AXCP üzvü Gözəl Bayramlının işi üzrə prokurorluqda dindirilib
13 İyun 2017
Mətni dəyiş
AXCP üzvü Almaz Rəhimova iyunun 13-də Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində dindirilib. O, AXCP sədrinin həbsdə olan müavini Gözəl Bayramlının işi üzrə ifadə verib.
Həmin vaxt A.Rəhimova da Gözəl Bayramlı ilə birlikdə olub.
A.Rəhimova AzadlıqRadiosuna bildirib ki, təxminən üç saat davam edən dindirmə zamanı müstəntiq Gürcüstana səfərin məqsədi, orada kimlərlə görüşdüklərini soruşub.
A.Rəhimova deyir ki, həm özü, həm də G.Bayramlı Gürcüstana müayinə və müalicə məqsədilə gediblər, prokurorluqda da bu haqda ətraflı danışıb.
"Həmçinin, son dövrlərdə Gürcüstanın paytaxtı Tbilisidə müayinə və müalicə olunduğumu sübut edən tibbi sənədləri də təqdim etdim", – A.Rəhimova bildirib.
Almaz Rəhimova AXCP sədrinin birinci müavini, 2015-ci ilin noyabrında dünyasını dəyişmiş Həsən Kərimovun həyat yoldaşıdır. H.Kərimov vaxtilə Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
AXCP sədrinin müavini G.Bayramlı mayın 25-də axşam saatlarında Gürcüstandan qayıdarkən saxlanıb.
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-da Səbail rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapılıb.
G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.
AXCP sədrinin müavininə verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir