Gözəl Bayramlı ev dustaqlığına buraxılmadı

Gözəl Bayramlı ev dustaqlığına buraxılmadı
7 İyun 2017
Mətni dəyiş
İyunun 7-də Bakı Apelyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlının ev dustaqlığına buraxılmasına dair Səbail Rayon Məhkəməsinin qərarından verilmiş apelyasiya şikayətinə baxılıb. 
Hakim İlqar Murquzovun sədrliyi ilə keçən prosesdə şikayət təmin olunmayıb.
Hakim Gözəl Bayramlının istintaqdan gizlənə biləcəyini,  şahidlərə təsiretmə ehtimalının olduğunu bildirib. Şikayətin təmin olunmadığını elan edib.
Məlumatı Meydan TV-yə vəkil Zibeydə Sadıqova verib. Bildirib ki, hakim onun əsaslı sübutlarına məhəl qoymayaraq istintaqın dəlillərini üstün tutub:
“Müdafiə etdiyim şəxsdə ağır üst çənə artroz xəstəliyi olduğundan daim həkim nəzarətində olmalıdır. Gözəl Bayramlı 3 dəfə əməliyyat keçirib. Bütün bunlara baxmayaraq, məhkəmə prokurorun dediklərini üstün tutdu. Prokurorun əsas fikri bu idi ki, Bayramlı ev dustaqlığına çıxsa, istintaqdan gizlənər və şahidlərə təzyiq edər".
Vəkil Gözəl Bayramlının dərmanlarının da ona verilmədiyini söyləyib:
“Prokuror Gürcüstandan gələn dərmanlar və tibbi sənədləri linqvistik ekspertizaya verib. Dərmanların verilməməsini də bununla əsaslandırdılar. Gözəl xanım  vəkiliylə görüşünə icazə verilmədiyindən də narazıdır”, - deyə vəkil bildirib.
Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana gələrkən saxlanıb. Qaçaqmalçılıqda ittiham edilən xanım siyasətçinin əşyaları arasında 12 min dollar tapıldığı iddia edilir. Ancaq istintaq gedişində 3 aylıq həbs edilən G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları onun əşyaları arasına atıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun