29 İyun 2017
Mətni dəyiş
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report"un məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin nümayəndəsi Xatirə Nəsibova bildirib ki, təqsirləndirilən şəxsi müdafiə edən vəkilin əleyhinə görə Vəkillər Kollegiyasına müraciət edib.
O deyib ki, Vəkillər Kollegiyası məhkəmədən qəbz gətirmələrini tələb edib.
Zərərçəkmiş Eynulla Muradov mülki iddia qaldıraraq məhkəməyə təqdim edib. O, iddiasında təqsirləndirilən N.Hüseynovdan 22 min manat maddi və 100 min manat mənəvi zərərin ödənilməsini tələb edib.
Digər zərərçəkmişlər də mülki iddialarını növbəti məhkəmə iclasında məhkəməyə təqdim edəcəklərini söyləyiblər.
Təqsirləndirilən şəxs mülki iddianın qaldırılmasına etiraz etməyib.
Məhkəmə mülki iddianı icraata qəbul edilməsi ilə bağlı qərar çıxarıb.
Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə N.Hüseynov özünü təqsirli bildiyini deyib. O ifadəsində söyləyib ki, hadisə günü tələbələri 20 Yanvar dairəsindən götürüb: "Hər gün onları Sumqayıta aparırdım. Bəli, günahkaram, vicdan əzabı çəkirəm. Ömrüm boyu da əziyyət çəkəcəyəm. Həmin uşaqlarla mən bir ailə kimi idim. Belə olmasını istəməzdim. Hadisə ehtiyatsızlıqdan baş verdi. Uşaqlarla deyib, gülə-gülə "20 Yanvar"dan çıxdıq. Xırdalan qəbiristanlığı deyilən ərazini keçəndən sonra birdən bir anlıq özümü itirdim. Maşın "xalastoy"da gedirdi. Həmin vaxt Oqtay adlı tələbə qışqırdı, elə bil yatmışdım. Qarşıma kubik çıxdı. Maşın onun üstünə çıxdı. Əyləc bir anlıq işləmədi. Rolu çəkdim, çəkməsəydim, yoxsa qarşıdakı "ZİL" markalı yük avtomobilinə dəyəcəkdi. Hadisədən sonra bir nəfər tələbə - Rozanın dünyasını dəyişdiyini gördüm".
O, dindirilərkən tələbə Roza Muradovanı qucağında aşağı düşürtdüyünü deyib: "Bir yerində qan var idi. Həmin zaman digər uşaqların necə olduğunu isə görmədim. Onların hamısı mənim balam idi. Möhtərəm hakim, mənə ölüm hökmü də versələr, buna razıyam. İbrahim mənə daha çox yaxın idi. Təkrar edirəm, ölüm cəzasına da razıyam. Özümü müdafiə etməyə ehtiyac yoxdur, heç vəkilə də. Rozanın toyu olacaqdı. Bilmək istəyirdinizsə, lağ edə-edə gedirdik. Hələ Roza mənə deyirdi ki, "səni toyda tamada qoyacağam". Yenə deyirəm hadisə ehtiyatsızlıqdan baş verib. İbrahimin valideyni bunu bilir. O, pis uşaqlara qoşulmuşdu, onu başa saldım".
Təqsirləndirilən şəxsin sön sözlərinə dünyasını dəyişmiş İbrahim Nəsibovun valideyni etirazını bildirib: "Mənim balama böhtan atma, şərəfsiz. Özünü as, öldür".
N.Hüseynov qeyd edib ki, hadisə günü "Ford" markalı mikroavtobusda 26 nəfər olub: "Mənim bir qoca anam var, o da pensiya alır. Yoldaşım xəstədir, evdə körpə balam var. Günahkaram".
Zərərçəkmiş Xatirə Nəsibova ifadəsində oğlu İbrahim Nəsibovun evdən saat 07:00 radələrində çıxdığını bildirib: "Dərsə gecikmişdi. Dedi ki, "20 Yanvar"da mikroavtobus var, onunla gedəcəyəm. Oğlum Namiqin qanunsuz maşın sürdüyünü söylədi, daha sonra ona zəng çatmadı. "Whatsapp"ına yazdım, mesaj çatdı, amma oğlum cavab vermədi, sonra yatdım. Həyat yoldaşım zəng edib, mikroavtobusun qəza törətdiyini dedi. Xəstəxanaya çatanda İbrahim və onun dostunun öldüyünü qeyd etdilər. Oğlum idmançı idi, heç bir pis yola getmirdi. Namiq uşağıma böhtan atır. Biz Dövlət Yol Polisinin, hadisə zamanı orada olan yaşıl rəngli "Raf"ın sürücüsünün də məsuliyyətə cəlb edilməsini istəyirik. Çünkü Namiq həmin yaşıl rəngli "Raf"ın sürücüsü ilə ötüşürdü. Onlar uşaqların üzərində qumar oynayırdılar. Hətta "ZİL"in sürücüsü də məsuliyyətə cəlb olunmalıdır. O, yükü tez boşaldıb oradan uzaqlaşmalı idi. Oğlum həmişə deyirdi ki, Namiq maşını bərk sürür. Namiq onlara söyləyirmiş ki, buna görə ayda 200 manat pul verir".
Zərərçəkmiş Eynulla Muradov ifadəsində bildirib ki, hadisə günü N.Hüseynov qızı Roza Muradovanı özü zorla maşınına mindirib: "Xəstəxanaya çatanda qızım Rozanın rəhmətə getdiyini dedilər. Yas mərasiminə 22 min manat xərc çəkmişəm. Ödənilməsini tələb edirəm".
Digər zərərçəkmiş Nəsibə Quliyeva dindirilərkən söyləyib ki, qızı Çinarə Quliyeva N.Hüseynovun "Ford" markalı mikroavtobusu ilə üç ilə yaxındır Sumqayıta gedirmiş: "Qızımı atasız böyütmüşdüm. O, mənim gələcəyim idi. Çətinliklə oxudurdum. Maddi zərərin ödənilməsini istəyirəm".
Məhkəmənin növbəti iclası iyulun 4-nə təyin edilib.
Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.
Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 21 tələbə yaralanıb.
Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.