Akif Çovdarovdan Zakir Qaralova: “Hacı Məmmədovun əməllərindən sən də xəbərdar olmusan”

Akif Çovdarovdan Zakir Qaralova: “Hacı Məmmədovun əməllərindən sən də xəbərdar olmusan”
22 İyun 2017
Mətni dəyiş
Akif Çovdarov: “Hacı Məmmədovun dəstəsinin əməlləri, adam öldürməsi haqda prokurorluğa şikayətlər daxil olmuşdu”.
Heç şübhəsiz ki, ləğv olunmuş MTN-in indi Kürdəxanı təcridxanasında olan generallarında, polkovniklərində xeyli komparamatlar var. Onlar yeri gəldikcə, onları açıqlamasalar da, lazımi ünvanlara lazımi mesajlarını çatdırmaq üçün müəyyən eyhamlar vururlar. Arif adamlar da dərhal anlayır ki, söhbət kimdən və nədən gedir, kimin “quyruğu” hansı “qapının” arasındadır.
Vaxtilə kəsdiyi başa sorğu-sual olmayan MTN generalı Akif Çovdarovun son məhkəmələrindən birində Hacı Məmmədovun dəstəsini yada salması da təsadüf deyildi. Çovdarov açıq-aşkar deyib ki, prokurorluq Hacı Məmmədov və dəstəsinin adam oğurluqlarından, törətdiyi qətllərdən xəbərdar idi, amma tədbir görmürdü.
“Biz Hacı Məmmədovun dəstəsi ilə bağlı da uğurlu əməliyyat keçirmişdik. Hacı Məmmədovun dəstəsinin əməlləri, adam öldürməsi haqda prokurorluğa şikayətlər daxil olmuşdu, amma heç nə edə bilmirdilər. Biz isə bu işi gördük, onları ifşa elədik”, – Çovdarov belə deyib.
Əslində, prokurorluğun Hacı Məmmədovun dəstəsinin əməllərinə göz yumması yeni xəbər deyil. Daxili İşlər və prokurorluq sistemində çalışanların böyük əksəriyyəti bunu yaxşı bilir. Hətta dəstənin cinayət işindən də bu görünür. Prokurorluğun xüsusən dəstənin son bir neçə ildəki fəaliyyəti dövründə onların əməllərindən xəbərdar olması sadəcə, söz deyil, sübut-dəlillərlə təsdiqlənmiş faktdır. Məsələn, cinayət işinin materiallarında Rəna Nəsibova adlı qadının prokurorluğa məktubu var.
Həmin bu Rəna Nəsibovanın Hacı Məmmədovun dəstəsindəki çeçen qardaşlardan (Abdulbekovlar) biri ilə münasibəti olub. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəis müavini, ölkənin baş kriminalisti Rövşən Əliyevin qətlə yetirilməsindən sonra o çeçen qardaş sərxoş olub və bu qətllə bağlı Nəsibovaya bildiklərini danışıb. Rəna Nəsibova da eşitdiklərini məktub şəklində yazıb, prokurorluğa təqdim edib. Məktubda da göstərib ki, Rövşən Əliyevi Daxili İşlər Nazirliyinin polkovniki olan Hacı adlı şəxs və onun dəstəsi aradan götürüb.
Abdulbekov Nəsibovaya gələcək planlarından da danışıb. Deyib ki, Gön-Dəri Zavodunun milliyyətcə yəhudi olan Yura adlı sahibi var, milyonçudur, yaxın günlərdə onu oğurlayacaqlar. Nəsibovanın məktubunda dəstənin bu planı da öz əksini tapıb.
Rüstəm Usubovla görüşdən bir müddət sonra Rəna Nəsibova işlədiyi şirkətin ofisində ölü tapılır
Rəna Nəsibova məktubla kifayətlənməyib, Baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda da olub, ona da eşidib-bildiklərinin hamısını danışıb. Bəs ölkənin prokurorluq sisteminə rəhbərlik edən şəslərdən biri olan Rüstəm müəllim nə edib? Yuranı çağırtdırıb, ona xəbərdarlıq edib ki, səni oğurlamaq istəyirlər, ehtiyatlı ol, mühafizəni gücləndir. Vəssalam. İşini bununla bitmiş sayıb və adamı oğurlamaq istəyənlər barəsində heç bir tədbir görməyib.
Baxmayaraq ki, qadın Rövşən Əliyevin qətlinin kim tərəfindən törədilməsi haqda birbaşa məlumat verir, prokurorluq ondan sonra da bu cinayətə dəxli olmayan adamları çağırıb dindirməkdə, incitməkdə davam edir. Əsl cinayətkarlara isə “gözün üstə qaşın var” deməyə cəsarətləri çatmır.
Ən dəhşətlisi budur ki, Rüstəm Usubovla görüşdən bir müddət sonra Rəna Nəsibova işlədiyi şirkətin ofisində ölü tapılır. Hadisə Yasamal rayonu ərazisində baş verir. Ona görə də hadisə yerinə o vaxt Yasamalın, sonradan isə Səbailin prokuroru olan Şirxan Adıgözəlov və əlbəttə ki. Rüstəm Usubov gəlir. Sonra da ekspertizadan bir rəy alınır ki, guya bu qadın artıq dozada narkotik qəbulundan ölüb. Təsəvvür edirsinizmi, ömründə narkotikdən istifadə eləməyən qadın narkotikdən ölür…
Hərçənd, Hacı Məmmədovun dəstəsinin ifşasından sonra Nəsibovanın ölümü məsələsinə də yenidən qayıtdılar. Bu dəfə vəziyyət dəyişmişdi deyə, ekspertizadan fərqli rəy aldılar – Rəna Nəsibovanı boğub öldürüblər. Bir nəfər gənci də həbs eləyib 12 il cəza verdilər ki, sən boğub öldürmüsən, səbəb də qıcqanclıq olub. Novruz adlı həmin adam özünü öldürürdü ki, bu qadının ölümünün ona heç bir aidiyyəti yoxdur.
Cahangir Hacıyevin xanımını oğurlamasaydı…
Yaxud, DİN-in Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Azər İsmayılov illərlə itkin kimi qeydiyyatda olsa da, istər nazirliyin, istərsə prokurorluğun rəhbərliyindən tutmuş, az qala, qapıda dayanan mühafizəçisinə qədər hamı bilirdi ki, bu məsələ Hacı Məmmədovluqdur. Onun öldürülməsinin motivi də bəlli idi. Sadəcə, şəxsi ailə, namus məsələsi olduğundan açıb-ağartmaq istəyən yox idi.
Kimsəyə sirr deyil ki, Hacı Məmmədovun dəstəsi “həddini aşıb” Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin xanımını oğurlamasaydı, bəlkə bu gün də fəaliyyətini davam etdirirdi. O zaman Cahangir Hacıyev hakim ailəyə ən yaxın adamlardan biri idi. Onun xanımının oğurlanması sıradan hadisə deyildi.
Üstündən illər keçəndən sonra vəziyyət tamam dəyişib, indi Cahangir Hacıyev həbsdədir, ona verilmiş 15 illik cəzanı çəkir. Hətta Zamirə Hacıyeva haqqında da həbsli axtarış qərarı çıxarılıb.
Hacı Məmmədovun dəstəsi 2005-ci il martın 10-da ifşa olunub. MTN-in “Qara kəmər” əməliyyatı nəticəsində dəstə üzvləri həbs edilib, Zamirə Hacıyeva isə girovluqdan azad edilib.
Sonradan keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla Hacıyevlər ailəsi quda oldular. Hacıyevlərin qızı Mahmudovun gəlinidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun