''Əfqan Muxtarlı Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilir''

''Əfqan Muxtarlı Beynəlxalq Qırmızı Xaç Komitəsindən gizlədilir''
2 İyun 2017
Mətni dəyiş
Hüquq müdafiəçisi Oqtay Gülalıyev mayın 29-da Tbilisidə həbs olunaraq Bakıya gətirilən jurnalist Əfqan Muxtarlıya işgəncə veriləcəyindən narahatdır.
Abzas.net xəbər verir ki, O.Gülalıyev fikrini Qırmızı Xaç Komitəsi nümayəndələrinin Əfqan Muxtarlı ilə görüşünə imkan verilməməsi ilə əsaslandırır.
Hüquq müdafiəçisi bu barədə sosial şəbəkədə məlumat paylaşıb.
"Mayın 29-da Tbilisidən oğurlanaraq işgəncə altında, gizli yollarla Bakıya gətirilən və absurd ittihamlarla həbs edilən jurnalist Əfqan Muxtarlı beynəlxalq təşkilatlardan gizlədilir. Bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin onunla görüşünə imkan verilməyib. Bakı İstintaq Təcridxanasından Əfqan Muxtarlının orada olmadığı deyilib. Əslində Təcridxana rəhbərliyi BQXK nümayəndələrinə yalan deyib, Əfqan Muxtarlı adıçəkilən həbs yerində saxlanılır. Maraqlıdır ki, məhbusların taleyinə cavabdeh olan və həmişə şəffaflıqdan, sivil idarəetmədən, qanunçuluqdan dəm vuran Penitensiar Xidmət Əfqan bəyin hansı Təcridxanada saxlanmasını konfidensial sayaraq bunun dustağın razılığı olmadan açıqlanmasını mümkünsüz hesab edib", - deyə Gülalıyev bildirir.
Hüquq müdafiəçisinin sözlərinə görə, BQXK əməkdaşlarının Əfqan Muxtarlı ilə görüşünə imkan verilməməsi, onun üzündə və bədənində olan işgəncə hallarının gizlədilməsinə, cinayətin ört- basdır edilməsinə xidmət edir:
"Biz fürsətdən istifadə edib başda Qırmızı Xaç Komitəsi olmaqla həbs yerlərinə girmək mandatı olan bütün beynəlxalq və yerli təşkilatları Əfqan bəyi ziyarət etməyə, jurnalistin sağlıq durumu ilə maraqlanmağa, onun müalicəsinə dəstək olmağa çağırırıq. Biz onun taleyindən çox narahatıq!"
[caption id="attachment_10823" align="alignnone" width="1024"] Oqtay Gülalıyev[/caption]
Oqtay Gülalıyev hesab edir ki, vəkillər məhbus jurnalistlə tez-tez görüşməlidirlər.
Digər bir hüquq müdafiəçisi, keçmiş siyasi məhbus Anar Məmmədli isə jurnalistə həbsxanada işgəncə veriləcəyinə inanmır. Deyir, dünya ictimaiyyətinin diqqətində olan birinə işgəncə verilməsi real görünmür:
“Hakimiyyətin repressiya metodları və üsullarına az-çox bələd olduğumdan, bunun səmərəsiz və anlamsız olacağını düşünürəm. Əvvəla hakimiyyətin Əfqanı öz mövqelərinə uyğun danışdırmaq kimi bir qayğısı yoxdur. Zatən Əfqan qaçırılmadığını iddia etsə, onun Tbilisdəki milli pasportu ciddi dəlil kimi ortadadır. İkincisi, təcridxanada siyasi məhbusa işgəncə vermək üçün geniş şərait olmur”.
[caption id="attachment_30630" align="alignnone" width="1000"] Anar Məmmədli[/caption]
Anar Məmmədli deyir ki, ən əsası, Əfqan Muxtarlı artıq dünyanın əksər təşkilatlarının diqqətində olan şəxsdir, bu cür şəxsə qarşı işgəncə planı uğursuz olacaq:
“Əfqan kimi adamla işgəncə yolu ilə danışmaq səmərəsizdir. Bunu "səriştəli" əməliyatçılar da bilir. Nəhayət, təcridxanada kommunikasiya, qışda istilik sistemi, yayda isə sərinlik imkanları zəif olduğundan, orada normal şəraiti özünə daha çox imkanlı və ya xüsusi "imtiyazlı" şəxslər yarada bilirlər. Bütün siyasi məhbuslar kimi Əfqan da bu cür "imkanlara" malik olmayacaq”.
Jurnalist Cinayət Məcəlləsinin 318.1 və 206.1 maddəsi ilə ittiham edilir. Sərhədi qanunsuz keçmə və qaçaqmalçılıqda ittiham olunur.
Mayın 31-də isə ona qarşı yeni ittiham irəli sürülüb. O, həm də Cinayət Məcəlləsinin 315.2 maddəsi ilə təqsirləndirilir.
“İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, guya jurnalist sərhədi qanunsuz keçərkən sərhəd xidmətinin gizirinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib”, - deyə Elçin Sadıqov bildirib.
Səbail Rayon Məhkəməsi mayın 31-də Əfqan Muxtarlı haqda 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun