16 İyun 2017
Mətni dəyiş
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyev sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, təqsirləndiriləndən Bayram Vəliyev məhkəmə gətirilməyib: "Bayram Vəliyevin yüksək şəkəri qalxdığı üçün onun məhkəməyə gətirilməsi mümkün olmayıb. 1 nəfərin iştirakı olmadan proses aparıla bilməz".
"Aztelekom"un sabiq sədri Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev etiraz edib: "Proses davam eləsin. Vəkillər çıxış eləsin. Yalandan bu prosesi uzatmaq mənasızdır. Əgər gəlməyəcəkdisə, bu biri təqsirləndirilən şəxsləri də bu boyda yolu gətirməyəydilər".
Hakim bildirib ki, təqsirləndirilən şəxslərdən birinin iştirakı olmadan proses davam etdirilə bilməz.
Məhkəmə prosesi iyunun 21-ə kimi təxirə salınıb.
Xatırladaq ki, prokuror Fərid Nağıyev çıxışı zamanı Vidadi Zeynalova 14 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəhbəri Beytulla Hüseynova 15 il, BTRİB-in baş mühasibi Anar Mustafayevə 8 il, "Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədova və "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədova 12 il, "Azərpoçt" sabiq direktoru Qəmbər Bəybalayevə 10 il cəza istəyib.
Həmçinin prokuror digər təqsirləndirilən şəxslər - "Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyevə, "Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin mühasibi Səhrab Hümbətova "Aztelekom"MMC-in direktoru Məhəmməd Məmmədov, "Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova , “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərovun hər birinin barəsində 5 il 11 ay cəza istəyib. Onlar barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) tədbiq edilsin və 3 sınaq müddəti seçilməsini tələb edib.
Qeyd edək ki, Baş Prokurorluq tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun 2009-2015-ci illərdə arvadının təsisçisi olduğu “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, yaxın münasibətlərdə olduğu “3 nömrəli Rabitə Təmir Tikinti”, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov və birliyin baş mühasibi Anar Mustafayevlə qabaqcadan əlbir olub yeni rabitə xətlərinin çəkilməsi, binaların, qurğuların təmiri-tikintisi və sair işlərin yerinə yetirilməsi üçün onların hesablaşma hesablarına köçürüləcək pul vəsaitlərinin işlərin həcmindən asılı olaraq 35-45% həcmində hissəsinin nağdlaşdırılaraq B. Hüseynovun özünə verilməsi barədə razılığa gəliblər. B. Hüseynov tabeliyində olan qovşaqların formal olaraq keçirdikləri tenderlərdə vəzifə saxtakarlığı ilə həmin məhdud məsuliyyətli cəmiyyətlərin qalib elan olunaraq müqavilələr bağlanmaqla və faktiki işlərin tam icra olunmadığı halda, o cümlədən internet xidmətinin təmin edilməsi üçün fiber-optik kabel xətlərinin çəkilişi zamanı işlərin faktiki olaraq telefon qovşaqları tərəfindən aparıldığı halda guya həmin işlərin faktiki özünə məxsus olan müəssisələr tərəfindən görülməsi və işlərin həcminin artırılması barədə saxta sənədlərin tərtib edilməsi yolu ilə adıçəkilən MMC-lərin hesabına köçürülmüş ümumilikdə 71 milyon 263 min manat məbləğində vəsaitin 21 milyon 379 min manatını mənimsəməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmalarında şübhələr üçün əsaslar müəyyən edilib.
Bununla yanaşı, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdəç olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib.
Cinayət işi üzrə nazirliyin strukturuna daxil olan “Aztelekom” MMC, “AzİnTelekom” MMC, “Azərpoçt” MMC, Məlumat Hesablama Mərkəzi və özəl şirkət “Optik Rabitə Tikinti və Quraşdırma” MMC-nin fəaliyyətində də mənimsəmə və israf etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı faktları müəyyənləşib.
İş üzrə Beytulla Hüseynov, Anar Mustafayev, Emin Məmmədov, Bayram Vəliyevə və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmova Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Vidadi Zeynalova, həmçinin “AzİnTelekom” MMC-nin baş direktoru Cəlil Cəfərov