Toğrul Əsgərovun Türkmənistan yığmasını təmsil edəcəyinə dair iddia ortaya çıxıb

Toğrul Əsgərovun Türkmənistan yığmasını təmsil edəcəyinə dair iddia ortaya çıxıb
29 İyun 2017
Mətni dəyiş
Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovun Türkmənistan yığmasının şərəfini qoruyacağına dair iddia ortaya atılıb.
"Report"un məlumatına görə, bu barədə 25 yaşlı pəhləvana məxsus "Facebook" səhifəsi vasitəsilə paylaşım edilib.
Həmin paylaşımda "Azərbaycan üçün böyük itki: Toğrul Əsgərov artıq Türkmənistan yığmasında çıxış edəcək" yazılıb. İdmançının özü isə dünya çempionu Hacı Əliyevlə birgə həqiqətən də Türkmənistanda olduğunu bildirən şəkil paylaşıb.
Azərbaycan milli komandasının baş məşqçisi Firdovsi Umudov "Report"a bildirib ki, hər iki sərbəst güləşçi Türkmənistan Güləş Federasiyasının tədbirinə dəvət aldıqları üçün Aşxabadda olub. Lakin F.Umudov T.Əsgərovun Türkmənistan yığmasında çıxış edəcəyinə inanmadığını bildirib: "Bu gün Toğrul İstanbula əməliyyat olunmağa yollanıb. Bakıya qayıdandan sonra özü ilə danışacağıq. İnanmıram ki, belə bir qərar versin. O, gözümüzün qarşısında yetişib. Əsgərovu heç yerə buraxmayacağıq".
H.Əliyev isə "Report"a açıqlamasında T.Əsgərovun Türkmənistandan təklif aldığını təsdiqləyib: "Mənə yox, Toğrula təklif oldu. Onun təklifi qəbul edib-etmədiyini bilmirəm. Bu barədə heç nə deyə bilmərəm. Özü Bakıya sabah qayıdacaq. Əsgərovdan soruşarsınız, hər şeyi deyər".
Qeyd edək ki, Toğrul Əsgərov 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsində qızıl medal qazanıb. O, həmin il Avropa çempionu, 2015-ci ildə isə Bakıda keçirilmiş I Avropa Oyunlarının qalibi olub. Ötən ay onun adı Dünya Güləş Birliyinin antidopinq qaydalarını pozduqları üçün cəzalandırılan idmançılar siyahısına düşüb və 17 aprel 2018-ci ilədək diskvalifikasiya olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun