30 İyun 2017
Mətni dəyiş
Gürcüstanda həbs olunan azərbaycanlı cərrah, «Lancet» klinikasının həmtəsisçisi Fərman Ceyranlının vəkili Natalia Bezhashvili hesab edir ki, o, siyasi sifarişlə cəzalandırılıb. Səbəb isə onun Azərbaycandakı bir sıra müxalifətçilərin Tbilisidəki «Lancet»də müayinə və müalicəsinə şərait yaratmasıdır. Vəkil iyunun 30-da bu haqda yaydığı bəyanatda bildirib.
Müdafiəçi deyir ki, F.Ceyranlı haqqında cinayət işinin materialları ilə tanış olanda «dəhşətə gəlib»:
«Bəlkə də Gürcüstanın tarixində belə rüsvayçı məhkəmə qərarına rast gəlinməyib. Fərman Ceyranlının vəzifəsi klinikanın direktoru kimi göstərilir. Halbuki, klinikanın direktoru başqasıdır, o isə «Lancet»in təsisçisidir, heç bir cavabdehlik daşımır».
F.Ceyranlı Gürcüstan CM-nin 180 və 247-ci maddələri ilə ittiham olunur. Cərrah dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətməkdə təqsirləndirilir.
Cinayət işi klinikada 2017-ci ildə qaraciyər köçürməsindən sonra vəfat edən bir xəstənin qohumunun şikayəti əsasında qaldırılıb.
«YEYİNTİDƏN SÖHBƏT GEDƏ BİLMƏZ»
Vəkili isə deyir ki, F.Ceyranlı xəstənin müalicə həkimi olmayıb, əməliyyat etməyib və o hadisəyə görə heç bir məsuliyyət daşımır:
«Heç xəstəni konsultasiya etmək hüququ da yoxdur bu adamın. Çünki transplantasiya üzrə lisenziyası yoxdur. Niyə xəstəni baş verə biləcək fəsadlar barədə Fərman Ceyranlı xəbərdar etməli idi? Axı onun öz lisenziyalı həkimi var idi, özü də yüksək məktəb keçmiş, təkcə 26 nəfər Gürcüstan vətəndaşını Bakıda uğurlu əməliyyat edib. Xəstəyə əməliyyat haqqında məlumatı da elə özü verib – Mircəlal Kazimi. Belə hallarda müzakirə və istintaq obyekti, hüquqi sənəd xəstəlik tarixidir. Orada isə Fərman Ceyranlıya aid heç nə yoxdur».
Dələduzluq ittihamına gəlincə, N.Bezhashvili söyləyir ki, xəstənin ödənişinin kassaya köçürüldüyü haqda sahibinə qəbz verilib.
«Üstəlik, xəstənin yaxınları bu günə qədər heç ödəməli olduqları pulu tam ödəməyiblər. Burada yeyintidən də söhbət gedə bilməz. Mən dediyim fikirlərin hamısını hüquqi sənədlərə təsdiqləyirəm. Sual meydana çıxır ki, bəs Fərman Ceyranlı niyə həbs edilib? Haqqin.az-dakı məqaləni oxuduqda hər şey aydın olur. Bu, bir siyasi sifarişdir», – xanım Bezhashvili belə deyir.
Qeyd edək ki, həmin saytda Gürcüstana səfərlər edən, yaxud qonşu ölkəyə sığınmış fəalların adları çəkilib. Məqalənin dərcindən bir müddət sonra orda adı çəkilənlərin bəziləri saxlanıb.
XATIRLATMA
Əslən Gürcüstandan olan Fərman Ceyranlı 1980-ci ildə Bakıda N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.
Həmin vaxtdan 1 saylı Tbilisi şəhər Klinik Xəstəxanasında cərrahiyyə üzrə internatura keçib. 1982-ci ildən 1992-ci ilə qədər İ.M.Seçenov adına Moskva Tibb Akademiyasının Cərrahi xəstəliklər kafedrasında əvvəlcə baş laborant, sonra isə elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərib.
F.Ceyranlı sonradan fəaliyyətini Azərbaycanda davam etdirib. 1993-cü ildən Azərbaycan Səhiyyə Nazirliyində Elm İdarəsinin rəisi, 1994-cü ildə M.Topçubaşov adına Elmi Cərrahlıq Mərkəzinin direktor müavini, 1995-ci ildən isə həmin mərkəzin direktoru vəzifələrində çalışıb. Eyni zamanda, Səhiyyə Nazirliyinin baş cərrahı olub.
O, bir neçə il əvvəl Gürcüstana gedərək «Lanset» klinikasının yaradıcılarından biri olub və mayın 22-də həbs edilib.