Azərbaycanın 'sülhsevərlik reytinqi' qaldırılıb

Azərbaycanın 'sülhsevərlik reytinqi' qaldırılıb
1 İyun 2017
Mətni dəyiş
Bu il dünyada sülhün səviyyəsində yaxşılaşma var. Di gəl, Birləşmiş Ştatlar və Avropada siyasi təlatümlər güclənib. İqtisadiyyat və Sülh İnstitutunun açıqladığı 2017-ci il Qlobal Sülh İndeksində belə deyilir.
Qurum bildirir ki, Rusiya və Avrasiya məkanında əksər ölkələrdə irəliləyiş qeydə alınıb. Ancaq bu region yenə də dinclik və əmin-amanlıq baxımından üçüncü yerdədir. Regionun ən sülhpərvər ölkələri Moldova, Qazaxıstan və Gürcüstan sayılıb. Azərbaycan, Rusiya və Ukrayna isə sülh indeksinə görə üç ən qeyri-sülhpərvər ölkələr hesab olunurlar.
Azərbaycan 163 ölkə arasında 132-ci yerdə qərarlaşıb. Ötən illə müqayisədə Azərbaycan 2 pillə irəliləyib.
Hesabatda 2016-ci ilin aprelində Dağlıq Qarabağda dördgünlük toqquşmalarda 200-dək hərbçinin həlak olduğu vurğulanır. Hər iki ölkədə hərbi xərclərin ÜDM-yə nisbətinin yüksəldiyi qeyd olunur.
Hesabatda deyilir ki, zorakılıqların qlobal iqtisadi təsiri dünyadakı ÜDM-nin 12.6%-nə, yaxud 14.3 trilyon dollara bərabər olub. Sülhün ən az təmin olduğu 10 ölkədə isə bu təsir ÜDM-nin 37%-i qədərdir.
ƏN DİNC VƏ QEYRİ-DİNC ÖLKƏLƏR
Dünyanın ən çox sülh içində olan ölkəsi İslandiyadır. Ondan sonra Yeni Zelandiya, Portuqaliya gəlir. Əvvəl ikinci və üçüncü yerləri Danimarka və Avstriya tuturdu.
Artıq beş ildir Suriya dünyanın ən qeyri-dinc ölkəsidir. Son beşlikdə Əfqanıstan, İraq, Cənubi Sudan və Yəmən də yer alıb.
Terrorçuluqdan ölüm hallarının qeydə alındığı ölkələrin sayı 23-ə çatıb. Bu sıraya Danimarka, İsveç, Fransa və Türkiyə də qatılıb.
Ümumilikdə, Qlobal Sülh İndeksinə görə, bu il dünya daha çox sülh içində yaşayıb. Bu da dövlətlərin sponsorluğuyla terrorçuluq hallarının azalmasıyla izah olunur. Daha bir səbəb də Əfqanıstandan hərbi qüvvələrin geri çəkilməsidir.
Birləşmiş Ştatlar builki indeksdə 11 pillə geriləyərək 114-cü yerə düşüb. Bu, ölkədə daxili münaqişə və hökumətə inamın azalmasıyla yozulur.
POPULİZMİN TƏSİRİ
Hesabatda populizmin yüksəlməsi də təhlil olunur. Belə ki, son 10 ildə populist partiyalara dəstəyin kəskin artmasının sülh indeksinə təsiri var. İtaliya, Fransa və İspaniyanın göstəricilərində böyük geriləmə qeydə alınıb.
Ən dinc ölkələrin ilk onluğunda səkkiz yeri Avropa ölkələri tutur. Baxmayaraq ki, bu ölkələrdə də rekord səviyyədə terror hücumları baş verir.
Siyasi gərginlikdən dolayı ictimai etirazların gücləndiyi Polşanın indeksində böyük geriləmə var.
Böyük Britaniyada «Brexit» səsverməsindən sonra yaranan siyasi qeyri-müəyyənliyin sülh indeksinə təsiri böyük olmayıb, belə ki, yeni təyin olunan baş nazir sabitləşdirici əks-balans rolunda çıxış edib.
Şimali Amerikanın sülh indeksi düşsə də, regionun ən dinc ikinci regionu kimi yerini qoruyub saxlaya bilib. Kanadanın durumu isə xeyli yaxşılaşaraq 8-ci pilləyə yüksəlib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun