Azərbaycan Ermənistan müdafiə nazirinin itkilərlə bağlı iddialarına münasibət bildirib

Azərbaycan Ermənistan müdafiə nazirinin itkilərlə bağlı iddialarına münasibət bildirib
28 İyun 2017
Mətni dəyiş
"Ermənistanın Müdafiə nazirinin bu sözlərini acı istehza ilə qarşılayır və bildiririk ki, heç bir real fakta əsaslanmayan, təbliğat məqsədilə yayılan onun bu diletant çıxışı yalan və həyasızlıqdan başqa bir şey deyil".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın müharibədə ölkəmizə ağır zərbə vurulacağı və Azərbaycan ordusunun son 10 gün ərzində 8 nəfər itki verməsi barədə fikirlərinə cavab olaraq bildirilib.
"Azərbaycana ağır zərbə vurulmasına Ermənistanın nə hərbi, nə iqtisadi, nə insani resursları, nə də digər amillər imkan verir. Azərbaycan əsgəri və Ordunun arsenalındakı ən müasir və dağıdıcı qüvvəyə malik döyüş texnikası və silahlar işğalçının istənilən təhdidinin qarşısını almağa, onu məhv edərək ərazi bütövlüyümüzü bərpa etməyə qadirdir", - deyə nazirliyin məlumatında deyilir.
Azərbaycan Müdafiə Nazirliyi deyir ki, Sarkisyan öz ordularındakı ölüm hadisələri ilə məşğul olsun. Nazirlik iddia edir ki, cəbhədəki itkilərinin sayını və ordusundakı digər ölüm faktlarını daim gizlədən məhz Ermənistan tərəfidir.
"Bu cür cəfəng bəyanatlar səsləndirmək əvəzinə, Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində ermənilərin son günlərdə verdiyi itkilərin həqiqi sayını ictimaiyyətə düzgün çatdırsaydı, Sarkisyan daha səmimi görünərdi", - deyə MN-dən qeyd olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun