16 İyun 2017
Mətni dəyiş
Müsavat Partiyasının keçmiş başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Baş Prokurorluğun Ağır Cinaytələrə dair İşlər üzrə İstintaq İdarəsində jurnalist Əfqan Muxtarlının cinayət işi üzrə şahid qismində dindirilib.
İsa Qəmbər dindirmədən sonra jurnalistlərə açıqlamasında bildirib ki, prokurorluq bu işi özlərinin uydurduğu versiyanın ətrafında guya hansısa bir ciddi araşdırma işinin getdiyini nümayiş etdirir.
"Prokurorluq gerçək cinayətləri araşdırmalıdır, ictimai və siyasi fəallara, fərqli düşünənlərə qarşı mənasız cinayət işlərinı son qoymalıdır. Məntiqsiz, mənasız cümlələrdir. Özləri bir şey uydurub. Mən də dedim uydurmusunuz. Mən prokurorluğun Əfqan Muxtarlının öz xoşu ilə sərhədi keçməsi, gedib-gəlməsi, pul gətirməsi kimi cəfənglərinə inanmadığımı bildirdim. Əfqan Muxtarlının özünün səsləndirdiyi versiyanın həqiqət hesab etdiyimi dedim. Bunlar isə çalışırlar ki, özlərinin uydurduğu versiyanın ətrafında guya hansısa bir ciddi araşdırma işinin getdiyini nümayiş etdirsinlər. Bu mənasızdır. Artıq, bütün dünya Əfqanın Tbilisinin mərkəzindən oğurlandığını və Azərbaycana təhvil verildiyini bilir. Dünən Avropa Parlamentinin qətnaməsi də bu yöndə oldu. Dünyada hər kəsin bildiyi bir həqiqəti kənara qoyub uydurma bir versiyanın ətrafında guya istintaq işinin aparıldığını iddia etmək özünə hörmət edən hüquq işçisinə yaraşmaz, Azərbaycan hüquq işçilərin özlərinə haqda nə düşünürlər, bu da onların problemidir”,- deyə bildirib.
Jurnalist Ə.Muxtarlı mayın 29-da yaşadığı Gürcüstandan zorla Azərbaycana gətirildiyi bildirilir. Deməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıdakı rəsmi qurumlar onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını deyir. Rəsmi məlumata görə, bu zaman jurnalist hüquq-mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib. Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı bir sıra araşdırma yazılarının müəllifidir.