AXCP fəalına hökm oxundu

AXCP fəalına hökm oxundu
16 İyun 2017
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Fuad Əhmədlinin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Abzas.net xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Fuad Əhmədli 4 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən məhkəmə iclasında dövlət ittihamçısı çıxışında F.Əhmədlinin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Hökmdən əvvəl F.Əhmədli məhkəmədə son sözünü deyib.
"Susmadım, savaşdım, şərləndim. Sizlər isə verdiyiniz bu ədalətsiz, sifarişli hökmlərə görə tarixin qaranlıq səhifələrinə gömüləcəksiz. Mənim keçdiklərim, sadəcə, istiqlal mərhələsinin çətin məqamıdır. Yaşasın İstiqlaliyyət savaşımız! Yaşasın Hürriyyət aşiqləri!".
F.Əhmədli ötən il avqustun 18-də saxlanıb. O Cinayət Məcəlləsinin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.
Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun məlumatında deyilirdi ki, “Azerfon” MMC-də zənglər mərkəzində operator işləyən F.Əhmədli abunəçilərə aid fərdi məlumatları, antenalar üzrə olduqları yerləri müəyyən adamlara ötürüb.
İddiaya görə, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülen-in çıxışları, “Hizmet imamları” adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.
AXCP isə bəyan edib ki, F.Əhmədlinin ittiham olunmasında məqsəd partiya sədri Əli Kərimlini hədəf almaq olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun