“Sovetski” ərazisində 18 piyada keçidi olacaq - [Foto]

“Sovetski” ərazisində 18 piyada keçidi olacaq - [Foto]
30 İyun 2017
Mətni dəyiş
“Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda 18 piyada keçidi olacaq.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilir ki, BNA-nın mütəxəsissləri beynəlxalq məsləhətçi şirkət “GEMMS Group”un əməkdaşları ilə birgə ərazidə rahat, təhlükəsiz və maneəsiz hərəkəti şərtləndirən bütün məqamlarla bağlı təhlillər aparıb. Hazırda layihə çərçivəsində aparılan nişanlanma və yol-cizgi xətlərinin çəkilməsi məhz bu təhlillərin nəticəsinə uyğun olaraq icra edilir. Nişanlanma və yol-cizgi xətləri şəhərinin inkişaf edən simasına uyğun olaraq daha müasir tərtibatda həyata keçirilir.
Bildirilir ki, paytaxtın digər küçə və prospektlərindən fərqli olaraq, burada işıqforlarla nizamlanan piyada keçidləri qanunvericiliyin tələblərinə uyğun olaraq, qırıq xətlərlə işarələnib. Piyadaların yolun hərəkət hissəsində diqqətli olmaları üçün yerə xəbərdaredici məlumatlar yazılacaq. “Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda fiziki imkanları məhdud və uşaq arabası ilə olan şəxslərin də rahat hərəkət etməsi də mümkün olacaq. BNA-nın təşəbbüsü ilə səkilərdə müasir tərtibatda panduslar qoyulacaq. Analoji pandusların yaxın vaxtlarda paytaxtın digər küçə və prospektlərində də qoyulmasına başlanılacaq.
“Sovetski” layihəsi çərçivəsində salınan yeni yollarda ümumilikdə 18 ədəd eynisəviyyəli piyada keçidlərinin təşkil edilməsi nəzərdə tutulub. Bunlardan 5 ədədi nizamlanmayan, 13 ədədi isə işıqforla nizamlanan piyada keçidi olacaq. Nizamlanmayan piyada keçidlərində də piyadaların təhlükəsizliyinin təmin edilməsi məqsədilə sarı sayrışan işıqlar yerləşdiriləcək. Eyni zamanda, layihə çərçivəsində qeyd edilən yollarda 8 ədəd avtobus dayanacaq məntəqəsi təşkil edilib. “Cib” tipli dayanacaq məntəqələrinə avtobusların rahat giriş-çıxışının təmin edilməsi məqsədilə normalara uyğun şəkildə inşa edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun