"Pul kütləsi bank sisteminin daxilində dövr edir, real iqtisadiyyata çatmır"

"Pul kütləsi bank sisteminin daxilində dövr edir, real iqtisadiyyata çatmır"
2 May 2017
Mətni dəyiş
Mərkəzi Bankın İdarə Heyətinin ötən gün – mayın 1-də keçirilmiş iclasının nəticələri ilə bağlı açıqlamasında son aylarda manatın məzənnəsinin möhkəmlənməsi meyllərindən söz açılır.
Bu təmayülü AMB-nin rəhbərliyi iki amil – tədiyyə balansında müsbət dəyişikliklər və bu şəraitdə valyuta təklifi kanallarının genişlənməsi ilə izah etməyə çalışır. AMB iddia edir ki, o, valyuta bazarında iştirakını "əhəmiyyətli dərəcədə məhdudlaşdırıb", amma buna baxmayaraq, manatın məzənnəsində sürətli dəyişkənlik azalıb. Digər tərəfdən, bankların xarici valyutaların mübadilə məntəqələrində alış və satış məzənnələri arasındakı fərq əvvəlki kimi yüksək deyil. AMB-nin İdarə Heyətinin açıqlamasında belə deyilir.
Amma müstəqil ekspertlər Mərkəzi bankın tam həqiqəti demədiyini düşünürlər.
Neft fondu "əlini cibinə salıb"
Bank sektoru üzrə ekspert Əkrəm Həsənov AzadlıqRadiosu-na valyuta hərraclarında Mərkəzi Bankın iştirakının azaldığını təsdiqləyir və hərraclarda Neft Fondunun iştirakına diqqəti çəkir. Fond təkcə bu ilin 3 ayı ərzində hərraclarda 784,4 milyon. dollar satıb.
"Neft fondu və Mərkəzi Bank dövlətin iki fərqli cibləridir. Sadəcə, ARDNF daha zəngindir deyə, hərracda dollar satmaq vəzifəsi onun üzərinə qoyulub. Beləliklə, manatın son aylar qismən möhkəmlənməsi həm də fondun valyuta intervensiyası ilə bağlıdır", – ekspertin sözləridir.
Ekspert: "Dollar almağa manat lazımdır, manatsa yoxdur"
O, manatın məzənnəsinin möhkəmlənməsinin digər səbəbinə də toxunub. Bu, dövriyyədəki manat kütləsinin sıxılmasıdır. Ekspert belə bir iqtisadi amilə əsaslanır ki, hər hansı əmtəənin miqdarı dövriyyədə azalarsa, onun qiyməti qalxacaq. Manat da məhz bunun sayəsində güclənib. Ekspert sadə dillə izah etməyə çalışır:
"Dollar almağa manat lazımdır. Manat yoxdursa, təbii, dollara tələbat da düşür. Yəni, biz, faktiki olmayan manatın güclənməsindən danışırıq. Manat kütləsinin kəskin azalması real iqtisadiyyatı çətin duruma, ödəniş sistemini isə iflic hala salıb. Amma Mərkəzi Bank bunu sanki görmür".
Banklar kredit verməməklə də qazanır
Əkrəm Həsənov xatırladır ki, milli valyutanın inhisarçı emitenti olaraq, əslində, AMB-nin başlıca vəzifəsi dövriyyəni tələb olunan həcmdə pul kütləsi ilə təmin etməkdir: "Bunu etməyərək sırf özünü reklam üçün belə bəyanatlar verməsi, sadəcə, gülüncdür. Axı, manat kütləsi sırf bankların kreditləşdirilməməsi ilə bağlı azalmayıb. Məsələ bundadır ki, hətta dövriyyədə olan manat kütləsini də Mərkəzi Bank banklardan depozit hərracları vasitəsilə yığmaqla məşğuldur. Mərkəzi Bank banklara misli görünməyən yüksək faiz dərəcəsi (14,5%) təklif edir. Yalnız son dövrdə bu dərəcə 13%-ə düşüb, amma yenə də yüksəkdir".
Ekspert bu fikirdədir ki, pulunu AMB-yə qoyub, heç bir risk olmadan yüksək gəlir götürə bilən bank, əlbəttə ki, onu real iqtisadiyyatın kreditləşdirilməsinə sərf etməz. Dolayısıyla, bu gün pul kütləsi, əsasən, elə bank sisteminin daxilində dövr edir və real iqtisadiyyata çatmır. "Yalnız bu anormallıq nəticəsində manat möhkəmlənib. Təbii ki, bu gerçək səbəbi Mərkəzi Bank heç vaxt etiraf etməz. Nə desin? Desin ki, anormal siyasət gerçəkləşdirir, real iqtisadiyyatı məhv edərək manatı möhkəmlədirəm?", – deyə Əkrəm Həsənov ritorik sual verir.
"1,8 milyard dollar sabitliyin qorunmasına xərclənib"
İqtisadçı Samir Əliyev də ABM-nin manatın möhkəmlənməsi səbəblərinə dair açıqlamasına dair mövqeyini bildirib. O da bu məsələdə Neft fondunun xidmətlərinə diqqəti yönəldir. 2017-ci ilin ilk iki ayında valyuta bazarına 2 milyard 80 milyon dollar yönəldilib. Bunun 793,4 milyon dolları hərrac vasitəsilə satılıb, qalanı isə (2279 milyon manat) makroiqtisadi sabitlik üçün Mərkəzi Banka köçürülüb. Mərkəzi Banka köçürülən vəsaitin təxminən 300 milyon dollardan çox hissəsi onun valyuta ehtiyatlarına yönəldilib. Təxminən 1,8 milyard dollar valyuta bazarında sabitliyin qorunmasına xərclənib".
Amma dolları, eləcə də iqtisadiyyatı təzyiq altında saxlayan təkcə valyuta satışının həcminin artırılması olmayıb. Ekspert deyir ki, bu məsələdə sərt inzibati tədbirlər: pul kütləsinin sıxlaşdırılması, dövlət xətti ilə idxalın azaldılması, nağd əməliyyatların məhdudlaşdırılması, kapital axının minimuma endirilməsi tədbirləri manata əlavə dəstək verib.
Lakin hətta bu qədər məhdudlaşdırıcı tədbirlərin fonunda belə bazara yönəldilən dollar kütləsinin həcmində ötən illə müqayisədə ciddi azalma baş verməyib. Çünki daxili tələb və xarici öhdəliklər dollara tələbatın azalmasına imkan vermir. İqtisadçı Samir Əliyev belə deyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun