ABŞ Dövlət Departamenti Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə bağlı bəyanat verdi
4 İyun 2017
Mətni dəyiş
ABŞ Dövlət Departamenti jurnalist Əfqan Muxtarlı və AXCP sədr müavini Gözəl Bayramlının həbsindən narahatlığını ifadə edən bəyanat yayıb.
“ABŞ sonradan Azərbaycanda həbs olunması ilə nəticələnən azərbaycanlı jurnalist Əfqan Muxtarlının mayın 30-u Gürcüstanın paytaxtı Tbilisidə oğurlanması barədə məlumatdan narahatdır. Biz mayın 25-i AXCP sədr müavini Gözəl Bayramlının həbs olunmasından da narahatıq”, – bəyanatda bildirilir.
Dövlət Departamenti bir daha bütün siyasi məhbusları azad etməyə çağırıb:
“Biz Azərbaycan hökumətini beynəlxalq və ATƏT öhdəliklərinə əməl edərək fundamental hüquqlarından istifadəyə görə həbs olunanların hamısını azad etməyə çağırırıq.”
Bəyanatda həmçinin qeyd edilib ki, ABŞ oğurlanma məlumatı ilə bağlı Gürcüstanın apardığı istintaqı yaxından izləyir. Departament istintaqın hərtərəfli, şəffaf və vaxtında aparılmasına çağırış edib.
AXCP sədrinin müavini Gözəl Bayramlı mayın 25-i axşam Gürcüstandan Azərbaycana keçərkən sərhəddə saxlanılıb. Onun haqqında CM-nin 206-cı (qaçaqmalçılıq) maddəsilə cinayət işi açılıb.
Dövlət Sərhəd Xidmətinin İstintaq İdarəsinin təqdimatı əsasında Səbayel Rayon Məhkəməsi G.Bayramlə haqda 3 ay həbs-qətimkan tədbiri seçib.
AXCP ittihamı qurama adlandıraraq, Gözəl Bayramlının siyasi fəaliyyətinə görə həbs edildiyini bəyan edib.
Jurnalist Əfqan Muxtarlı isə mayın 29-u Gürcüstandan Azərbaycana gətirilib. Onun barəsində Cinayət Məcəlləsinin 315.2, 318.1 və maddələri ilə cinayət işi açılıb.
Jurnalistə 3 aylıq həbs cəzası verilib.
Jurnalist məhkəmədə Gürcüstandan zorla gətirildiyini deyib. Ona işgəncə verildiyini və cibinə 10 min avro pul qoyduqlarını söyləyib.
"Amnesty İnternational" təşkilatı Əfqan Muxtarlını siyasi məhbus elan edib.