Avropa liberalları: "Muxtarlı və digər siyasi məhbuslar üçün hakimiyyətə təzyiq edilsin"
7 İyun 2017
Mətni dəyiş
Avropa liberalları (ALDE - The Alliance of Liberals and Democrats for Europe) Gürcüstanda oğurlanaraq Azərbaycana təhvil verilən jurnalist Əfqan Muxtarlının məsələsini iyunun 3-də Lyubyanada keçirilən toplantısında müzakirəyə çıxarıb.
Abzas.net xəbər verir ki, alyans Azərbaycan hakimiyyətinin təqiblərini pisləyib. Bu barədə təşkilat bəyanatında bildirib:
“ALDE çətin şəraitdə avtoritar sistemə qarşı repressiya altında cəsarətlə mübarizə aparan Müsavat Partiyasına və lideri Arif Hacılıya tam dəstəyini bir daha ifadə edir”.
Sənəddə bildirilir ki, Azad Demokrat və Pespublikaçılar partiyasından olan gürcü liberalları da ölkə hakimiyyətinin Gürcüstan ərazisində baş verən bu oğurlanma əməliyyatında iştirakına görə narahatdılar və məsələnin araşdırılmasını tələb edirlər.
ALDE-nin sədri Hans van Baalen bu məsələni şərh edərkən deyib ki, Avropa liberalları bu qaçırılma işinə tam aydınlıq gətirilməsini tələb edən öz gürcü müttəfiqlərini dəstəkləyirlər.
"Həmçinin, Azərbaycan liberallarını dəstəkləyərək Avropa İttifaqından xahiş edirlər ki, Əfqan Muxtarlı və digər siyasi məhbusların azad olunması üçün Azərbaycan hakimiyyətinə təzyiq etsinlər".
Jurnalist Əfqan Muxtarlı mayın 29-u oturum izini olduğu Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Ona Cinayət Məcəlləsinin 3 maddəsi üzrə iş açılıb və məhkəmənin qərarı ilə ilkin istintaq dövrü üçün 3 aylıq həbs cəzası verilib.
Jurnalist məhkəmədə bildirib ki, Gürcüstandan oğurlanıb, döyülüb Azərbaycana gətirilib. Ona işgəncə verilib və cibinə 10 min avro pul qoyublar.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Jurnalist hakim ailə ilə bağlı bir sıra araşdırma yazılarının da müəllifidi.