Medianın durumu: həbslər, təzyiqlər... - Ələsgər Məmmədli
16 İyun 2017
Mətni dəyiş
Ələsgər Məmmədli
Son günlər ard-arda baş verən hadisələr prosesin normal axınından uzaqlaşdığını aydın göstərir.
Dünya mətbuat azadlığı günü ərəfəsində Azərbaycanın ilk internet tv-lərindən biri olan Kanal 13-ün rəhbəri Əziz Orucova qarşı çox gülünc bir iddia ilə 30 gün inzibati həbs verildi. Guya onu axratışda olan kiminləsə oxşar olduğuna görə polis saxlayıb, lakin o polisə müqavimət göstərib. Halbuki Əziz Orucov jurnalist xanımı Lamiyyə Çerpanova ilə birlikdə işə gedərkən onları təqib edən polis saxlamış və şöbəyə aparmışdı. Hər hansı qarşıdurma, müqavimət olmamış, buna baxmayaraq saxlanmasına "hüquqi səbəb” uydurmaq üçün belə bir fərziyə qondarılaraq həbsə atıldı.
Bizdə çox yerində atalar sözləri var. Onlardan biri də, "oğurluqla, quldurluq 40 gün çəkməz, açılar!”, - məsəlidir. Əzizin həbsində də belə oldu. 30 günlük inzibati həbsin son günündə onu yenidən istintaqa çəkdilər və bu dəfə ağır cinayətlə suçlayaraq, Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət məsuliyyətinə cəlb etdilər. Bu dəfə də Əzizi hüquqi baxımdan heç bir məsuliyyəti olmayan və heç bir vaxt heç bir imza səlahiyyəti olmadığı, sadəcə, həmtəsisiçisi olduğu "Qafqaz Media Resurs Mərkəzi” İctimai Birliyinin hansısa "fəaliyyətinə görə” 2014-cü ildə açılmış məşhur QHT cinayət işi çərçivəsində suçladılar. Lakin rəsmi ittiham bu olsa da, "Kanal 13"ün digər jurnalistlərinin də istintaqa cəlb olunması xoruzun quyruğunu göstərdi. Əzizin birbaşa "Kanal 13"ün fəaliyyətinə görə həbs edildiyi danılmaz fakt kimi ortadadır.
Mayın 22-də daha bir inzibati həbslə regionda fəaliyyəti ilə təqdir toplayan, qorxmadan həqiqətləri söyləyən, bir neçə müstəqil media qurumu ilə sərbəst əməkdaşlıq edən jurnalist-bloger Nicat Əmraslanov yenə uydurma səbəblə yaşadığı Qazax rayonunda eyni "növbətçi maddə ilə” polisə müqavimət maddəsi ilə 30 sutkalıq inzibati həbsə məhkum edildi.
Nicata qarşı pis rəftara və işgəncəyə yol verildiyini söyləyən vəkili Elçin Sadıqovdan Gəncə Apelyasiya Məhkəməsində vəkilin və jurnalist Xədicə İsmayılın gözü qarşısında hakim köməkçisi imtina ərizəsi yazdırdı. Xədicə İsmayıl mobil telefonu ilə bu görüntüləri lentə alıb paylaşaraq ictimailəşdirsə də heç bir qurum, o cümlədən Omdudsman buna reaksiya verməyərək, bunu adi hal kimi qarşıladı. Nicatın dişlərinin tökülməsi, sağ əlinin qıc olması müşahidə olunsa da bununla bağlı prokurorluq nədənsə araşdırma aparmaq, yaxud hətta ənənəyə çevrilən "bəyanat” vermək kimi davranışlardan uzaq qaldı.
Belə gedərsə, 30 günlük inzibati həbsin yekunlaşmasına günlər qala yeni bir qondarma "cinayət işinin” açılması və Nicatı da Əziz kimi "cinayətkar” elan edərək, ağır cinayətdə suçlamaları artıq sürpriz olmayacaq.
Mayın 29-da daha böyük "bomba” partladıldı. Araşdırmaçı jurnalist Əfqan Müxtarlı yaşadığı Tbilisi şəhərində gecə evinin önündən q yoxa çıxdı. Hər kəs onun axtarışına başladıqdan sonra, məlum oldu ki, Gürcüstanın rəsmi uniformada olan şəxsləri onun başına torba keçirib, oğurlayıb, sonra vəhşicə döyüb və 3 saatlıq müddətdə 2 avtomobil və heyət dəyişərək, Azərbaycan DSX-ə təhvil veriblər. DSX isə guya Əfqanın sərhəddi könüllü qanunsuz keçdiyi və qaçaqmalçılıqla məşğul olduğu üçün saxlayıb, Cinayət Məcəlləsinin 3 maddəsi ilə ittiham irəli sürdü.
Bu qondarma cinayət işi də uzun sürmədən cəmiyyətə məlum oldu ki quramadır. Tamamilə qanunsuz adam oğurluğu baş verib. Gürcüstanın Prezidenti səviyyəsində bu etiraf edildi. Qısa müddət keçməmiş Azərbaycanın Milli Məclisinin deputatı Elman Nəsirov da istintaqın versiyasının saxta olduğunu bilmədən etiraf etmiş oldu. Doğrudur, Baş Prokurorluq Elman Nəsirovun "yalan” danışdığını bir Bəyanatla bəyan etsə də, əməli ilə Elman Nəsirovun doğru dediyini təsdiqləyən addımlar atdı.
Ölkədə media azadlığının vəziyyəti hər gün bir az daha ağırlaşır
Dünən, 14 iyun tarixində jurnalist Sevinc Vaqifqızı məhz Əfqan Müxtarlı işinə görə bir neçə saat Prokurorluqda dindirildi. Müstəqil jurnalistin istintaqa cəlb edilməsinin rəsmi ittiham olan "sərhəddi qanunsuz keçmək, bəyan etmədən pul daşımaq və yaxalanarkən rəsmi şəxslərə müqavimət göstərmək”lə heç bir məntiqi və hüquqi əlaqə qurmaq mümkün deyil.
Amma Elman Nəsirovun qeyri-rəsmi iddiası ilə birbaşa bu əlaqə mümkündür. Çünki, deputat məhz bunu iddia etmiş, Əfqanın hansısa şəbəkəyə xidmət etdiyini bu məqsədlə iki ölkənin təhlükəsizlik gücləri tərəfindən "uğurlu əməliyyatla” gətirldiyini bəyan etmişdi.
Qeyd etməliyəm ki, dünən daha bir tanınmış jurnalist Şahvələd Çobanoğlu da yenə istintaqa dəvət edilmiş və başqa oxşar bir işlə bağlı Gözəl Bayramlı işi ilə əlaqəli dindirilmişdir. Dünən media və jurnalistlər üçün ümumiyyətlə ağır günlərdən biri kimi geridə qaldı.
2016-cı ilin 30 iyun tarixində xüsusi əməliyyat qurularaq həbs edilən və Cinayət Məcəlləsinin 182-ci maddə ilə ittiham olunan Fikrət Fərəməzoğlu 7 il azadlıqdan mərhum edildi. Onun "3000 manat almasına görə” 7 il məhkum edilməsi ayrıca, 2 illik də jurnalist fəaliyyəti ilə məşğul olmaq qadağasının gətirilməsi açıq göstərir ki, bu həbslərin əsas istiqaməti media fəaliyyətlərinə yönəlib.
Görüldüyü kimi ifadə azadlığına qarşı, onun təmsilçiləri olan jurnalistlər və blogerlərə qarşı gedərək artan bir basqı müşahidə olunur. Jurnalist və blogerlərə qarşı qondarma-qurama cinayət işləri, qanunsuz həbslər, pis rəftara və işgəncələrə yol vermələr artan nisbətdə davam edir.
Burda məhkəmə və hakimlərin davranışını xüsusi qeyd etmək yerinə düşər. Daha əvvəllər də hakimlər əsasən jurnalistlərə qarşı olan sifarişli işlərdə notarius funksiyası yerinə yetirirdilər. Prokurorun hazırladığı ittiham aktını təsdilqəməklə işlərini bitirirdilər. İndi isə hakimlərin davranışı artıq ikrahdoğurucu dərəcədədir. Hətta rəsmi ittiham üçün lazım olan "formallığa” belə əhəmiyyət vermədən, suçsuz insanları həbsə göndərməkdən vicdan əzabı çəkmir, eyni ilə hüquqsuzluğa yol verərək, yeni sağalmaz yaralar açır, hakim adını ləkələyirlər.
Yuxarıda qeyd edilənlər sadəcə basqıların istiqamətlərindən biridir. Media azadlığını, ifadə azadlığını təhdid edən fəaliyyətlərin miqyası daha genişdir. Xüsusilə may ayında Nəqliyyat, rabitə və yüksək texnologiyalar Nazirliyinin iddiası ilə cəmiyyəti alternativ informasiyalarla təmin edən, tənqidi istiqamətləri qabardan internet resursları, azadlıg.orq, azadlıq.info, azərbaycansaatı.com, turan.tv və meydan.tv saytları "konstitusiyalı quruluşu devirməkdə” ittiham edilərək Səbail məhkəməsinin qərarı ilə bağlandı.
Bir ay boyunca heç bir hüquqi normaya isnad edilmədən bütün səsli-görüntülü internet xidməti göstərən whatsapp, facebook massanger, skype, viber və digər resurslar məhkəmə qərarı olmadan nazirlik tərəfindən əngəlləndi.
Son bir ayda bir neçə media resursun rəhbəri, redaktoru prokurorluğa çağırılaraq xəbərdarlıq edildi və xüsusilə ordudan yazmamaları tənbeh edildi. Bir sözlə, medianın hökumətə ictimai nəzarət etmək funksiyası hökuməti gedərək daha çox narahat etdiyi müşahidə edilir. Hətta daha neytral fəaliyyət göstərən qurumlar belə təzyiq altına düşməyə başlayıb.
Belə gedərsə, yaxın zamanlarda bütün səslərin kəsilməsi sürpriz olmayacaq.
Yazı Ələsgər Məmmədlinin şəxsi bloqundan götürülüb. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.