"Jurnalistin oğurlanması Azərbaycan və Gürcüstan xüsusi xidmətlərinin xüsusi əməliyyatı idi".
Azərbaycan parlamentinin insan hüquqları komitəsinin hakim partiyadan olan üzvü, deputat Elman Nəsirov Azadlıq Radiosu-na müsahibəsində bildirib ki, jurnalist Əfqan Muxtarlının saxlanması Gürcüstan və Azərbaycanın birgə "uğurlu" xüsusi əməliyyatının nəticəsi idi. Onun sözlərinə görə, Muxtarlı Tbilisidə Azərbaycan hakimiyyətinə qarşı formalaşmış şəbəkənin ən fəal üzvü və dövlətin düşməni olduğuna görə saxlanılıb.
"Hadisənin təhlili göstərir ki, Əfqan Muxtarlı böyük şəbəkənin yalnız bir üzvüdür. Böyük siyasi qüvvələr Gürcüstanda Əfqan Muxtarlı kimi şəxsləri bir araya yığıblar. Problem təkcə Əfqan olsaydı, əlbəttə, onu həbs etməyə ehtiyac olmazdı. Muxtarlının da bir parçası olduğu Gürcüstandakı siyasi şəbəkə Azərbaycanda zərərverici fəaliyyətlər həyata keçirir və təbii ki, onlar Azərbaycanda onun saxlanılmasına müqavimət göstərərdilər və onu müdafiə edərdilər. Bu nöqteyi-nəzərdən bu birgə addım Azərbaycan və Gürcüstan xüsusi xidmətlərinin işinin nəticəsi idi", deyə deputat qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan xüsusi xidmətləri peşəkarlıqla işləyiblər və Muxtarlının hər-hansı problem və qarşıdurma olmadan Azərbaycana gətirə biliblər.
"Onlar cinayətkarı Azərbaycana gətiriblər, bu da Azərbaycan xüsusi xidmətlərinin ən uğurlu xüsusi əməliyyatlarından biridir", deyə o qeyd edib. Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Azərbaycanlı deputat Elman Nəsirovun jurnalist Əfqan Muxtarlının oğurlanmasının Gürcüstan və Azərbaycanın birgə xüsusi əməliyyatı olduğu haqqında iddialarına cavab olaraq bəyanat yayıb. Gürcüstan DTX öz bəyanatında bu iddiaları qətiyyətlə təkzib edir, xəbəri apsny.ge verib.
[caption id="attachment_36709" align="alignnone" width="1024"]
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Vaxtanq Qomelauri[/caption]
"Azərbaycanlı deputat Elman Nəsirovun jurnalist Əfqan Muxtarlının saxlanılmasının Gürcüstan və Azərbaycan xüsusi xidmətlərinin birgə işinin nəticəsi olduğu haqqında bəyanatı həqiqətə uyğun deyil. Dövlət Təhlükəsizlik Xidməti deputatın yaydığı məlumatı və Əfqan Muxtarlının işi ilə hər hansı əlaqəsi olduğunu qətiyyətlə təkzib edir.
Azərbaycanlı jurnalist Əfqan Muxtarlının işi üzrə Gürcüstan DİN GCM-in 143-cü - "qanunsuz azadlıqdan məhrum etmə" maddəsi ilə istintaq aparır", deyə DTX-nin bəyanatında bildirilir.