Prezident İlham Əliyev parlamentə cəzanın humanistləşdirilməsinə yönəlmiş düzəlişlər layihəsini göndərib.
Layihədə böyük ictimai təhlükə yaratmayan və ya ehtiyatsızlıqdan törədilmiş 10-dan çox əməlin dekriminallaşdırılması nəzərdə tutulur. Bundan başqa, Cinayət Məcəlləsinin 140-dan çox maddəsi üzrə alternativ cəza tədbiri müəyyən ediləcək.
Hüquqşünas Fariz Namazlı deyir ki, dəyişikliklərdən sonra xeyli sayda adamın azadlığa çıxacağı gözlənilir:
[caption id="attachment_5715" align="alignnone" width="987"]
Fariz Namazlı[/caption]
“Görünən odur ki, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında normadan artıq təqsirləndirilən və məhkum edilmiş şəxslər var. Büdcədə pul olmadığı bir vaxtda onların gündəlik tələbatlarının ödənilməsi çətindir. Ancaq bunu niyə edirlər, başa düşmək çətindir. Çünki 2017-ci ilin əvvəllərində prezidentin penitensiar sistemdə təkmilləşdirmə ilə bağlı fərmanına görə, xeyli sayda təqsirləndirilən şəxsə həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi nəzərdə tutulsa da, fərmanın əksinə olaraq daha çox adam həbs edildi”.
Hüquq müdafiəçisi Samir Kazımlı prezidentin fevralda imzaladığı sərəncamını xatırladır:
"Sərəncamda göstərilirdi ki, məhkəmələr həbs-qətimkan tədbiri seçərkən humanistliyi gözləsinlər və həbs olmayan tədbirlər seçsinlər. Ancaq ondan sonra bir neçə səs-küylü həbs oldu. AXCP sədrinin müavini Gözəl Bayramlı, jurnalistlər Əfqan Muxtarlı və Əziz Orucov həbs edildilər. Onlardan biri xanımdır və ağır xəstəlikdən əziyyət çəkir. Humanizm Gözəl Bayramlıya şamil olunmalıydı. Biz isə əksini gördük. Yəni prezidentin sərəncamının ardınca qanun layihəsi gündəmə gəlir və yenə humanizm vurğulanır. Şübhə yaradan odur ki, prezidentin sərəncamından sonra beynəlxalq səviyyədə qalmaqal yaradan 3 həbs həyata keçirilib”.
[caption id="attachment_38600" align="alignnone" width="1280"]
Samir Kazımlı[/caption]
Samir Kazımlı inanmır ki, layihə qəbul olunacağı təqdirdə siyasi motivli işlərə şamil olunacaq. Deyir, bununla hökumət beynəlxalq təşkilatlara humanist addımlar atdığını göstərmək istəyir:
“Ona görə bu layihə də imitasiyadır. Bütün hallarda qanun qəbul olunsun, görək nə dəyişir”.