5 İyun 2017
Mətni dəyiş
Zamin Hacı
“Dövlət maşınını havayı yerə ora-bura qovurlar! - pişik də göbələyi çeynəyə-çeynəyə şər atdı”
(Mixail Bulqakov, “Master və Marqarita”)
Dostlardan biri mənə baş nazirin müavini, istefada olan yazıçı Elçinin hardasa 4-5 il qabaq yazdığı publisistik məqalənin linkini atmışdı. Köhnə olduğundan heç münasibət bildirməzdim, ancaq oxuyanda gördüm ki, burada Elçin müəllim avtoritar və totalitar rejimlərə yazıçının münasibətinə toxunaraq bir növ özü kimilərin konformizminə, hər rejimə uyğunlaşmasına haqq qazandırmaq istəyibdir.
Belə adamlar tarixin hər dövrəsində olublar. Hakimiyyətlərdən yaxşı pul alıb xalqlarının üzləşdiyi fəlakətlərə göz yumublar, üstəlik, özlərini sənətkar kimi həmin alçaldılmış xalqa sırıyıblar. Bu mənada da Elçin müəllim artıq 20 ildən çoxdur bir yazar olaraq mənə qətiyyən maraqlı deyil. Ancaq onun bu cızmaqarasındakı detal diqqətimi çəkdi. Yazmışdı ki, hətta Axmatova kimi şair Stalinə şeir həsr edibdir. Sitat: “Bir var bütün yaradıcılığın boyu balaca Valodyadan tutmuş Vladimir İliçin vəfatına qədər Lenin haqqında sönük şeirlər yazasan, bir də var ki, sənətkar (sənətkar!) sidq-ürəkdən inanaraq, yaxud da başqa yazılarını ”Qlavlit"in əlindən qoparıb paravoz kimi çəkib aparmaq xətrinə (söhbət sənətkardan gedirsə, hər halda, bu da sənətin ifadəsidir) bu tipli mövzulara müraciət edir.
Yaddan çıxarmayaq ki, Sistem ilə sosrealizm arasında üzvi bir vəhdət var idi. Sistem Anna Axmatovaya şeir yazdıraraq sosrealizmin dili ilə: “Stalin hardadır, orda azadlıq var!” (“Qde Stalin, tam svoboda!”)- dedirdirdi, Mixail Bulqakova Koba haqqında pyes yazdırırdı və biz sosrealizm çərçivələrinə sığışmayan başqa böyük yazıçıların, şairlərin yaradıcılığında bu tipli nümunələrə az rast gəlmirik". Sitatın sonu.
Əlbəttə, prosesdən xəbərsiz oxucu zənn edə bilər ki, bunlar həqiqətdir və bu gün Elçin müəllim, Anar müəllim və başqaları, o cümlədən onların ataları İlyas Əfəndiyev, Rəsul Rza nomenklatura üzvü olmaqda, sənəti maddi rifaha satmaqda haqlı olublar. Bəs necə, o boyda Axmatova, Bulqakov yaltaqlıq edib ey, biz kimik! Faktlar isə başqa mənzərə yaradır.
Birincisi, Bulqakovun Elçin müəllimin toxunduğu, ancaq adını çəkmədiyi “Batum” pyesi yazıçının ömrünün sonunda, 1939-cu ildə yazılıb, bundan sonra Bulqakov cəmi bir il yaşayıb və uzun sürən məşəqqətli həyat, işsizlik, xəstəliklər üzündən ölüb. Bulqakov Stalin repressiyasından əziyyət çəkənlərdən olub, pyesləri tamaşaya qoyulmur, romanları çap edilmirdi. Daha İlyas Əfəndiyev, indi isə Elçin müəllim kimi “Azdrama”nı zanit eləmirdi ey! Əcəb işdir - həm SSRİ-nin, həm müstəqil Azərbaycanın hər cür kefindən yararlan, mənzil al, ye-iç gəz, xarici kurortlarda dincəl, sonra da özünü işsizlikdən, aclıqdan kor olmuş Bulqakovla müqayisə elə... Süleyman Çakır demişkən, “oh ne guzel İstanbul be”...
Sənətkar “Batum”u yazmaqla son anlarda heç olmazsa rejim başçısından mərhəmət umurdu, ancaq Stalin qəddarcasına bunu da Bulqakova çox görmüşdü, pyesin nəinki premyerasına gəlmiş, ümumiyyətlə onu qadağan eləmişdi. Bir növ, Bulqakovu növbəti dəfə sındırmışdı. (O, ilk dəfə bu hərəkəti 1930-cu ildə Bulqakova zəng vurarkən edib. Yazıçı düşmən münasibətdən bezərək Stalinə “mənə ya iş verin, ya da ölkədən qovun” məktubu yazır. Stalin ona zəng vurur: “Bəlkə sizi Avropaya buraxaq?”. Bulqakov başa düşür ki, hiyləgər diktator onu dolayır. Deyir: “Mən düşünürəm ki, rus yazıçısı Rusiyada yaşayıb yaratmalıdır”. Stalin “Mən də belə düşünürəm” deyib dəstəyi asır).
İndi gələk Anna Axmatovaya. Axmatovanı bu kontekstdə sosrealizm yazıçıları ilə müqayisə eləmək ümumiyyətlə bilmirəm hansı mənəviyyata, əxlaqa sığır. Bu, dəhşətli bir hərəkətdir. Çünki Axmatova Stalinə o şeiri oğlunu xilas etmək üçün yazmışdı. Mən inanmıram ki, repressiya dövrü haqda roman yazmış adam bu faktı bilmir. Burada ancaq qəsd var, faktı istədiyin kimi qələmə vermək, sərf eləyən formada yozmaq var. Faktlar isə qısaca belədir ki, rus poeziyasının klassikinə çevrilmiş Anna Axmatovanı kommunistlər sevmirdilər, əsərləri çap edilmirdi, ailəsi xalq düşməni adlandırılmışdı. Adamın birinci əri Nikolay Qumilyovu bolşeviklər güllələyib, ikinci ərini isə repressiya edib Sibirdə lagerdə öldürüblər. Oğlu, tanınmış türkoloq alim Lev Qumilyov isə iki dəfə həbs edilib. Elə Axmatovanın 1950-ci ildə Stalini tərifləyən şeiri də oğlunu həbsdən qurtarmaq üçün yaşlı ananın bir əlacsız hərəkəti kimi ədəbiyyat tarixinə düşüb. 1949-cu ildə Qumilyov 2-ci dəfə həbs edilib 10 il cəza almışdı, ən pis rejimli türmələrdə, Sibirdə əzab çəkirdi. Ancaq Bulqakovda olduğu kimi, Axmatovanın da səyi nəticə vermədi, Stalin onun oğlunu türmədən buraxmadı.
İndi sən götürüb belə əzabkeşləri oğlunun biri prokuror, biri səfir qoyulan şairlə, ya da Lenin mükafatından tutmuş “Şöhrət” ordeninə qədər alan yazıçılarla eyni sıraya qoyursansa, daha nə deyim vallah...