2 İyun 2017
Mətni dəyiş
Bakı Apellyasiya Məhkəməsi AXCP sədrinin müavini Gözəl Bayramlı barədə Səbael rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçməsi ilə bağlı qərarından məhkəmə nəzarəti qaydasında verilmiş şikayəti təmin etməyib. Məhkəmə prosesinə hakim Abid Abdinbəyov sədrlik edib.
Bu günki prosesdə vəkillər Elçin Sadıqov, Əsabəli Mustafayev və Bəhruz Bayramov iştirak edib.
“Gözəl Bayramlı məhkəmədə çıxış etdi. O, həbsinin siyasi sifariş olduğunu bildirdi. Dedi ki, hələ 2016-cı il oktyabrın 28-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdaərsinə çağırılıb və tənqidlərini dayandırmasa həbs olunacağı ilə bağlı xəbərdarlıq edilib”, vəkil Bəhruz Bayramov Amerikanın Səsinə Gözəl Bayramlıya istinadən bildirib.
Onun sözlərinə görə, Bayramlı məhkəmənin diqqətinə gömrük qaydalarını yaxşı bildiyini çatdırıb.
“Mən xəstəliyim ilə əlaqədar Gürcüstana getmişdim. Əgər məndə 12 min dollar olsa idi, onun yarısını mənimlə birgə olan qadına verərdim”, vəkil qeyd edib.
AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-də Gürcüstandan gələrkən Dövlət Sərhəd Xidməti tərəfindən saxlanılıb. Mayın 26-da Səbael rayon Məhkəməsi onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.
Dövlət Sərhəd Xidmətinin məlumatına görə, Gözəl Bayramlı özünü şübhəli apardığına görə əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.
Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Gözəl Bayramlı pulun ona məxsus olmadığını, sərhəddə bağlamasına qoyulduğunu bildirib.