"Azad İqtisadiyyata Yardım" İctimai Birliyinin ekspertləri Açıq Hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının icrası üzrə alternativ hesavat hazırlayıblar.
Sənəddə qeyd olunur ki, 2011-ci ildə Azərbaycan Açıq Hökumət Tərəfdaşlığı (OGP) Bəyannaməsinə qoşulduqdan sonra iki dəfə Milli Fəaliyyət Planı qəbul edib. 2016-cı il aprelin 27-də ikinci fəaliyyət planı - Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı (MFP) qəbul edilib.
2016-cı ildə Azərbaycanda dövlət-vətəndaş cəmiyyəti arasında məsləhət mexanizmi kimi nəzərdə tutulan Dialoq Platforması yaradılıb. Açıq Hökumətin təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması adlı qurum Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə yaradılıb. Platformanın üzvləri bəzi istisnalarla əsasən hökumətyönlü QHT-lərdən ibarətdir. Platformada 8 dövlət qurumu təmsilçisi, 2 deputat, 31 QHT nümayəndəsi təmsil olunur. QHT-lərin bura hansı meyarlar əsasında dəvət edilməsi məlum deyil.
2015-ci ilin may ayında OGP-nin Dəyərləndirmə Qrupu ölkədə Açıq Hökumət Təşəbbüsü öhdəliklərinin icrası ilə bağlı hesabat hazırlayıb. Bundan öncə Azərbaycanın OGP-dəki statusunun qeyri-aktiv edilməsi ilə bağlı qərarın qəbulunadək hökumətlə OGP-nin rəhbər komitəsi arasında bir il davam edən kommuniksiya olub.
2015-ci ilin may ayında OGP-nin Dəyərləndirmə Qrupu (Review Team) ölkədə Açıq Hökumət Təşəbbüsü öhdəliklərinin icrası ilə bağlı hesabat hazırlayıb. Həmin hesabatda QHT-lərin qeydiyyat prosesinin mürəkkəb olduğu xususi vurğulanıb.
Həmçinin, hesabatda QHT-lərdə aparılan genişmiqyasılı vergi yoxlamalarına, vətəndaş cəmiyyəti liderlərinə qarşı qaldırılan cinayət işlərinə və onların təqibinə, məhkəmə qərarları əsasında QHT-lərin bank hesablarının dondurulmasına, OGP ilə bağlı addımların hazırlanmasında və həyata keçirilməsində vətəndaş cəmiyyəti ilə məsləhətləşmələrin uğursuzluğa düçar olmasına da hesabatda diqqət ayrılıb.
2015-ci ilin iyulunda OGP-nin meyarlar və standartlar altkomitəsi Azərbaycan hökuməti ilə dialoqa dair təkliflər səsləndirib. Həmin təkliflərə görə, hökumət yeni Fəaliyyət Planını 30 dekabr 2015-ci ilədək tam hazır vəziyyətə gətirilməli, 1 yanvar 2016-cı ildən etibarən planın icrasına başlanmalı idi.
[caption id="attachment_37256" align="alignnone" width="1024"]
5-6 may 2016-cı ildə Cənubi Afrika Respublikasında keçirilən tədbir[/caption]
2016-cı ilin may ayının 4-də isə Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən toplantıda Azərbaycanın OGP-də üzvlüyünün qeyri-aktiv edilməsi ilə bağlı qərar qəbul edildi.
Hökumət 2016-cı ilin sonlarında və 2017-ci ilin əvvəllərində qrantların verilməsində və xarici donorların qrant fəaliyyəti ilə bağlı qanunveriliyə müəyyən dəyişikliklər edib. Təəssüflə qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyətinin fəaliyyətini məhdudlaşdıran qanunvericiliyə gətirilən məhdudiyyətlərin tətbiqindən sonra son 3 ildə QHT-lərin problemlərinin həlli istiqamətində həlledici hüquqi və praktiki addımlar atılmayıb.
Xarici donorlar tərəfindən Azərbaycan ərazisində qrant vermək hüququnun əldə edilməsi ilə bağlı qaydalara da son dəyişiklik 2 mühüm problemin aradan qaldırılmasını təmin etməyib: 1) yenə də xarici təşkilatlar hökumətdən donor statusu almadan qrant vermək hüququna sahib ola bilməz; 2) yenə də xarici donorlar donor statusu alsalar belə, ayırdıqları qarantların məqsədəuyğunluğu ilə bağlı Maliyyə Nazirliyindən rəy almağa borcludurlar.
MFP-nin icrası dövründə, xüsusilə də 26 sentyabr 2016-ci il referendumu ərəfəsində və ondan sonra müstəqil vətəndaş cəmiyyəti fəallarının bilavasitə özlərinə və ailələrinə qarşı təzyiqlər artıb. Bu sırada bloger və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Mehman Hüseynovun 2 il müddətinə azadlıqdan mərhum edilməsini, əvvəllər siyasi məhbus həyatı yaşamış Bəşir Süleymanlının özünə və ailəsinə təzyiqləri, "Kanal 13" İnternet televiziyasının Bakı ofisinin rəhbəri Əziz Orucovun əsassız olaraq 30 sutkalıq inzibati həbsini, sonra isə onunla bağlı 4 aylıq həbs qətimkan tədbirinin seçilməsini, müxalifətçi jurnalist Əfqan Muxtarlının Tbilisidən oğurlanıb gətirilərək Azərbaycanda həbs edilməsini göstərmək olar.
Yeni Fəaliyyət Planının icrası dövründə şəffaflığın artırılması və açıq hökumətin təşviqi sahəsində aşağıdakı istiqamətdə tədbirlərin görülməsi nəzərdə tutulub:
-
Elektron xidmətlərin təkmilləşdirilməsi;
-
İnformasiya əldə edilməsinin təmin olunması;
-
Normativ hüquqi aktların vahid İnternet elektron bazasının fəaliyyətinin təkmilləşdirilməsi;
-
Vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin genişlənməsi və ictimai iştirakçılığın artması sahəsində;
-
Maliyyə şəffaflığının təmin edilməsi;
-
Yerli özünüidarəetmə orqanlarının fəaliyyəti sahəsində, mədən sənayesində şəffaflığın artırılması;
-
Korrupsiyanın qarşısının alınması sahəsində tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi;
-
Özəl sektorda şəffaflığın və məsuliyyətin artırılması;
-
Maarifləndirmə və əməkdaşlıq.