"Yaşa-yaşa, can Stalin!" - Seymur Baycan

"Yaşa-yaşa, can Stalin!" - Seymur Baycan
13 May 2017
Mətni dəyiş
Seymur Baycan
Bir neçə saytda qarşıma belə bir xəbər çıxdı. Mayın 19-da Beynəlxalq Muğam Mərkəzində Günel Anarqızının “Seçilənlər” kitabının təqdimat mərasimi keçirilib.
Gecədə müəllifin atası, Xalq yazıçısı Anar Rzayev mədəniyyət aləmində bayağılaşmanın baş alıb getdiyi bir dövrdə belə bir kitabın nəşrinin önəmini vurğulayıb, onun dəyərli və zamanında işıq üzü görmüş bir kitab olduğunu söyləyib. Xalq yazıçısı Anar Rzayev həmçinin bildirib ki,bir ata kimi övladının kitabını vərəqlədikcə ürəyi fərəh hissi ilə dolurmuş.
[caption id="attachment_34245" align="alignnone" width="1000"] Günel Anarqızının "Seçilənlər" kitabının təqdimatı[/caption]
Təqdimat mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, professor Firəngiz Əlizadə, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı Fərhad Xəlilov, xalq artistləri Fidan və Xuraman Qasımovalar, Əməkdar Artist Fərqanə Qasımova, Xalq Artisti, pianoçu Murad Hüseynov, Əməkdar Artist Mehriban Zəki, vokal instrumental “Qaya” qrupunun üzvləri və digər tanınmışlar çıxış edərək müəllifə təşəkkürlərini bildiriblər və ona yaradıcılıq uğurları arzulayıblar.
Bura qədər yazılanlarda camaatımızın təəccübünə səbəb olacaq bir şey yoxdu və yəqin ki, bundan belə yazılanlarlarda da camaatımızı təəccübləndirəcək bir şey olmayacaq. Əgər tarixçi professor, siyasətimizin "başbiləni", yoldaş Cəmil Həsənli sovetdənqalma bir təşkilatın üzvüdürsə və "dirəniş" göstərib Stalindən qalma təşkilatdan çıxmırsa, üstəlik Stalindən qalma təşkilatın sədrini hələ bir dostum adlandırırsa camaatdan nə gözləyəsən. Doğurdan da axırda burda təəccüblənəsi nə var ki... Sovetdən qalma təşkilatların sədrləri, bu təşkilatların yanında yörəsində fırlananlar, xalq artistləri, əməkdar artistlər, sovetdən qalma yazıçılar birliyinin əbədi sədri Anar Rzayevin qızının yazdığı kitabın təqdimatına yığışıblar.
Camaat olsa-olsa bu xəbərin yazı mövzusuna çevrilməsinin özünə təəccüblənə bilər. Camaat öz işində olsun. Bu xəbərdə iki məqam bəndənizin diqqətini çəkdi. Birinci məqam ondan ibarətdir ki, Günel xanım Anarqızının kitabı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunub.Vay, vay, vay...
[caption id="attachment_34242" align="alignnone" width="1000"] Yazıçı Günel Anarqızı[/caption]
Yazıqlar. Yaman kasıbdırlar. Çox çətinliklə yaşayırlar. Ağır günlər keçirirlər. Heç pulları yoxdu, ona görə məcbur qalıb Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə kitabı nəşr ediblər. Elə burdaca fürsətdən istifadə edib Mədəniyyət və Turizm naziri cənab Əbülfəz Qarayevə, nazirlikdə çalışan digər məsul şəxslərə belə kasıb, arxasız müəlliflərə dəstək göstərdikləri üçün öz dərin təşəkkürlərimi bildirirəm. Həqiqətən də çox savab iş görürlər. Yorulmayasınız. Əliniz qolunuz var olsun. Davam edin. Düz yoldasınız.
Xəbərdə bəndənizin diqqətini çəkən ikinci məqam ondan ibarətdir ki, Günel xanım Anarqızının mükəmməl kitabının (oxumasam da kitabın mükəmməl olmasına bir qram da şübhə etmirəm ) təqdimatı may ayının 19-u keçirilib.
Xəbərdə elə-belə də yazılmışdı: "Tədbir üçün seçilən gün də təsadüfi deyildi. Mayın 19-u Xalq Şairi Rəsul Rzanın doğum günüdür. Təqdimat mərasimini də, burada səslənən şeir və musiqini də onun ruhuna ehtiram əlaməti kimi qəbul etmək olar."
Bəh, bəh, bəh. Necə gözəl tədbir, necə gözəl mənzərə. Lenin poemasının müəllifi Rəsul Rzanın doğum günü, onun oğlu,Yazıçılar Birliyinin sədri Anar Rzayevin qızı Günel xanımın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunmuş kitabının təqdimatı keçirilir, sovetdən qalma birliklərin sədrləri, xalq artistləri, əməkdar artistlər də yığışıb müəllifə təriflər deyirlər. Baba, oğul, nəvə...
Belə getsə nəticə, kötücə də marafona qoşulacaq. Niyə də olmasın. Bunun üçün hər cür şərait mövcuddur. Deyəndə ki, Azərbaycanda sovet hakimiyyəti davam edir adamın sözün qəribçiliyə salırlar. Həmin sovetdən qalma təşkilatlar dayanıb öz yerində. Sovet zamanı hansı işi görürdülərsə indi də həmin işi görməkdədirlər. Sovet zamanı Lenindən, Stalindən poemalar yazıb orden, medal, vəzifə alıb kurortlar, sanatoriyalar gəzənlərin övladları, nəvələri indi də ölkənin inkişafından, milli mənəvi dəyərlərdən, xalçadan, muğamdan, dolmadan, bozbaşdan cızmaqaralar edib kef çəkməkdədirlər. Əlinizi ürəyinizin üstünə qoyub özünüz düşünün. Dəyişən bir şey varmı? Lenin poemasının müəllifi Rəsul Rzanın oğlu Anar Rzayev Yazıçılar Birliyinin sədridi, Rəsul Rzanın nəvəsi Günel Anarqızının kitabı isə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə nəşr olunur.
Kimdir Rəsul Rza? Sosialist Əməyi Qəhrəmanı, Xalq şairi. Müxtəlifillərdə müxtəlif vəzifələrdə çalışıb. Müxtəlif mükafatlar alıb. Lenin poemasının müəllifidi. Niyə bunu belə xüsusi vurğulayıram. Ona görə ki,sovet zamanında Leninə poema, şeir yazanlar çox olub, burda mat qalası bir şey yoxdu, amma məsələ ondadır ki, Rəsul Rza qədər dərindən, hər tərəfdən Leninə tərif vuran, Leninə yaltaqlanan adam olmayıb. Azad rəqabət mühitində, söz və ifadə azadlığının var olduğu yerdə Rəsul Rza kimi dayaz, istedadsız, boz bir adam olsa-olsa uzaqbaşı hansısa şadlıq evində tamada ola bilərdi. Müşfiqin güllələndiyi, Cavidin sürgün edildiyi bir yerdə Rəsul Rza kimi istedadsız, boz, dayaz və həm də fürsətcil adamlar üçün geniş meydan açılmışdı. Rəsul Rza da bu fürsətdən bacardıqca geniş istifadə etdi. Dövrün tələbinə uyğun olaraq nə lazımdırsa yazdı, nə lazımdırsa etdi. Gəlin, Rəsul Rzanın yaradıcılığından bir nümunə ilə tanış olaq.
Stalin
Əlində üçtelli sazı Ucalır göyə avazı Qoca aşıq el içində Deyir: - Budur, ömrün yazı Yaşa-yaşa, can Stalin!
Gəlin, dostlar qulaq asın Bu ellərin nəğməsinə Cavanların mahnısına Körpələrin şən səsinə. Söyləyirlər bir ağızdan: - Yaşa-yaşa, can Stalin! Dillərdə dastan Stalin!
Quş keçməyən sərhədlərdə Eldə, obada, hər yerdə Geniş mavi dənizlərdə Keşik çəkən qızıl əsgər Deyir: - Yaşa, can Stalin! Ey böyük insan Stalin!
Mən şeirdəki “şəxsiyyətə pərəstiş” elementlərini qoyuram bir kənara. Məsələ ondadır ki, camaatımızın Səməd Vurğun haqqında dediyi "nə olsun partiyadan yazıb, amma necə gözəl yazıb" sözləri Rəsul Rza üçün heç keçərli deyil.
Səməd Vurğun haqqında deyilən sözləri Rəsul Rzaya aid eləmək olmur. Özünə, qələmə, sözə, ümumiyyətlə şeirə bir qram, bircə qram hörmət edən adam belə cəfəngiyyatın altına öz imzasını qoymaz.
Bax bu cür cəfəngiyyatla zəngin şeirlər yazmaqla Resul Rza kimi dayaz, istedadsız, boz adamlar orden,medal alıblar, vəzifələrdə oturublar, şair-yazıçı kimi tanınıblar. Sovet zamanında adını yaza bilməyən çobandan, sağıcıdan necə ictimai siyasi xadim düzəldirdilərsə, eləcə də Rəsul Rza kimi ədəbiyyata dəxli olmayan adamlardan da şair-yazıçı düzəldib xalqa "təqdim" edirdilər.
Onlar da imkandan istifadə edib öz övladlarını qucaqlarında ədəbiyyata gətirib övladlarından da yazıçı-şair düzəldirdilər. İndi də bu adamların övladları vəzifələrindən, əllərindəki imkanlardan istifadə edib dayaz, məzmunsuz atalarını böyük şair adıyla hələ də təbliğ etməkdədirlər. Bunu hər fürsətdə deməkdən, yazmaqdan yorulmayacam. Bu gün ölkəmizdə hökm sürən total zövqsüzlüyün və bayağılığın ən başlıca səbəblərindən birini sovet dövründə şair, yazıçı, ictimai xadim adıyla millətə sırınmış Rəsul Rza kimi dayaz, boz, istedadsız adamlarda, onların yüksək tirajlarla dərc olunmuş əsərlərində axtarmaq lazımdı.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun