Samir Şərifov: ''Makroiqtisadi stabillik tez bir vaxtda bərpa olunub''

Samir Şərifov: ''Makroiqtisadi stabillik tez bir vaxtda bərpa olunub''
11 May 2017
Mətni dəyiş
Maliyyə naziri Samir Şərifov Yaponiyanın Yokohama şəhərində keçirilən ADB rəhbərlər şurasının 50-ci toplantısında təmsil etdiyi hökumətin apardığı iqtisadi islahatlardan danışıb. 
Meydan Tv-nin məlumatına görə, nazir bildirib ki, neftin kəskin ucuzlaşması fonunda disbalansın aradan qaldırılması üçün hökumət tərəfindən qabaqlayıcı addımlar atılıb, nəticədə makroiqtisadi stabillik tez bir vaxtda bərpa olunub:
“Biz həmçinin kompleks struktur islahatlarının aparılmasına başlamışıq. Bu dövlət vəsaitinin idarə olunması, pul-kredit siyasəti və maliyyə sektorunun tənzimlənməsi kimi istiqamətləri əhatə edir. Biz ADB ilə bu sahədə sıx əməkdaşlıq etmək niyyətindəyik”.
AXCP Rəyasət Heyətinin üzvü, iqtisadçı Nemət Əliyev nazir Samir Şərifovun fikirlərinə "Facebook" səhifəsində münasibət bildirib.
N.Əliyev bir sıra rəsmilərin makroiqtisadi sabitlik barədə fikirlərin sehrinə düşdüyünü deyir:
“Amma faktlar nazirin söylədiyi fikrin ziddinədir. Mərkəzi Bankın təzəlikcə açıqladığı məlumatlardan aydın olub ki, cari ilin I rübündə kredit qoyuluşu 911 milyon manatdan çox azalıb. Manatla kredit qoyuluşunun rüblük həcmi isə 535 milyon manat düşüb. Yalnız martda bu göstəricilərin səviyyəsi üzrə müvafiq olaraq 345 və 228 milyon manat enmə qeydə alınıb. Martda problemli kreditlərin kütləsi 34 milyon manat həddində artaraq 10 faizin üzərinə qalxıb”.
[caption id="attachment_13882" align="alignnone" width="478"] Nemət Əliyev[/caption]
İqtisadçı banklarda saxlanan əmanət və depozitlərin həcminin martda 466, fevral və mart aylarında isə 1,9 milyard manatdan çox azaldığını da vurğulayıb:
"Yalnız əmanətlərin səviyyəsi 2 aya 836 milyon manat düşüb. Maliyyə Nazirliyinə istinadən Dövlət Statistika Komitəsinin yaydığı məlumatlardan məlum olub ki, təsdiq olunmuş dövlət büdcəsinin 2 aylıq orta göstəricisi ilə müqayisədə büdcədən təhsilin maliyyələşməsinə yanvar-fevral aylarında 46 faiz az vəsait ayrılıb. Bu hesabla səhiyyə xərcləri 45, ümumdövlət xidmət xərcləri 32 faiz kəsirlə, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanmasına yönələn xərclər isə 27 faiz kəsirlə icra olunub. Bütövlükdə dövlət büdcəsinin xərcləri üzrə 22 faiz az maliyyələşmə həyata keçirilib".
Nemət Əliyev yazıb ki, rüb ərzində xarici investisiya yatırımları, alıcılıq qabiliyyəti hesabı ilə əhali gəlirləri, iqtisadiyyatın əsas lokomotivi sayılan neft hasilatı da düşüb:
"Bütün bunlardan sonra qiymətlər də bir yerdə qərar tuta bilməyirsə, o zaman, doğrudan da, makroiqtisadi sabitliyə iddia etmək, yumşaq desək, qeyri-ciddi söhbətdir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun