29 İyun 2017
Mətni dəyiş
Altı müsəlman ölkəsindən gələnlər Birləşmiş Ştatlarda valideyni, yaxud qardaşı varsa, bu ölkəyə daxil ola bilərlər. Ancaq bu qohum nənə-baba, yaxud əmi-xala uşağıdırsa, onda onlara qadağa qoyulacaq. Medianın yazdığına görə, iyunun 29-dan qüvvəyə minən qaydalarla bağlı belə bir detal da üzə çıxıb.
Həftənin əvvəlində ABŞ Ali Məhkəməsi prezident Donald Trump-ın səyahət qadağasının tətbiqinə icazə verdi. İyunun 29-dan Yaxın Şərq və Şimali Afrikanın altı ölkəsindən bütün qaçqınlara və səyahətçilərə müvəqqəti qadağa qoyulur.
«Reuters» və AP agentlikləri yazıblar ki, «yaxın qohumlar» deyəndə, valideynlər, həyat yoldaşları, övladlar, kürəkənlər və gəlinlər, ögey övladlar nəzərdə tutulur. Qalanlar yaxın qohum sayılmır.
Qadağalar İran, Suriya, Yəmən, Sudan, Somali və Liviyadan gələnlərə aiddir.