1 İyun 2017
Mətni dəyiş
Mehriban Əliyeva birinci vitse-prezident aparatında yeni təyinatla bağlı qərar qəbul edib. Bu barədə APA xəbər yayıb.
Məlumata görə, Altay Həsənov Azərbaycanın I vitse-prezidentinin Katibliyinin rəisi təyin olunub.
Altay Həsənov 2002-ci ildən indiyə qədər Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti olub.
Altay Həsənov kimdir?
Birinci vitse-prezident katibliyinin yeni təyin olunan rəisi 1961-ci ilin 4 fevralda Bakıda anadan olub. 1978-ci ildə Bakı şəhəri 6 saylı orta ümumtəhsil məktəbini bitirib. Həmin il S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olub.
Altay Həsənov 1980-ci ildə təhsilini M.V.Lomonosov adına Moskva Dövlət Universitetində davam etdirib və 1983-cü ildə həmin universitetin filologiya fakültəsini bitirib. 1983-1989-cu illərdə Azərbaycan SSR Nizami adına Elmlər Akademiyasının Ədəbiyyat və Dil İnstitutunda işləyib.
O, 1984-1986-cı illərdə Moskvada A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təcrübə keçib. 1986-1989-cu illərdə isə Azərbaycan SSR Elmlər Akademiyası rəyasət heyətinin ədəbiyyat, dil və incəsənət şöbəsinin elmi katibi olub.
Həmçinin, Altay Həsənov 1989-cu ildə “Xəzər”jurnalının nəşriyyat kollegiyasında işləyib. 1990-2004-cü illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu bildirilir. 2002-ci ildən etibarən, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidentidir.
2015-ci il 29 iyun tarixində Prezident İlham Əliyev tərəfindən Bakı 2015 - Avropa Oyunları çərçivəsində gimnastika növləri üzrə yarışlarda əldə olunan nəticələrə, həmçinin ölkədə gimnastikanın inkişafına sərf etdiyi əməyə görə “Şöhrət” ordeni ilə təltif edilib.
2016-ci ildə Azərbaycanda keçirilən referendumdan sonra dövlət idarəçiliyində dəyişikliklər baş verdi. 2017-ci il fevralın 21-də prezident İlham Əliyev həyat yoldaşı Mehriban Əliyevanı Azərbaycanın birinci vitse-prezidenti təyin etdi.