Müsavat başqanı Əfqan Muxtarlı ilə bağlı Avropalı müttəfiqlərinə müraciət edib

Müsavat başqanı Əfqan Muxtarlı ilə bağlı Avropalı müttəfiqlərinə müraciət edib
3 İyun 2017
Mətni dəyiş
İyunun 3-də Sloveniyanın Vlyublyana şəhərində Müsavat Partiyasının da üzv olduğu Avropa Liberal Demokratlar İttifaqının (ALDE) konfransı keçiriləcək.
Abzas.net xəbər verir ki, Müsavat Partiyasının başqanı Arif Hacılı bu konfrans ərəfəsində ALDE-dəki müttəfiqlərinə jurnalist Əfqan Muxtarlının Gürcüstanda oğurlanması və Azərbaycanda həbs edilməsi ilə bağlı müraciət edib.
Müraciətdə deyilir ki, ALDE-yə daxil olan siyasi təşkilatlar arasında ən çətin şərtlərlə, sərt avtoritar sistemə qarşı mübarizə aparan Müsvat Partiyası adından iştirakçıları salamlayır, toplantıya uğurlar arzu edir:
"Azərbaycanda avrointeqrasiyanın əsas tərəfdarı, liberal dəyərlərin əsas təmsilçisi olan təşkilatın lideri olaraq sizlərə vacib hadisə ilə bağlı müraciət edirəm, Əziz liberal dostlar, uzun illərdir Azərbaycanda demokratlara qarşı təzyiqlər, həbs və təqiblər artıq beynəlxalq müstəviyə keçdiyi üçün düşünürəm ki, beynəlxalq səviyyədə, ALDE, Avropa Birliyi, təmsil olunduğunuz hökümətlər səviyyəsində bu məsələyə münasibət bildirilməsi, çağrışların edilməsi faydalı olar".
Sənəddə bildirilir ki, Azərbaycan hakimiyyətinin təqiblərindən Gürcüstan dövlətinə sığınan müstəqil jurnalist, hüquq müdafiəçisi Əfqan Muxtarlı mayın 29-da Gürcüstnın paytaxtından oğurlanaraq Azərbaycana təhvil verilib. Ona fiziki, mənəvi, pisixoloji işgəncə verilib və haqqında uydurma ittiham irəli sürülərək həbs edilib.
"Uğrunda mübarizə apardığımız dəyərlərin, insan hüquq və azadlıqlarının, beynəlxalq hüququn və konvensiyaların kobud şəkildə pozulmasıyla həyata keçirilən bu hadisəyə ALDE olaraq münasibət bildirməyimizin faydalı olacağına inanıram. Son zamanlar ruhlanan populistlərin, aşırı sağçıların və diktatorların durdurulmasının yeganə yolu mütərəqqi insanların və təşkilatların birlikdə mübarizə aparmasından, biri-birinə dəstəyindən asılıdır".
Partiya başqanı sonda bildirib ki, o əmindir ki, dünyada xof yaradanlar deyil, insan haqlarını, azadlıqları əsas tutan, bu istiqamətdə vuruşan tərəflər gələcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun