“ABŞ hökuməti tərəfindən ölkəyə yerinə yetirilən uçuşlarda yeni təhlükəsizlik tədbirləri ilə bağlı müvafiq sorğu aviaşirkətimizə dünən daxil olub”.
Bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidmətindən bildirilib: "Hazırda müvafiq sorğunun tərəfimizdən doldurulması prosesi gedir və yaxın zamanda həmin sənəd ABŞ-a göndəriləcək".
“Biz Nyu-Yorka uçuşlarda təhlükəsizlik qaydaları ilə bağlı aviaşirkətimizdə heç bir problemin yaranmayacağına əminik. Belə ki, ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi (FMAİ) Azərbaycana aviasiya təhlükəsizliyi sahəsində I dərəcə reytinqi verib və bundan sonra yeni istiqamət açılıb”, - deyə açıqlamada qeyd olunub.
Qeyd edək ki, Bakıdan Nyu-Yorka ilk müntəzəm aviareys 2014-ci il sentyabrın 24-də yerinə yetirilib. Reyslər uzaq məsafəli uçuşlar üçün nəzərdə tutulmuş müasir "Boeing B-787" laynerləri ilə həyata keçirilir.
Xatırladaq ki, ABŞ hökuməti xaricdən həyata keçirilən uçuşlarda təhlükəsizlik tədbirlərinin gücləndirildiyini elan edib. Bu tədbirlər təyyarənin göyərtəsinə partlayıcı maddələrin keçirilməsinin qarşısını almaq üçün nəzərdə tutulub.
Eyni zamanda, yeni təhlükəsizlik tədbirlərinə ABŞ-a uçuş təşkil edən 105 ölkənin hamısından olan reyslərdə yoxlamanın gücləndirilməsi daxildir.
Aviaşirkətlərə belə yoxlama tədbirlərinə tam hazırlaşmaq üçün 3 ay vaxt verilib, əks təqdirdə, onlara ABŞ-a uçuşlar həyata keçirmək qadağan edilə bilər.