14 İyun 2017
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "jam.az" saytının baş redaktoru Fikrət Fərəməzoğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Abzas.net xəbər verir ki, jurnalist Fikrət Fərəməzoğlu məhkəmədə son sözlə çıxış edib.
O, çıxışında heç bir günahının olmadığını deyib: "Məhkəmədə mənə verilən ittihamlar sübuta yetirilmədi. Ona görə barəmdə bəraət hökmünün çıxarılmasını istəyirəm".
Hakim Eldar Mikayılovun sədrlik etdiyi məhkəmə kollegiyasının hökmü ilə Fikrət Fərəməzoğlu iki il jurnalist fəaliyyətindən məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrum edilib.
F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə ittiham irəli sürülüb.
Daxili İşlər Nazirliyi (DİN) iddia edir ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanıb. DİN həmçinin, bəyan edib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul tələb edib.
Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman “24 saat” qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.