İyunun 24-də müxalifət partiyalarının və gənclər təşkilatlarının nümayəndələri eks-prezident Əbülfəz Elçibəyin Fəxri Xiyabanda məzarını ziyarət ediblər, onun xatirəsini anıblar.
2000-ci ildə dünyasını dəyişən Elçibəy yaşasaydı bu gün 79 yaşı olacaqdı.
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Elçibəy" kitabının təqdimat mərasimi olub. Kitabın müəllifi fəlsəfə doktoru, 80-90-cı illərin milli-azadlıq hərəkatı liderinin kürəkəni Aqil Səmədbəylidir.
Kitab ilk azad seçkilər nəticəsində hakimiyyətə gəlmiş və 1992-93-cü illərdə Xalq Cəbhəsi hökumətinə rəhbərlik etmiş Elçibəyin birillik idarəçiliyi dövrünə həsr olunub.
"Elçibəy hökuməti məğlubiyyətə məhkum idi, çünki o, Rusiyadan və regionda maraqları toqquşan digər dövlətlərdən asılı olmayan müstəqil milli siyasət kursu götürmüşdü", - A.Səmədbəyli bildirib.
O qeyd edib ki, demokratik dövlətin devrilməsində Rusiya və İranın imperiya dairələri, Azərbaycan neftinə meyl edərək onu özlərinə sərf edən şərtlərlə əldə etmək istəyən ABŞ və Britaniyanın AMOCO və BP kimi neft şirkətləri maraqlı idi.
O həmçinin Türkiyə hökumətinin xəyanətkar rolunu qeyd edib. Belə ki, növbəti dəfə öz məhdud siyasi maraqlarını qardaş Azərbaycan xalqının milli maraqlarından üstün tutdu.
"Kitab xronikal faktlara əsaslanır və həmin dövrün bəzi açıqlanmamış məqamlarını açır" deyən A.Səmədbəyli revanş almaq istəyən sovet-kommunist nomenklaturasının antimilli rolunu qeyd edib.
Əsərdə maliyyə, təhsil, mədəniyyət, sosial sahə, iqtisadiyyat, hərbi quruculuq, diplomatiya və digər sahələrdə islahatlara toxunulur. Bu islahatlar müstəqil Azərbaycan dövlətinin əsasını təşkil edirdi.
Eks-prezidentin tərəfdarları, ölkənin o zamankı ali rəhbərliyində təmsil olunan şəxslər, həmçinin hərbi komandirlər Elçibəyin idarəçiliyi haqda öz fikirlərini söyləyiblər.
"Biz əminik ki, bir zərurət kimi Azərbaycan xalqının maraqlarına xidmət edən dövlətin yenidən yaradılması mütləq baş verəcək", - Elçibəy administrasiyasında hökümət rəhbəri olmuş Pənah Hüseynov vurğulayıb.