rəhbərlik tərəfindən pullu “Security” xidməti saxlanılır, bu xidmətin məqsədi təkcə kənardan məktəbə ola biləcək terror hücumunu zərərsizləşdirmək deyil, həm də müəllimləri yuxarı sinif şagirdlərinin hücumlarından qorumaqdır. Yəni ölkədə ümumi mədəni mühit bu vəziyyətdədir...
Milli Kurrikulum nəzəriyyisəsində deyilir ki, ənənəvi dərsin prinsipləri fənnyönümlülük, bilikyönümlülük idi, kurrikulumun prinsipləri isə təhsilin nəticəyönümlülüyü, şagirdyönümlülüyü, tələbyönümlülüyüdür. Bunu belə izah edirlər ki, fənyönümlü ənənəvi təhsildə şagirdə fənlərin şəxsən şagirdin gələcək həyatında lazım olmayacaq əsasları öyrədilirdi, indi isə təhsil şagirdyönümlüdür, yəni fənlərin əsasları yox, şagirdin gələcək həyatında lazım olacaq tərəfləri öyrədilir, həmçinin indi təhsil tələbyönümlüdür, yəni bu dəqiqə Azərbaycan cəmiyyətinin ehtiyac və tələbatlarına uyğun şeylər öyrədilməlidir.
Belə çıxır ki, biologiyanın, fizikanın, kimyanın fundamental əsaslarını yox, şagirdin gələcək həyatında lazımlılığı baxımından öyrədirsənsə, gərək orta məktəbdə bu fənlər mikrodalğalı sobadan o yana keçməsin. Çünki şagirdyönümlülük prinsipinə qalsa, fizika, kimya çoxlarına yalnız məişətdə gərək olacaq.
Bu ziyanlı prinsipin nəticəsidir ki, orta məktəb dərsliklərində bütün fənlər Həyat bilgisi səviyyəsinə endirilib: hər şeydən bir az. Elmlərin fundamental məsələləri “şagirdin gələcək həyatında ona lazım olmayacaq” deyə dərsliklərdən çıxarılıb. Azərbaycan dili dərsliklərində isə qrammatika yox dərəcəsinə salınıb.
Son illər bizlərdə onsuz da fundamental sahələrdə iş görmək istəyi yoxdur. Gənclərimiz dəqiq və ya humanitar elmlərlə fundamental səviyyədə məşğul olmağa getmirlər, daha çox MBA tipli ixtisaslara maraq göstərirlər.
1990-cı illərdən bu yana, çoxları şikayətlənir ki, hər ilin bu vaxtları orta məktəbləri bitirən onminlərlə savadsız gənc cəmiyyətin üstünə axın edir. Kurrikulumun bilikyönümlülük, fənyönümlülük əvəzinə şagirdyönümlülük prinsipi ilə tanış olandan sonra məndə belə təsəvvür yarandı ki, bundan sonra kütləvi savadsızlıq daha çox olacaq. Çünki Azərbaycanda təhsilin bu yeni prinsipi savadsızlığı legitimləşdirir.
Qiymət xatirinə
Kurrikulum nəzəriyyəsini oxuyanda ilk baxışdan bir məqamdan xoşum gəldi, daha doğrusu, yenə aldandım. Orada gündəlik qiymətləndirmənin aradan qaldırıldığı yazılıb. Əvvəllər şagirdlər qiymət almaq xatirinə dərsi əzbərləyirdilərsə, indi ildə bir neçə dəfə kiçik və böyük summativlərlə qiymətləndirmə aparılmalıdır, qalan vaxtlarda müəllim şagirdin gündəlik nəticələrini sırf özü üçün bir dəftərçəyə qeyd edib saxlamalı, o qiymətlərdən bəlkə heç şagirdin xəbəri də olmamalıdır, şagird çalışmalıdır ki, ilboyu müəllimin yadında yaxşı qalsın və summativlərdə yaxşı nəticə göstərsin.
Amma hanı? Reallıqda hansı şagirdi dindirirsənsə, hər gün qiymət alır, qiymətə görə həyəcan içindədir, valideyni qiymətə görə məktəbə bazarlığa gedir.
Yəni hər şeyin iki variantı var bizdə. Real və ideal. Qonaqlar üçün və özümüz üçün. Göstərmək üçün və yaşamaq üçün.
Bu qədər hazırlıqdan, treninqlərdən, seminarlardan keçmiş müəllimlərin açıq dərslərinə baxın. YouTube-da “açıq dərs” yazıb aramaq kifayətdir. Müxtəlif məktəblərin onlarca açıq dərs videosuna baxdım. Doğrudan da bu dərslərdə müəllim çıxış etmir, suallar verir. Doğrudan da şagirdlər fəaldırlar. Lap milli kurrikulumda yazıldığı kimi. Amma o fəalllıq göstərən şagirdlərin pafoslu cavablarından, qabaqcadan əzbərlənmiş yarıbədii cümlələrindən dərs yox, teatr təsəvvürü yaranır. Bir müəllim isə fənni yarıda kəsərəq musiqi qoyur və deyir, uşaqlar, yerinizdə oynayın. Uşaqlar əllərini havaya qaldıraraq rəqsi hərəkətlər edirlər. Yəni baxın, kurrikulumda yazdığınız kimi, biz sərbəst olmuşuq.
Sual olunur, bu surətdir, yoxsa orijinal? Sərbəst düşüncədir, yoxsa sərbəst düşüncənin təqlidi?
Müqayisə üçün, elə orada başqa ölkələrin də açıq dərslərinə, “demo lesson”larına baxmaq olar.
Sual
Yeni təhsil fəlsəfəsi, kurrikulum şagirdlərdə sərbəst, tənqidi və yaradıcı təfəkkür formalaşdırmağa çalışdığını bildirir.
Nədir yaradıcı təfəkkür? Problemlərə və situasiyalara yeni perspektivdən baxaraq yeni çıxış yolları göstərmək...
Nədir tənqidi təfəkkür? Həqiqətin, hökmün birmənalı olduğunu şübhə altına almaq. Öz düşüncələrində vicdanlı və ədalətli olmaq...
İndi sual olunur, Azərbaycan milli təhsil kurrikulumu səmimidirmi?