Birləşmiş Krallığın yeni teatr tamaşaları Bakıya gələcək

Birləşmiş Krallığın yeni teatr tamaşaları Bakıya gələcək
13 İyun 2017
Mətni dəyiş
“British Council Azərbaycan” “TheatreHD” layihəsinin davamı olaraq yay mövsümündə Birləşmiş Krallığın ən yaxşı və ən yeni teatr tamaşalarını Bakıya gətirəcək. Fins.az xəbər verir ki, iyun - sentyabr aylarını əhatə edəcək layihə “CoolConnections” şirkəti və Nizami Kino Mərkəzi ilə əməkdaşlıq çərçivəsində hazırlanıb. Tamaşalardakı çıxışlar London və Birləşmiş Krallıqda böyük uğur qazanıb. Festivalın məqsədi ən yeni teatr tamaşalarını Azərbaycana gətirmək və Birləşmiş Krallığın ən yeni teatr trendlərini əks etdirməkdir. Geridə qoyduğumuz yüzillikdə ilk dəfədir ki, Britaniya teatrının səhnəsində bütün tamaşaların bəlkə də üçdə ikisini təşkil edən orijinal pyeslər, musiqili komediyalar, operalar və pantomimalar hakimlik edir. Bu yay Bakı sakinləri dörd məşhur tamaşanı izləyə biləcək. Bunlar “Mübtəlalıq” (Obsession), “Rosencrantz və Guildenstern dünyasını dəyişib” (Rosencrantz and Guildenstern are Dead), “Piter Pen” (Peter Pan) və “Virciniya Vulfdan kim çəkinir?” (Who’s Afraid of Virginia Woolf?) tamaşalarıdır. Yay mövsümü dünən “Mübtəlalıq” tamaşası ilə açıldı. Bu tamaşa iyulun 26-da da nümayiş olunacaq.
Viskontinin 1943-cü ildə çəkdiyi "Poçtalyon həmişə iki dəfə zəng çalır" (The Postman Always Rings Twice) (18+) filminin səhnə adaptasiyası olan "Mübtəlalıq" tamaşasında baş rolu Cud Lou (Yaxınlıq (Closer), İstedadlı Cənab Ripli (The Talented Mr Ripley)) ifa edir. Londonun Barbikan teatrında səhnələşdirilmiş tamaşanın rejissoru İvo van Hovedir.
Tom Stoppardın parlaq intellektual komediyasının Londonun "Old Vik" teatrındakı səhnələşdirilməsində baş rolu Deniel Redkliff (Harri Potter (Harry Potter, Qara paltarlı qadın (The Woman in Black)) ifa edir. Rosencrantz və Guildenstern dünyasını dəyişibtamaşasının baş qəhrəmanları Hamletin iki ikinci dərəcəli personajıdır. Deniel Redkliff və onun aktyor həmkarları tamaşaya inanılmaz canlılıq və parlaqlıq verir.
Böyüməyin imkanları və acılarından bəhs edən "Piter Pen" sehrkarlıq, dəcəllik, musiqi və fantaziyanın vəhdətindən ibarətdir. London Milli Teatrında səhnələşdirilən tamaşanın rejissoru Salli Kuksondur.
Toni və Pulitzer mükafatına layiq görülmüş Edvard Olbinin tanınmış "Virciniya Vulfdan kim çəkinir?" pyesinin Ceyms Makdonaldın rejissorluğu ilə səhnələşdirilmiş yeni tamaşasında baş rolları Olivye və Bafta mükafatı laureatı aktrisa İmelda Stonton və Olivye mükafatı laureatı Konlet Hill ifa edir.
Biletləri "Nizami" Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.
Festivalın qrafiki:
Mübtəlalıq
26 iyul, saat 19:00
Rosencrantz və Guildenstern dünyasını dəyişib
21 iyun, saat 19:00 / 23 avqust, saat 19:00
Piter Pen
12 iyul, saat 19:00
Virciniya Vulfdan kim qorxur?
9 avqust, saat 19:00

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun