Fəxrəddin Mehdiyev
Tanınmış vəkil Fəxrəddin Mehdiyevin “Alatoran” nəşriyyatında yenicə çapdan çıxmış “SİYASİ SİSTEMİN İSVEÇ-SKANDİNAVİYA MODELİ” kitabından mövzuların təqdimatını davam etdirik. Bu dəfə Skandinaviya ölkələrinin iqtisadi sahədə qazandığı uğurların əsasını təşkil edən iqtisadi modellərin xarakterik xüsusiyyətləri ilə oxucularımızı tanış edirik.
İqtisadi sistem- cəmiyyətin maddi əsasını təşkil edən iqtisadi institut və münasibətlərin məcmusudur.
İnkişaf etmiş ölkələrdə bazar iqtisadiyyatında dövlətin iştirakının səviyyəsindən aslı olaraq liberal, sosial yönümlü, sosial demokratik yönümlü modelləri fərqləndirlir. Liberal model üçün xususi mülkiyyətin mütləq üstünlüyü, bazar subyektlərinin maksimum azadlığının qanunvericilik təminatı, iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırlması və s. xarakterikdir.
Sosial yönümlü iqtisadiyyata dövlət mülkiyyətinin payının kifayət qədər yüksək olduğu qarışıq iqtisadiyyat, əhalinin sosial müdafiəsi sistemində dövlətin aparıcı rolu və bu məqsədlər üçün böyük dövlət xərclərinin mövcudluğu xasdır.
Sosial-demokratik model sosial yönümlü iqtisadi modelə yaxındır, eyni zamanda bazar iqtisadiyyatında sosiallaşma səviyyəsi yüksəkdir. Həmin modelin fərləndirici xususiyyətlərinə: dövlət sektoru struktrunda sosial təyinatlı obyektlərin üstünlüyü, büdcə vəsaitlərinin ÜDM yüksəkliyi (50%-dən yuxarı) büdcənin məxaric hissəsində sosial sahənin maliyyələşdirlməsi üzrə maddələrin dominantlığı, işsizliyin minumumlaşdırlması, istehsalat demokratiyası sisteminin inkişafı. Belə bir model ədəbiyyatda İsveç-Skandinaviya modeli kimi tanınır.
Qeyd edildiyi kimi bu modelin əsas xususiyyəti sosial istiqamətli olmasıdır: Sosial bərabərsizliyin azaldılması, əhalinin az təminantlı təbəqəsinin güclü sosial təminatı və sosial müdafiəsi.
İsveç əhalisi yüksək həyat səviyyəsi və vətəndaşların hüquqlarının yüksək dərəcədə qorunmasına görə xususilə seçilir. Burada son 110 ildən çoxdur ki, milli məhsul orta hesabla ildə 2,5 faiz artmaqda davam edir. İsveç modeli işsizliyin çox az olması ilə fərqlənir (2 faizdən yuxarı qalxmır). İsveç modeli yüksək vergi dərəcələri ilə də digər inkişaf etmiş ölkələrdən fərqlənir. Məhz yüksək gəlirlərdən tutulan vergilər hesabına əhalinin müxtəlif təbəqələrinin gəlirləri arasındakı fərq minumuma endirlmişdir. Burada iqtisadi artım yüksək məşğulluqla müşayiət olunur. Əmək məhsuldarlığı yüksəkdir və İsveç firmaları dünya bazarlarında uğurla rəqabət aparmaq qabiliyyətinə malikdir. İqtisadiyyatda dövlət bölməsi yüksəkdir və burada xidmətlər pulsuzdur. Dövlət qiymətqoyma prosesinə tez-tez müdaxilə edir.
Skandinaviya ölkələrinin milli təsərrüfatının sahəvi strukturu müasir inkişaf etmiş ölkələrin iqtisadi strukturuna uyğundur. Belə ki, ÜDM-də Kənd təsərrüfatının payı 2-4%. emal sənayesi və tikintinin payı 25-30%, xidmət sahəsinin payı 65-75%-dir.
Beləliklə, ÜDM-də elmtutumlu sahələrinin əhəmiyyəti artır.
Skandinaviya ölkələrində əmək ehtiyyatları yüksək keyfiyyətləri- təhsil səviyyəsi, peşə-ixtisas hazırlıqları ilə fərqlənirlər. Ona görə də işçi qüvvəsinin dəyəri çox yüksəkdir. Eyni zamanda qadınların əmək fəallığı, zehni əmək işçiləri arasında qadınların sayı çoxdur.
[caption id="attachment_27560" align="alignnone" width="1050"]
Vəkil Fəxrəddin Mehtiyev[/caption]
Sosial- iqtisadi inkişafın şərtləndirən amillərdən biri də Skandinaviya ölkələrində investisiya fakorudur, yığım norması yüksəkdir. Xüsusi ilə Norveç və Finlandiyada bu 25-30% təşkil edir.
Skandinaviya ölkələrinin ÜDM də elmi – tədqiqat təcrübi – konstruktor işlərinə xərclərin payı daim artır. Həmin göstərici üzrə İsraildən (4,4%) sonra İsveç(3,9%), Finlandiya(3,5%) liderlik edirlər. Elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin maliyyələşdirlməsində dövlətin payı çox yüksəkdir ( 40-50%) Skandinaviya ölkələrində daha çox tətbiqi-tədqiqatlar inkişaf edir. Elmi-texniki tərəqinin bəzi istiqamətləri üzrə Skandinaviya ölkələri liderlik edir. Məsələn, Danimarka yeyinti senayesi üçün avadanlığların istehsalında, Norveç neft hasilatı və neft emalı avadanlığlarının yeni nəslinin işlənib hazırlanmasında, Finlandiya mobil telefonların, İsveç robotların istehsalında və s.
Skandinaviya ölkələrinin sahibkarlıq strukturnda kiçik və orta biznes böyük rol oynayır. Skandinaviyada kiçik firmalara 100 şəxsin işlədiyi şirkətlər, orta şirkətlərə 100- 499 şəxsin işlədiyi şirkətlər, iri şirkətlərə isə 500 dən yuxarı şəxsin işlədiyi şirkətlər aid edilir. Kiçik və orta müəssisələr sahibkarlıq strukturunun mobil elementi kimi daha çox xidmət sahəsində fəaliyyət göstərirlər. Kiçik və orta sahibkarlığa dövlət tərəfindən xüsusi işlənmiş məqsədli proqramlar vasitəsi ilə kömək olunur. Sahibkarlıq sahəsində kooperativ sektorun da mövqeyi güclüdür. Kooperativ birliklər kənd təsərüfatı, ticarət, mənzil tikintisi sahələri üzrə geniş yayılmışdır.
İqtisadiyyata dövlət tənzimlənməsindən danışarkən dövlət mülkiyyətini və dövlət sektorunu fərqləndirmək lazımdır. Dövlət mülkiyyətinin payı yalnız Finlandiyada əhəmiyyətli dərəcədə mövcuddur. Finlandiya, İsveç və Norveçdə mövcud olan dövlət şirkətləri iqtisadiyyatın ayrı-ayrı sahələrində aktiv istifadə olunur. Dövlət sektrounun payı isə bütün Skandinaviya ölkələrində yüksəkdir. ÜDM-də dövlət xərclərinin payına görə İsveç, Danimarka, Finlandiya dünyanın inkişaf etmiş ölkələrindən irəli çıxaraq birinci üç yeri tuturlar. (hazırki vaxtda bu göstərici müvafiq olaraq 66%, 61% və 56%). Müqayisə üçün analoji məlumatlar digər ölkələr üzrə belədir: Böyük Britaniya 42%, ABŞ 36%, Yaponiya 27%-dir.
Skandinaviya ölkələrində təhsil, səhiyyə, pensiya təminatı və s. mühüm sahələrdə, eləcə də əmək bazarında işçi qüvvələrinin təliminin və yenidən ixtisaslaşdırlmasının maliyyələləşdirlməsində yeni iş yerlərinin yaradılması, məşğulluq xidmətinin təşkili və s. dövlət fəal iştirak edir.
Skandinaviya ölkələrində ənənəvi olaraq vergi tutmasının səviyyəsi digər inkişaf etmiş ölkələrdən çox yüksəkdir. İsveç bu göstəricilər üzrə dünyada aparıcı yeri tutur.
Qloballaşma ilə əlaqədar yeni tarixi şəraitdə Skandinaviya ölkələrinin iqtisadi siyasətində dəyişikliklər baş verir. Lakin bütün hallarda insan faktoru əsas götürülür. İqtisadi siyasətə dəyişiklik edərkən dövlət iqtisadiyyatdan tamamilə getmir, yalnız dövlət tənzimlənməsinin vektorlarını dəyişir. Əgər dövlət əvvəllər daha çox sosial vəsifələrin yerinə yetirilməsinin üzərinə götürürdüsə, hazırda dövlət prioritet vəzifə kimi iqtisadiyyatın modernizasiyasını götürür. Məsələn, İsveç açıq iqtisadiyyat prinsipinə sadiq qalaraq Ümumdünya Ticarət Təşkilatının (ÜTT), Beynəlxalq Valyuta Fondunun (BVF), İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT), Avropa İttifaqının (Aİ) və s. üzvüdür. Qlobal dünyada iqtisadiyyatın rəqabət qabiliyyətini gücləndirmək üçün xarici iqtisadi strategiyasını işləyib hazırlayır, sahibkarlıq fəaliyyətinin tənzimlənməsinin mükəmməl qanunvericilik bazasını yaradır, Elmi-tədqiqat təcrubi konstruktor işlərini həvəsləndirir, investisya siyasətinin istiqamətlərini işləyib hazırlayır və bütün bunların əsasında milli təsərüfatın inkişafının prioritetlərini müəyyənləşdirir.
Müasir İsveç iqtisadi modeli innovasiya iqtisadiyyatının yaradılmasına əsaslanır, cəmiyyətdə demokratik azadlıqlar saxlanılmaqla sahibkarlıq sektoru fəallaşdırlır. Xüsusi sektor əhalinin sosial təminatlarının bir çox funksiyalarını öz üzərinə götürür. Dövlətin müdafiəsinə əsaslanaraq xüsusi sektor innovasiya fəaliyyətində fəal rol oynayır. Dövlət isə əhalinin sosial müdafiəsi prinsipini və rifah səviyyəsinin saxlanılmasını yerinə yetirməklə eyni zamanda iqtisadi resurslarını mərkəzləşdirməklə innovasiya inkişaf yolunu seçir və bununla da Avropa və dünyanın iqtisadi məkanına inteqrasiya uğurla aparır.