30 İyun 2017
Mətni dəyiş
İyunun 27-28-də Vaşınqtonda Açıq Hökümət Tərəfdaşlığının (AHT) Rəhbər Komitəsinin toplantısında Azərbaycandakı mövcud vəziyyət müzakirə olunub. Bu barədə iqtisadçı, Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu məlumat yayıb.
Abzas.net xəbər verir ki, toplantıda Azərbaycanın daha 1 il qeyri-aktiv üzvlükdə saxlanılması qərara alınıb. AHT rəhbər komitəsinin 22 üzvündən 19-u bu qərarın lehinə, 1 üzv əleyhinə səs verib, 2 üzv isə bitərəf qalıb.
Bununla da, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti tərəfindən qaldırılmış narahatlıqları həll etmək üçün daha 1 illik dövrə malik olacaq.
Məlumata görə, AHT Rəhbər Komitəsi Standartlar və Meyarlar üzrə alt komitəyə tapşırılıb ki, bu ilin sentyabrın 15-dək həll edilməmiş problemləri aradan qaldırmaq məqsədilə vətəndaş cəmiyyəti və hökumətlə məsləhətləşmə aparıb yenilənmiş bir sıra tələblər hazırlasın.
Eyni zamanda Rəhbər Komitə qərara alıb ki, Azərbaycan hökumətinə verilən əlavə 12 aylıq vaxt məsləhətləşmə başa çatandan sonra hesablanacaq.
Həmçinin, AHT Rəhbər Komitənin yaydığı bəyanatda qeyd olunur ki, Azərbaycan qeyri-aktiv statusunda qalaraq qurumun seçkilərində səs vermək hüququna malik olmayacaq və yalnız AHT tədbirlərinə öyrənmə məqsədləri üçün müşahidəçi statusunda qatıla biləcək.
Bununla yanaşı Azərbaycana AHT İşçi Qrupları, çoxtərəfli tərəfdaşlar və qarşılıqlı səfər mübadiləsi daxil olmaqla, Rəhbər Komitə və Dəstəkləmə Bölməsi texniki yardımlar göstərəcək.
Xatırlarma
AHT hökumətlərin hesabatlı, şəffaf və iştirakçılıqla idarə edilməsini hədəf götürən nüfuzlu beynəlxalq təşəbbüsdür.
Qurucuları arasında ABŞ və Böyük Britaniyanın da olduğu AHT 2011-ci ilin sentyabrında yaradılıb. Azərbaycan bu təşəbbüsə 2011-ci ildə öz təşəbbüsü ilə ilk qoşulan ölkələrdən olub.
Təşəbbüsün tarixində birlikdəki statusu “qeyri-aktiv” elan edilən ölkə də məhz Azərbaycan olub. Bu, 2016-cı ilin martında baş verib.
Həmin vaxt AHT-nin Rəhbər Komitəsi Azərbaycanın iştirakını “qeyri-aktiv” elan edən qərar qəbul edib. Qərar hökumət və vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət Komitənin Keyptaunda nazirlər səviyyəsində keçirilən görüşündə çıxarılmışdı.
Komitə qərar verərkən “təəssüflə” bəyan etmişdi ki, Azərbaycanda QHT-lərin fəaliyyətinə “çözülməyən maneələr” yaradılması səbəbindən belə qərar vermək məcburiyyətində qalıb.
Komitə vətəndaş cəmiyyəti təşkilatlarının problemlərinin həlli üçün Azərbaycan hökumətinə bir il vaxt vermişdi. Qeyri-aktiv statusla Azərbaycan AHT seçkilərində səs vermək imkanından məhrum olmuşdu. Azərbaycan həmçinin AHT-nin tədbirlərinə yalnız müşahidəçi kimi qatıla bilərdi.