Bu gün 57 mindən çox şagird buraxılış imtahanında iştirak edəcək
30 İyun 2017
Mətni dəyiş
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Bakı şəhərində yerləşən xüsusi təyinatlı orta məktəblərin və Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Qəbələ, Balakən, Zaqatala, Qax, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, Ağdam, Yevlax, Bərdə, Tərtər, Ağsu, Zərdab, Şamaxı, Qobustan, Kürdəmir, Qusar, Qubada yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan ( IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.
"Report"un məlumatına görə, ümumilikdə 57 910 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 32 388, XI sinif üzrə 25 522).
Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15: 00-da başlanır.
Şagirdlər imtahana “İmtahana buraxılış vərəqəsi”, şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) gətirməlidirlər.
IX siniflərin buraxılış imtahanı haqqında məlumat
IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 93 imtahan binası ayrılıb. Həmin gün 32388 (Bakı şəhərində 310, Şəmkirdə 2413, Gədəbəydə 857, Ağstafada 886, Qazaxda 969, Tovuzda 2057 , Qəbələdə 1348, Balakəndə 901, Zaqatalada 1369, Qaxda 610, Yardımlıda 682, Cəlilabadda 2417, Biləsuvarda 1363, Şirvanda 1033, Salyanda 1396, Neftçalada 728, Hacıqabulda 743, Ağdamda 930, Yevlaxda 1314, Bərdədə 2128, Tərtərdə 857, Ağsuda 728, Zərdabda 615, Şamaxıda 994, Qobustanda 400 , Kürdəmirdə 1308, Qusar 1105, Qubada 1927 ) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
XI siniflərin buraxılış imtahanı haqqında məlumat
XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 88 imtahan binası ayrılıb. Həmin gün 25522 ( Bakı şəhərində 194, Şəmkirdə 1919, Gədəbəydə 786, Ağstafada 705, Qazaxda 785, Tovuzda 1716 , Qəbələdə 1292, Balakəndə 774, Zaqatalada 1145, Qaxda 504, Yardımlıda 716, Cəlilabadda 1674, Biləsuvarda 990, Şirvanda 710, Salyanda 1130, Neftçalada 643, Hacıqabulda 478, Ağdamda 751, Yevlaxda 1111, Bərdədə 1661, Tərtərdə 662, Ağsuda 614, Zərdabda 429, Şamaxıda 645, Qobustanda 340, Kürdəmirdə 951, Qusar 935, Qubada 1262) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.
İmtahanların idarə olunmasına ümumilikdə 238 imtahan rəhbəri, 2805 nəzarətçi-müəllim ayrılıb. Hazırda imtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək