16 İyun 2017
Mətni dəyiş
Bu gün, iyunun 16-sı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində ifadə verib.
Ə.Kərimli ifadə verdikdən sonra jurnalistlərə deyib ki, onu həbsdə olan müavini Gözəl Bayramlının işi ilə bağlı istintaqa çağırıblar. O vurğulayıb ki, heç əvvəlcədən bu barədə ictimaiyyətə məlumat verməyib:
"Çünki mən görürəm ki, bunlar bilərəkdən əsassız təşviş yaratmaq istəyirlər. Siyasətçiləri heç onların aid olmadığı məsələlərlə bağlı istintaqa çağırırlar. Əslində, AXCP sədrinin müavini şərlənərək həbs edilib. Gözəl Bayramlının həbs olunacağının anonsu hələ mayın 4-də verilib. Bu barədə hazırlıq görülürdü. Bu o deməkdir ki, bu iş quraşdırılıb. O pulu onun əşyaları arasına atıblar. Ancaq tutaq ki, o pul onun idi. Niyə gözləmirsiniz? Bəlkə gömrükdə bəyan edəcəkdi? Məgər ölkəyə pul gətirmək cinayətdir? Yaxud Gözəl Bayramlı mərhum Həsən Kərimovun xanımı ilə gəlirdi. Elə 12 mini öz aralarında bölərdilər, məsələ də bununla bitərdi… Bu iş kobud şəkildə saxtalaşdırılmış işdir".
Ə.Kərimli vurğulayıb ki, G.Bayramlı ilə bağlı cinayət işinin Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılması da məntiqlə başa düşülmür. Çünki G.Bayramlı az ağır cinayətdə ittiham edilir:
"Bu qərəzdir. Onun haqqında həbs-qətimkan tədbirinin də dərhal seçilməsi bu qərəzin göstəricisidir. Azərbaycanda belə bir təcrübə yoxdur ki, belə cinayətə görə dərhal həbs qərarı verilsin. Üstəlik, onun dərmanları özünə verilməyib, qanunsuz olaraq evində axtarış və götürülmə aparılıb. Deməli, planlı, qurama iş aparılıb".
"DİVAR QURTARANDA NƏ EDƏCƏKSİNİZ?"
AXCP sədrinin deməsinə görə, hakimiyyət hesab edir ki, ölkədəki müxalifəti, özgəfikirli insanları tamamilə məhv edə bilər:
"Hakimiyyətlərin gözləri ayaqlarının altını görməyəndə, "hər kəsi asaram, kəsərəm" deyəndə, öz səhvlərindən məhv olurlar. İndi də Azərbaycan hakimiyyətinin gözü ayağının altını görmür. Ancaq Azərbaycan xalqının müqaviməti səngiməyəcək. Azərbaycan xalqının potensialı bir neçə nəfərdən ibarət deyil. Bu ölkənin yüzlərlə, minlərlə cəsur, savadlı övladları var ki, bu korrupsiyaya ilə, hakimiyyətin zəbt olunması ilə barışmayacaqlar".
Ə.Kərimli deyib ki, hakimiyyət əsassız məhkəmə və istintaqlarla onların vaxtını alır:
"Sonuncu yazımda da qeyd etmişdim. Bu, divardan tuta-tuta yeriməkdir. Divar qurtaranda nə edəcəksiniz? İqtisadiyyat iflasa uğrayıb. Ölkənin borcları gündən-günə artır. Heç bir çarə tapmırlar. Ancaq xalqa xox gəlməklə hakimiyyətlərini uzatmaq istəyirlər. Alınmayacaq".
Bundan əvvəl G.Bayramlının işi ilə bağlı jurnalist Şahvələd Çobanoğlu da Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilmişdi.