Litva Parlamentinin önündə Əfqan Muxtarlı ilə bağlı aksiya keçirilib

Litva Parlamentinin önündə Əfqan Muxtarlı ilə bağlı aksiya keçirilib
12 İyun 2017
Mətni dəyiş
İyunun 12-də “Müsavat” Partiyasının üzvləri Litva Parlamenti önündə etiraz aksiyası keçiriblər. Onlar başlarına qara torba keçirib, əllərində isə jurnalist Əfqan Muxtarlının fotolarını tutublar.
Etirazlarının Tbilisidə həbs olunaraq Bakıya gətirilən Əfqan Muxtarlının oğurlanmasına görə olduğunu deyirlər:
“Əfqan Muxtarlının Gürcüstanda oğurlanaraq Bakıya gətirilməsi bir daha göstərdi ki, Azərbaycanda insan haqları yoxdur. Ölkədəki aktivistlər, haqqını tələb edənlər həbs edilir, hökumətin təqibinə məruz qalırlar”, - deyə aksiya iştirakçılarından biri deyir.
Aksiyaçılar Əfqan Muxtarlının həbsinə etiraz edir, hökumətdən onu azad etmələrini tələb edirlər:
“Biz inanırıq ki, səsimizi eşitdirə biləcəyik. Ən azından burada olan deputatlar bizim nəyə etiraz etdiyimizi bildilər. Bayaqdan 1-2 nəfər yaxınlaşıb problemimizin nə olduğunu soruşub. Biz onlara Azərbaycanda baş verənlər barəsində məlumat verdik, bundan sonra yaxınlaşan olsa onları da məlumatlandıracağıq.
Əfqan Muxtarlının Gürcüstandan Azərbaycana qanunsuz aparılmasını bütün dünya, Avropa bilsin istəyirik. Bəlkə onlar bir tədbir görər, Azərbaycana, oradakı məmurlara sanksiyalar tətbiq edərlər. Bundan sonra da bacardığımız qədər müxtəlif aksiyalar keçirəcək, Azərbaycandakı durumu dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq”, - aksiya iştirakçıları belə deyir.
Sonda etirazçılar bütün dünya ictimaiyyətinin Əfqan Muxtarlını jurnalist hesab etdiyi halda, Azərbaycan hakimiyyətinin onun boynuna müxtəlif cinayətləri qoymasını pisləyib, hökuməti onu dərhal azadlığa buraxmağa səsləyiblər.
Jurnalist Əfqan Muxtarlı mayın 29-u saxlanıb. O, Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun