7 İyun 2017
Mətni dəyiş
İyunun 7-də Milli Şuranın sədri, professor Cəmil Həsənli Çindən qayıdarkən Heydər Əliyev adına hava limanında gömrük yoxlamasına məruz qalıb.
Bu barədə Meydan TV-yə danışan Cəmil Həsənli bildirib ki, bu, onun başına ilk dəfədir gəlir:
“İlk dəfədir gömrük yoxlamasına məruz qalıram. Əvvəllər belə şey olmayıb. Qəribədir, mən hava limanını tərk edəndən sonra arxadan çağırdılar ki, gömrük yoxlamasından keçməlisən. Görünür kimsə mənim kim olduğumu deyib və gömrük yoxlaması keçirilməsinin vacibliyini xatırlayıblar”.
Cəmil Həsənli təəccüb doğuran ikinci məqamın isə təyyarənin yarıdan çoxunun iş adamı, biznesmen olduğu halda, yalnız onun yoxlanılması olduğunu bildirib:
“Məndən nə gətirdiyimi, xüsusilə üstümdə nə qədər valyutanın olmasını soruşdular. Sonra bəyan ediləsi nəsə olub-olmadığını sual etdilər. Bir çamadanım və iki əl yükümün olduğunu dedim. Əksəriyyəti uzun müddətdir Çində olma səbəbimdən istifadə etdiyim paltardır. Dəfələrlə soruşduqları üçün üstümdəki valyutanın rəsmiləşdirilməsini istədim və sənədləşdirildi. Ancaq sənədin surətini vermək istəmirdilər, bir neçə dəqiqəlik mübahisədən sonra sənədi ala bildim".
Cəmil Həsənli son günlər Azərbaycanın sərhəd-keçid məntəqəsində yoxlanan ilk siyasətçi deyil.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Gözəl Bayramlı mayın 25-i Gürcüstandan Azərbaycana gələrkən sərhəddə saxlanıb. Qaçaqmalçılıqda ittiham edilən xanım siyasətçinin əşyaları arasında 12 min dollar tapıldığı iddia edilir. Ancaq istintaq gedişində 3 aylıq həbs edilən G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları onun əşyaları arasına atıb.
Jurnalist Əfqan Muxtarlı da mayın 29-u saxlanıb. O, oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə - sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə ona da ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib. Ə.Muxtarlı saxlanarkən işgəncələrə məruz qaldığını və sərhəddə gətirilərək cibinə 10 min avro pul qoyulduğunu deyir.