Johannes Hahn: "Azərbaycan vətəndaş cəmiyyətini əmin edirəm ki..."
16 İyun 2017
Mətni dəyiş
"Fikrini ifadə etdiyinə görə həbs olunanların hamısı azad edilməlidir. Əlbəttə, siyasi rəhbərliklə aparılan bütün görüşlərimdə bu məsələləri açıq şəkildə müzakirə edəcəyəm".
Avropa Birliyinin (AB) Bakıda səfərdə olan komissarı Johannes Hahn Azərbaycanda həbsdə olan fəalların durumu ilə bağlı "Turan" agentliyinə müsahibəsində belə deyib.
O, jurnalist Əfqan Muxtarlının Gürcüstandan müəmmalı şəkildə Bakıya gətirilməsinə, AXCP sədrinin müavini Gözəl Bayramlının həbsinə də toxunub.
"Məsələləri açıq şəkildə debata çıxara bilməyən cəmiyyət tərəqqi üçün lazım olan yeni iqtisadi və sosial ideyalar yarada bilməz. Fundamental azadlıqların təmin edilməsi vacibdir. Qaçırılma və qanunsuz saxlanma cinayətdir və bu məsələdə məsuliyyəti olanların tam aydınlığa çıxarılmasını gözləyirik", - komissar vurğulayıb.
"İQTİSADİ ƏMƏKDAŞLIQ VƏ İNSAN HAQLARI BİR-BİRİNƏ RƏQİB DEYİL"
J.Hahn rəsmi Bakı ilə Brüssel arasında gələcək tərəfdaşlıq sazişi ilə bağlı ikitərəfli danışıqlar haqda sualları da cavablandırıb:
"Bu həftə Bakıda aparılan tərzdə beynəlxalq danışıqlar, bir qayda olaraq, məxfi olur və mən spesifik məqsədləri şərh edə bilmərəm. Lakin təbii ki, hər iki tərəf üçün qəbulolunan və faydalı razılıq əldə edilə biləcəyinə inanmasaq, bu gün bu danışıqları aparmazdıq. Bizdən ötrü iqtisadi əməkdaşlıq, demokratiya və insan haqları bir-birinə rəqib deyil. Tamamlayıcı sahələrdir - bu sahələrdə aparılan işlər bir-biri ilə əlaqəli şəkildə həyata keçirilməlidir.
Düzgün işləyən qanunun aliliyi sistemi olmadan nə sabitlik, nə də iqtisadi inkişaf mümkündür. Azərbaycan öz iqtisadiyyatını diversifikasiya etmək istəyir. Buna nail olmaq üçün çoxsaylı şərtlərdən biri kimi yeni müəssisələrin yaranması məqsədilə ixtisaslaşmış işçi qüvvəsi və biznes mühitinə ehtiyac var. Yaxşı idarəçilik, qanunun aliliyi sərmayə və müsbət biznes mühiti baxımından zəruri şərtlərdir. Həm Azərbaycan, həm də AB-nin maraqlarına xidmət edəcək, eləcə də AB-nin fundamental dəyərlərlə bağlı standartlarına cavab verəcək sazişin əldə ediləcəyinə inanıram".
Komissar səfər gündəliyi haqda danışıb, onun kifayət qədər geniş olduğunu ifadə edib.
"Prezident İlham Əliyevlə görüşmüşəm, xarici işlər naziri Elmar Məmmədyarov və iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşlərim olacaq", - deyən J.Hahn Azərbaycanın iqtisadiyyatı diversifikasiya etmək səylərinin müsbət hal olduğunu bildirib.
"DEMOKRATİK İSLAHATLAR, İNSAN HAQLARI.. YENƏ DƏ ÖNDƏ DURUR"
"Bu strategiyada mühüm rol oynayan Bakı Limanına da baş çəkəcəyəm. Biznes və beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə də görüşəcək və keçən həftə Bakıda baş tutmuş AB-Azərbaycan biznes forumu ilə əlaqədar məsələləri, iqtisadi artımı gücləndirmək yollarını müzakirə edəcəyəm.
Sonda isə digər bir əhəmiyyətli görüş təşkil ediləcək - bütün səfərlərimdə olduğu kimi, vətəndaş cəmiyyəti nümayəndəli ilə görüşəcəyəm. Onları əmin etmək istəyirəm ki, demokratik islahatlar, insan haqları, fundamental azadlıqlar məsələləri hazırkı danışıqlar və yenilənmiş Avropa Qonşuluq Siyasəti kontekstində Avropa Birliyinin gündəliyində yenə də öndə durur", - o vurğulayıb.