Həbsdə olan keçmiş OMON komandirinin vəziyyəti ağırlaşıb

Həbsdə olan keçmiş OMON komandirinin vəziyyəti ağırlaşıb
9 İyun 2017
Mətni dəyiş
Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölgəsi üzrə sabiq komandiri, Qarabağ müharibəsi əlili, 21 ildir Qobustan həbsxanasında ömürlük məhbus həyatı yaşayan Elçin Əmiraslanov artıq iyunun birindən etibarən aclıq aksiyasına başlayıb.
Bu barədə Qarabağ Azadlıq Təşkilatının sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağı Modern.az-a  açıqlama verib:
“Elçin Əmiraslanov iyunun birindən etibarən aclıq aksiyasına başladı və artıq 9 gündür ki, bu davam edir. Vəziyyəti həddindən artıq ağırdır. Onunla  iki gün bundan qabaq telefon vasitəsilə əlaqə yarada bildik. Səsindən də hiss olunurdu ki, səhhəti yaxşı deyil. Təcili tibbi müalicə müəssisəsinə köçürülməlidir. Amma təəssüf ki, bu günə qədər nə Ədliyyə Nazirliyindən, nə də Penitensiar Xidmətdən hər hansı reaksiya verilib.  Ədliyyə Nazirliyinin tibbi  xidməti idarəsi var. Ancaq heç birindən nəsə görə bilmirik”.
Akif Nağı bildirib ki, cəmiyyət də, mətbuat da bununla maraqlanmalıdır.
“Hüquq müdafiəçiləri də hansısa problemlə bağlı dərhal addım atsalar da, bununla bağlı konkret  nəsə etməyiblər. Bu adam 9 gündür aclıq aksiyasına başlayıb, amma hələ də bir müdafiəçi onunla maraqlanmayıb. Elçin Əmiraslanovun vəziyyəti onların maraq obyektində deyil.
Bu adam Qarabağda vuruşub, canını ortaya qoyub.  Elçin Əmiraslanova qarşı bu nə münasibətdir, başa düşmürəm. Təəssüf doğuran bir situasiyadır. Onun səhhətində problemlər var, müalicə olunmalıdır. Burda başqa məqsəd yoxdur ki?!”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun