30 İyun 2017
Mətni dəyiş
Azərbaycanın Hollandiyadakı keçmiş səfiri Arif Məmmədov axtarışa verilib. Axtarış xəbəri ilə bağlı Arif Məmmədov "Azadlıq"a açıqlama verib.
Diplomat bildirib ki, onun barəsində axtarış elan edilməsi çox qeyri-ciddi hərəkətdir. Ona görə məsələ ilə bağlı ciddi reaksiya verməyin nə qədər doğru ola biləcəyini təxmin edə bilmir:
"Orada adamların, yəni bu axtarış hoqqasını elan edən adamların beyinlə düşündüklərinə inanmaq mənim üçün çətindir. Yəni, mənim barəmdə axtarış elan edilməsi nə deməkdir ki? Axtarışı elan edənlərin özlərinə soruşsaz, onlar da düz-əməlli bir cavab verə bilməzlər. Buna görə də mən də bu mənasız tədbirlə bağlı tutarlı bir cavab axtarmağa çalışmıram. Görünür, mənim hərəkətlərimi məhdudlaşdırmaq istəyirlər ki, Qərbi Avropa ərazisindən kənara çıxmayım".
"Tapa bilməsələr mənə yardım üçün müraciət etsinlər"
A.Məmmədov deyir ki, ola bilər bu yaxınlarda AND hərəkatının iclasının Tbilisidə keçirilməsi xəbəri də hökuməti çaşdırıb. Amma hətta bunu nəzərə alıblarsa belə, yenə də mənasız düşüncədir.
"Buna görə də, bu xəbərin üzərindən yumorla keçməyə üstünlük verirəm, baxmayaraq ki, axtarış qərarı verənlərin yumor hisslərinin olduğuna şübhə edirəm. Əgər axtarış elan ediblərsə, o zaman axtarsınlar. Tapa bilməsələr, mənə xəbər eləsinlər. Bəlkə, bir yardımımız ola bildi".
Xatırlatma
1964-cü il təvəllüdlü Məmmədov Arif Zahid oğlu barəsində Azərbaycan Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə - külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başladılıb və Azərbaycanda olmadığına görə barəsində axtarış elan edilib.
A.Məmmədov 2000-ci ilin mayından 2006-cı ilin noyabrına kimi Brüsseldə Azərbaycanın Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri işləyib.
2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrına kimi də Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi kimi fəaliyyət göstərib.
2013-cü ilin iyun ayından etibarən isə Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri olub.
2015-ci ilin mayında Binəqədi rayonunda hündürmərtəbəli binada 15 nəfərin ölümü ilə nəticələnən yanğından sonra o, hakimiyyəti sərt tənqid etməyə başlamışdı. Yanğına əsas səbəb kimi binanın üzərinə çəkilmiş penoplast üzlüklər göstərilirdi. İctimaiyyət arasında bəzi tanınmış simalar belə bu hadisəni korrupsiya üzündən baş verən yanğın hadisəsi kimi dəyərləndirirdilər.
Səfir A.Məmmədov da belə tənqidlərdən sonra vəzifəsindən azad edilib geri çağırılsa da, Bakıya qayıtmayıb.