Hüquq müdafiəçisi Oktay Gülalıyev prokurorluğa çağırılıb

Hüquq müdafiəçisi Oktay Gülalıyev prokurorluğa çağırılıb
19 İyun 2017
Mətni dəyiş
Hüquq müdafiəçisi Oktay Güləliyev prokurorluğa çağırılıb. Bu haqda hüquqmüdafiəçisi sosial şəbəkədə məlumat yayıb.
"Sabah, 20 iyun saat 10.00- a Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırdılar", deyən hüquq müdafiəçisi çağırışın əsası ilə bağlı ona rəsmi bilgi verilmədiyini bildirib.
"Ancaq güman edirəm ki, çağırış Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Gözəl Bayramlının və jurnalist Əfqan Muxtarlının işi ilə bağlıdır. Yəqin ki, bu işlərlə bağlı ifadə etdiyim mövqeyə və yazılarıma görə çağırıblar", o, əlavə edib.
Hüquq müdafiəçisi prokurorluğa gedəcəyini, sözügedən işlərin qurama olmasını düşündüyündən prokurorluqda etirazını ifadə edəcəyini söyləyib.
Bundan öncə AXCP sədri Əli Kərimli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvləri Gültəkin Hacıbəyli, Eldəniz Quliyev, Müsavat Partiyasının sabiq və hazırkı başqanları İsa Qəmbər və Arif Hacılı, jurnalistlər Şahvələd Çobanoğlu, Sevinc Vaqıfqızı G.Bayramlı və Ə.Muxtarlı işləri üzrə prokurorluğa çağırılaraq dindiriliblər.
Gözəl Bayramlı mayın 25-i axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-sı Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib. Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı bildirilir.
G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini olduğu Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Onun sözlərinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, jurnalist bildirirdi ki, sərhəddə cibinə 10 min avro qoyulub.
Ə.Muxtarlı Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə və ya zor tətbiq etmədə ittiham olunur. Bundan başqa, ona 318.1, 206.1 maddələri ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Əfqan Muxtarlı haqda ilkin istintaq dövrü üçün məhkəmənin qərarı ilə 3 aylıq həbs verilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun