Azərbaycansayağı faşizm - Seymur Baycan

Azərbaycansayağı faşizm - Seymur Baycan
22 İyun 2017
Mətni dəyiş
Ernest Seton - Tompsonun “Mənim həyatım” əsərini oxudum. Əsəri Azərbaycan dilinə İlqar Əlfioğlu tərcümə edib.  Müxtəlif dövrlərdə yaşamış,  müxtəlif işlərlə məşğul olmuş  istənilən şəxs haqqında hər cürə məlumat almağın mümkün olduğu bir dövrdə Ernest Seton – Tompsonun həyatı və yaradıcılığı  haqqında geniş məlumat vermək  bir az yersiz  görünər.
Bu adamın kim və nə işlə məşğul olduğunu bilənlər bilir, bilməyənlər də istəsələr, ürəklərindən keçsə, zəhmət çəkib  maraqlana bilərlər. Qısaca onu deyə bilərik ki, 1860-cı il, avqust ayının 14-də  anadan olan Ernest Seton - Tompson çox inadkar, zəhmətkeş adam imiş.  Mövzumuz tamam başqadı. Əsərdə bir hissə diqqətimi çəkdi və həmin hissə sözün həqiqi mənasında, şişirtməsiz filansiz, pafossuz zadsız bəndənizi bir xeyli düşünməyə, düşündükcə əsəbləşməyə, kədərlənməyə, siqaret çəkməyə, deyinə-deyinə otaqda o başa- bu başa addımlamağa, uzanmağa, heç bir ehtiyac olmadığı halda, durduğu  yerdə iki fincan çay içməyə vadar etdi. Ernest Seton – Tompson yazır:
“Londona gələndə özümlə bir neçə zəmanət məktubu da gətirmişdim, amma onları ünvanlandığı şəxslərə təqdim etməyə ürəyim gəlmirdi. Xarici görkəmimdən yaman utanırdım, çünki nimdaş, kasıb geyinirdim.
Tezliklə həyatımda sevindirici bir hadisə baş verdi. Uşaqlıq illərindən təbiətşünaslığa həsr olunmuş kitablarımın olmasını çox arzulamışam, kitab kasadlığını həmişə duymuşam (Ernest Seton – Tompsonun tünd, ağır  xasiyyətli atası oğlunun təbiətşünaslığa olan marağının qəti əlehinə imiş. Oğlunun rəssam olmağını istəyirmiş. “Mənim həyatım” əsərinin  başqa bir yerində, həmçinin “Balaca vəhşilər”  əsərində Seton - Tompson quşlara aid bir kitabı uşaqlıqda necə əziyyətlə  aldığı haqqında da yazır. S. B). Bir dəfə yoldaşlarımdan eşitdim ki, hər gün çalışdığım müzeylə eyni dam altında  təbiət və tarix elmləri üzrə dünyada ən zəngin kolleksiya saxlanılır. Sən demə, orda iki milyona yaxın kitab da varmış. Bu, Britaniya müzeyinin məşur kitabxanası idi, yer üzündə nə vaxtsa çıxan qiymətli kitabların hamısı orda toplanmışdı.
Kitabxanaya giriş pullu idi. Mən ora xəlvətcə, bir qrup turistlə bir yerdə keçdim ki, dünyanın bu məşur möcüzəsinə gizlincə tamaşa edim.
Heyrətdən sarsılmışdım. Uşaqlıqdan məni narahat edən bütün arzularım yenidən çalxalanaraq içimdə qəflətən cana gəlmişdi.
Elə o dəqiqə qapının ağzındakı masada oturmuş növbətçiyə yaxınlaşıb ondan oxucu bileti istədim. Lakin böyük təssüf hissi ilə öyrəndim ki, yaşı iyirmi birdən az olanları bu kitabxanaya buraxılmırlar. Mənim isə on doqquz yaşım lap yaxınlarda tamam olmuşdu. Yəni gizlincə, oğrun-oğrun nəzər saldığım, indicə məni qovacaqları bu cənnətə bir daha qədəm basmaq üçün hələ iki il də gözləməliydim?
Amma mən təslim olmağı öyrənməmişdim. Baş inzibatçının yanına getdim və ondan da eyni cavabı eşitdim:
 - Təssüf ki, xahişinizi rədd etməliyəm, çünki iyirmi bir yaşına çatmayanlara oxucu bileti vermirik.
 - Sizin direktorun kabineti hansıdır?
 - Binanın qərb qanadındakı dəhlizin sonunda.
Ləngimədən ora yollandım. Dəhliz boyunca mündirlərində qızıl tikmələri olan, əllərində əsa tutmuş gözətçilər oturmuşdu. Onlar məni yuxarıdan-aşağı süzdülər, amma keçməyimə imkan verdilər. Dəhlizin axırında üzərində lövhə olan bir qapı vardı, üstündə belə yazılmışdı : Kitabxananın direktoru.
Qapını döydüm, məni içəri parlaq liveriya geymiş, nüfuzlu görkəmi olan bir şəxs buraxdı. Masa arxasında direktorun özü – ser Eduard Bond əyləşmişdi. Xarici görkəmindən özündənrazılıq yağırdı. O, məni diqqətlə dinlədi, sonra isə belə dedi:
 - Mən çox-çox təssüf edirəm ki, sizi kədərləndirməliyəm. Bizim dəmir qanunlarımız var. Sizə deməliyəm ki, bir zamanlar kitabxanamıza məktəbliləri də buraxırdıq, amma fikir verdik ki, oğlanlar bura əsas etibarilə dərslərini hazırlamaq, qızlarsa təzə macəra romanlarını oxumaq məqsədilə gəlirlər. Bu, bizim elmi kitabxananın amalına heç uyğun gəlmirdi. Bununla əlaqadar qərara aldıq ki, oxucu zalına yalnız yetkin adamları buraxaq. Təssüf ki, bu qərar sizin marağlarınıza da zidd çıxır.
 - Bu sizin son sözünüzdür, ser – mən soruşdum. – Bəlkə, mənim müraciət edəcəyim daha yüksək instansiya var?
Kitabxananın direktoru gülümsəyərək dedi:
 - Mən buranın ən yüksək rütbəli inzibati simasıyam. Lakin mən də muzeyin idarə heyətinin qərarlarına və tapşırıqlarına tabeyəm.
 - Sizin idarə heyətinə kimlər daxildir?
 - Uels şahzadəsi, Kenterberi arxiyepiskopu, lord Bikonsfild və daha bir neçə nəfər.
 - Mən xahişimi onlara da çatdıracam.
Direktor gülümsündü və biz sağollaşdıq.
Elə həmin axşam mən bu görkəmli şəxslərin hər birinə müfəssəl məktub yazdım. Bütün arzularımı təfərrüatıyla açdım, ümidlərimi şərh etdim və yazdım ki , vaxt itirməmək mənim üçün nə qədər vacibdir, mən ya kitabxanadan istifadə etmək hüququnu elə indi qazanmalıyam, ya da öz arzularımı birdəfəlik dəfn etməliyəm.
Gecəyarısı evdən çıxdım ki, məktubları poçta salım.
Doğrusunu desəm, onlardan cavab gözləmirdim. Öz tərəfimdən nə mümkün idisə, hamısını etmişdim, bu mübarizəyə sona qədər davam gətirmişdim.
Üç gündən sonra bu ali rütbəli insanların hər birindən məktublarımın ünvanına çatdığı barədə çox nəzakətli bir cavab aldım. Yazırdılar ki, mənim ərizəmi müzakirə edəcəklər.
İki həftə sonra isə muzey kitabxanasının direktoru Eduard Bonddan bir məktub gəldi. Məni görüşə çağırırdı. Təcili yanına yollandım və onun əlindən adi deyil, ömürlük oxucu bileti aldım, üstündə də muzeyin idarə heyətindən məktub vardı. Məktubda deyilirdi ki, idarə heyəti müstəsna şəraiti nəzərə alıb və yazılan məktubların dərin təsiri  altında qərar alır ki, müstəsna hal kimi, ərizə sahibinə oxucu bileti təqdim olunsun…”
Əslində bu hissənin  məzumunu yığcam yaza bilərdim. Lakin ərinməyib bu hissəni olduğu kimi ona görə köçürdüm  ki,  əsəbləşməyim, siqaret çəkməyim, deyinə-deyinə otaqda obaşa-bubaşa addımlamağım, uzanmağım, heç bir ehtiyac olmadığı halda iki fincan çay içməyim yazını oxuyanlara tam aydın olsun, elə düşünməsinlər qaşınmayan yerdən qan çıxarıram. 
Bu hissəni oxuduqda nə görürük? Geriyə çəkilməmək, təslim olmamaq, inadkarlıq, intizam, qayda-qanun, diqqət, qayğı, alicənablıq, oturuşmuş sistem, sivilizasiya və sairə və ilaxır.
Avropa mənşəli elm və sənət adamlarının bioqrafiyalarını oxuduqda belə məqamlara çox rast gəlmişəm. Nəsildə, qohum-əqrabada, küçədə, qəsəbədə,  kollecdə, universitetdə kimsə ortaya çıxır cücərməkdə olan istedada, həvəsə, hobbiyə  diqqət nümayiş etdirir, hər hansı bir formadasa dəstək verir. Hər hansı yola, cığıra, ideyaya, həvəsə, arzuya qarşı çıxanlarla, yaranan konfliktlərlə bərabər, anlayış göstərənlər də tapılır. Ta insan özünü tək, tənha, lazımsız alaq otu kimi hiss etmir.  Çox misallar gətirmək olar. Özünüz deyin əgər Teo van Qoqun hərtərəfli dəstəyi olmasaydı, Vinsent van Qoq özünü sənətə tam həsr edə, o qədər problemlərin qarşısında duruş gətirə  bilərdimi? Teo van Qoq olmasaydı, Vinsent van Qoqun sənət taleyi necə olacaqdı?    
Yuxarıdakı hissəni oxudum gözlərim önündən neçə-neçə səhnələr klassik və çox işlənmiş dildə desəm kino lenti kimi gəlib keçdi. İlkin gənclik dövrümdə yarmarkalardan birində satıcı işləyirdim. Boş vaxt olduqda kitab oxuyurdum. Kitabı əlimə almağıma peşman idim. O dəqiqə başımın üstün bir milli budda alıb möizə oxuyurdu. Deyirdilər ki, oxuyub nə olacaqsan? Oxumağa nə verirlər? Beləcə, öz həyat fəlsəfələrini, daxili dünyalarını  bir qram utanmadan, zərrə qədər qızarmadan ifadə edirdilər, mahiyyətlərini açıb ortaya tökürdülər. Adicə bir kitab oxumağa görə nə qədər mübahisəyə girişməyə, əsəbləşməyə, söz güləşdirməyə məcbur olurdum.
İndi oturub düşünürəm görəsən mən kitab oxumaqla bu adamlara hansı maneçiliyi törədirdim? Onları narahat edən nə idi? Nə istəyirdilər? Biri vardı, o lap başqa aləm idi. Deyirdi ki, mən iki instut qurtarmışam, görürsən gəlib burda  lifcik satıram. Sən də oxuyub lifcik satacaqsansa, ta niyə oxuyursan elə gəl bəribaşdan lifcik sat. Nə deyəsən bu adama, belə adamlara? Biri gedib, o birisi gəlirdi. Bəzən başımın üstünə bir dəstə adam yığışırdı. İnanın bir qram da şişirtmirəm. Hamısı da axırda deyirdi ki, kasıb qız alma. Yaxşı yerin qızın al.
Gənc idim, həyata nikbin baxışım vardı, sevgiyə inanırdım, düşünürdüm ki, iki könül bir olsa samanlıq seyran olar.  Onlar isə bunun əksini sübut etmək istəyirdilər. Deyirdilər ki, sevgi zad boş şeydi, sevgiyle qarın doymur. Ən pisi də odur ki, bəzən gətirdikləri misallarla samanlığın heç vaxt seyranlıq olmadığını sübut edirdilər. Xəyal qurmağa da imkan vermirdilər. Sanki bütün ümidlərimi, xoşməramlı inamlarımı yerli dibli məhv etməyi qarşılarına məqsəd kimi qoymuşdular.  Açıq–aşkar bəyan edirdilər ki,  insan həyatda yalnız pul qazanmalıdır, qalan nə varsa hamısı boş şeydi. 
Bəli, biz elə bir cəmiyyətdə yaşayırıq ki, burda pul iyi gəlməyən, mənfəət görünməyən həvəslər və arzular beşikdəcə boğulur, lağa qoyulur, gülüş obyektinə çevrilir.  Maddiyatdan savayı heç nəyə inanmadıqlarına görə azərbaycanlıların sifətində ifadə, məna yoxdu. Maraqsız adamların yaşadığı ölkə də maraqsız, boz və cansıxıcı olmalidi. Sizə verilən məsləhətlərə və nəsihətlərə diqqət edin. Əksəriyyətindən yaltaqlıq, fürsətçillik, köləlik, oğurluq, quldurluq  elementləri yağır. Adın nəsihət və məsləhət qoyublar, açıq aşkar köləlik və yaltaqlıq, oğurluq və quldurluq  haqqında təlimatlardı.
Niyə belədi? Çünki puldan və vəzifədən başqa heç nəyə inanmırlar. Hobbiləri yoxdur. İçləri boşdur. Özlərini yalnız maddiyatla ifadə edə bilirlər. Sovet dövründə də bahalı qab-qacağı alıb servanta düzürdülər. Qıraqdan durub baxırdılar. Azərbaycanda minlərlə ailələr var övladlarının təhsilinə pul xərcləməyə canları çıxır, amma toya mənasız müğənniləri gətirib ətək-ətək pul xərcləyirlər.  Dövlət yox, sistem yox, camaat maddiyatcıl, ədalətsiz, qəddar…
Belə bir vəziyyətdə nadir hallarda ortaya çıxan arzular və hobbilər, xoş təşəbbüslər necə reallaşa bilər? Əslində bir az dərindən analiz etdikdə bunun faşizmin bir növü olduğunu görərik. Azərbaycansayaqı faşizm. Faşizm o demək deyil ki, elə mütləq adamları qaz vaqonlarına doldurub boğmalısan. Arzunun, hobbinin, istedadın cəmiyyət tərəfindən lağa qoyulması, boğulması, insana mənəvi baxımdan özünü ifadə etməyə imkan, şans  verilməməsi də faşizmdir. 
N. rayonunda bir tanışım var. Həyat tərzi bir balaca azərbaycan standartlarına uyğun gəlmir. Velosiped sürür, güllərə marağı var, müxtəlif yerlərdən müxtəlif cürə  güllər gətirib həyətində  əkib. Arvad-uşağın başına yığıb tez-tez təbiət qoynuna çıxır. Süfrə açırlar, çay dəmləyirlər. Gəzirlər. Bu fani həyatda xoş anlar yaşamağa cəhdlər edirlər.   Belə baxanda adicə şeylərdi. Aşağı-yuxarı hər bir kəsin edə biləcəyi, etməli olduğu xoş  işlərdi. Amma Azərbaycan standartlarından bir balaca kənara çıxmaq ətrafdakıların narahatçılığına səbəb olur. Güya nəsə belə çox əcaib bir hadisə baş verib. Özləri başqa cür yaşamağı bacarmırlar, başqalarına  da imkan vermirlər. Çünki Azərbaycanda özünü vacib, gərəkli şəxs kimi sübut etməyin konkret göstəriciləri, qaydaları  var: bahalı maşın, parıltı, dəbdəbə, qanunu pozmaq, bahalı ev, vəzifə, pul, tutdurmaq, buraxdırmaq…
Kimsə özünü bu göstəricilərdən kənar vasitələrlə  ifadə etdikdə  oyun qaydaların pozur, avtomatik olaraq qıcıq oyadır. Az qala adamın yaxasından yapışıb desinlər ki, axı  sən kimsən güllərə qulluq etməklə, velosiped sürməklə, arvad uşağını başına yığıb təbiət qoynunda gəzməklə özünü başqa cürə göstərmək istəyirsən? Kimsən sən?   
Başqa bir misal. Bizim naşirlərdən biri  nazirlərə, komitə sədrlərinə ədəb-ərkanla məktub yazaraq kitab festivalına dəvət etmişdi. Birindən də cavab gəlməmişdi. Deyək ki, özlərinin vaxtı yoxdur, axı etika naminə bir adam tapıb, təlimatlandırıb kitab festivalına göndərmək olardı? Bəyəm bunun üçün daha yuxarı instansiyadan göstəriş olmalıdır?
Bilirəm xeyli adam yuxarıda yazılanlarla razılaşmayacaqlar, öz köhnə mahnılarını oxuyacaqlar.  İstisnalar var deyəcəklər. Əlbəttə istisnalar var, amma Jose Saramaqoanın təbirincə desək , istisnalar normativi təsdiq edir.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun