Əfqan Muxtarlının işində deputat dindiriləcək

Əfqan Muxtarlının işində deputat dindiriləcək
29 İyun 2017
Mətni dəyiş
İyunun 29-da Əfqan Muxtarlının həbsinin ev dustaqlığı ilə əvəz olunması dair Nəsimi Rayon Məhkəməsinin verdiyi qərardan apelyasiya şikayətinə baxılıb.
Abzas.net xəbər verir ki, Vüqar Məmmədovun sədrliyi ilə keçən prosesdə jurnalistin şikayəti təmin olunmayıb.
Vəkil Elçin Sadıqov məhkəmədən sonra bildirib ki, Əfqan Muxtarlının cinayət işi "Meydan.tv" ilə bağlı başlanılan cinayət işinə birləşdirilib.
Onun sözlərinə görə, deputat Elman Nəsirov və İTV-də yayımlanan "Carçı" proqramının aparıcısının məhkəmədə ifadə verməsi üçün məhkəmədə vəsatət qaldırıb. Vəkil bildirib ki, məhkəmə heyəti vəsatəti qəbul edib və növbəti proseslərdə onlar ifadə verəcəklər.
"Əfqan Muxtarlı qanunvericilik icazə verdiyi halda ona yaxınları ilə görüş verilmədiyini deyib. Bundan əlavə Gürcüstanın Azərbaycandakı səfirliyinin onu ziyarət etməsini gözləyir və Gürcüstan tərəfinin bu məsələyə aydınlıq gətirilməsini tələb edir"- vəkil deyib.
Vəkil onu da bildirib ki, Əfqan Muxtarlının səhhətində olan problemlər hələ də qalmaqdadır. Buna baxmayaraq ona hər hansı tibbi müayinə göstərilmir.
Elçin Sadıqovun sözlərinə görə, bütün bunlara baxmayaraq Əfqan Muxtarlı nikbindir, psixoloji cəhətdən möhkəmdir.
Jurnalist Ə.Muxtarlı mayın 29-u oturum izini aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir. Ə.Muxtarlının bildirməsinə görə, Tbilisidə saxlanarkən ona işgəncə verilib. Sərhədə gətirilərək Azərbaycana təhvil verilib. Onun deməsinə görə, sərhədə cibinə 10 min avro da qoyulub.
Jurnalist Cinayət Məcəlləsinin 315.2-ci maddəsi ilə hakimiyyət nümayəndəsinə müqavimət və ya zor tətbiq etmədə ittiham olunur.
Bundan başqa, ona 318.1, 206.1 maddələr ilə – sərhədi qanunsuz keçmə və qaçaqmalçılığa görə də ittiham irəli sürülüb.
Bakıda rəsmi qurumlar iddia edir ki, Ə.Muxtarlı sərhədi qanunsuz keçərkən Azərbaycan ərazisində saxlanıb və bu məsələnin siyasiləşdirilməsi düzgün deyil. Üstəlik, onların bildirməsinə görə, jurnalist saxlanarkən hüquq mühafizə əməkdaşlarına zorakı qaydada müqavimət göstərib.
Məhkəmənin qərarı ilə ona ilkin istintaq dövründə 3 aylıq həbs cəzası verilib.
Ə.Muxtarlı iki ildən çoxdur Gürcüstanda yaşayırdı. O, Azərbaycanda təqib olunduğunu bildirmişdi. Ə.Muxtarlı son illər Tbilisidə Azərbaycan hakimiyyətinin əleyhinə keçirilən aksiyalarda da fəal iştirak edirdi. O, bir sıra araşdırma yazılarının da müəllifi idi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun