20 May 2017
Mətni dəyiş
Maltada prezident İlham Əliyevin ailə üzvləri və bir nazirə bağlı iddialar nəticəsində yaranmış qalmaqaldan sonra elan olunan erkən seçkilər iyunun 3-də keçiriləcək.
Erkən seçkilər və maliyyə nəzarət orqanlarının açdığı təhqiqatla nəticələnən iddialara hələ ki, aydınlıq gətirilməyib, lakin hadisənin ortasında adı hallanan özəl bank Azərbaycandan mühüm siyasi müştərilərinin olmasını təkzib etməyib.
BBC Azərbaycancanın məlumatına görə, Malta mətbuatında yayılan iddialar sızıldığı iddia edilən sənədlərlə əsaslanır.
Əsas iddialardan biri, Maltanın Baş naziri və Əmək partiyasının lideri Joseph Muscat-ın yoldaşı və 2 yüksək vəzifəli partiya həmkarlarının sahib olduğu şirkətlərə məxsus olduğu iddia edilən bank hesablarına köçürülən pullar ətrafında yaranıb.
Malta-da yerləşən özəl Pilatus bankı ilə açıldıqları iddia edilən bu hesablara köçürülən pulların mənbəsi olan və Dubayda qeydiyyatdan keçən Al Sahra FZCO şirkətinin prezident Əliyevin ailə üzvünə məxsus olduğu deyilir. Azərbaycan Prezidenti Adminstrasiyası BBC Azərbaycancanın bu iddialarla bağlı sualına cavab verməyib.
Malta baş naziri Joseph Muscat və yoldaşı Michelle Muscat iddiaları rədd ediblər və iddiaları ilk dərc edən bloqr və jurnalist Daphne Caruana Galizia-nı böhtan ittihamı ilə məhkəməyə veriblər.
Hazırda bu, və digər yüksək vəzifəli Malta siyasəyçilərinə qarşı təqdim edilən korrupsiya iddiaları üzrə iki ayrı istintaq əməliyyatı aparılır.
Bundan əvvəl prezident administrasiyasının mətbuat xidmətinin rəhbəri Azər Qasımov Panamada yerləşən Mossack Fonseca hüquq firmasından sızan sənədlərdə İlham Əliyevin ailə üzvlərinin adlarının çəkilməsini şərh edərkən deyib ki, "prezidentin övladları həddi-buluğa çatmış Azərbaycan vətəndaşlarıdır və onların hər hansı bizneslə məşğul olması qadağan edilməyib".
"Biznes etmək hər bir şəxsin hüququdur", cənab Qasımov əlavə edib.
"Böhtan" və "ticarət sirri"
Pilatus bankı aprelin 25-də dərc etdiyi bəyanatında, bankın icraçı direktoru Həmidreza Qənbəri bankın fəaliyyətində "heç bir qanunsuz hərəkətin olmadığını" bildirib.
Bankın dünya üzrə "ən yüksək maliyyə, tənzimləyici və korporativ idarəetmə standartlarına" riayət etdiyini deyən cənab Qənbəri yerli tənzimləyici orqanlarla əməkdaşlıq etməyə vəd edib.
Lakin, mayın 11-də Pilatus bankı "nüfuzunu yanlış və böhtan xarakterli iddialarla" təhlükəyə salmaqla təqsirləndirdiyi Maltalı jurnalistlərə qarşı ABŞ məhkəmələrinə müraciət etdiyini deyib.
Ayrıca, bank bildirib ki, Malta polisinə "məxfi sənədlərin və Maliyyə Kəşfiyyat Analiz Komandasının (FİAU) bank barədə sənədlərinin sızıntısı"na dair cinayət ittihamı üzrə şikayətlə müraciət edib.
Bank "məxfiyyət məsələlərinə böyük əhəmiyyətlə" yanaşdığını və "ticarət sirrləri" daxil olmaqla "qanunla məxfi sayılan məlumatları paylaşan hər bir şəxsi" təqib etməyə vəd edib.
Təkziblər və cavabsız suallar
BBC Azərbaycanca dəfələrlə Pilatus bankına müraciət etsə də, bankdan suallara cavab almaq mümkün olmayıb.
İstintaq çərçivəsində bankda aprel ayından axtarışlar keçirilir.
Lakin Pilatus bankının sədri Seyed Ali Sadr Hasheminejadın Malta Independent qəzetinə verdiyi müsahibədə maltalı məmurlara aid olduğu iddia edilən şirkətlərin bankda hesabları olmadığını, hətta bu şirkətlərlə heç bir "transfer" keçirilmədiyini bildirib.
Bankın sədri həmçinin Maltanın Baş nazirinin yoldaşı Michelle Muscat, onun ailəsi və ya ona aid olduğu idda edilən şirkətlərlə əlaqəsi olmadığını deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin ailəsinə məxsus olan hesabların banka mövcüd olub-olmamasına cənab Hasheminejada cavab verməkdən yayınıb.
"Biz məxfilik qaydalarına bağlıyıq. Lakin mən bunu deyəcəyəm. Az qala hər bir özəl banka PEP-lər (Siyasi təhlükə daşıyan şəxs) tərəfindən müraciət edilir və bu bankların PEP-lərlə əlaqələri olur", o, deyib.
Bankın "ciddi" yoxlama prosedurları olduğunu vurğulayan sədr müştərilər barədə məlumatı paylaşa bilməyəcəyini təkrarlayıb.
Üç dəfə ardıcıl suala birbaşa cavab verməkdən imtina edən cənab Hasheminejad "Əliyevlərin ailə üzvlərini müştəri kimi qəbul edərdinizmi" sualına cavabında deyib:
"Kim istəyirsə, Pilatus bankına müraciət edə bilər və onlar çox sərt yoxlama prosesindən keçməli olacaq."
Lakin bankın niyə bəzi şirkətlərin müştəri olması iddiasını təkzib etdiyini və digərlərini təkzib etmədiyi sualına, sədr bankın bütün müştəri siyahısını açıqlamağın düzgün olmadığını deyib.
Əliyevlərlə bağlı iddiaları təkzib etməməsini o, "2 milyon addan ibarət siyahını bir-bir nəzərdən keçməyə məcbur qalarıq" deyərək və "məxfilik qanunlarının" əhəmiyyətini təkrarlayaraq əsaslandırıb.
Maltada təhqiqat, Azərbaycanda sakitlik
Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun da adı çəklidiyi üçün BBC Azərbaycanca nazirliklə də əlaqə saxlayıb, ancaq qurumun nümayəndəsi iddialar barədə şərh verməkdən imtina edib.
Prezident aparatından İlham Əliyevin ailəsinə qarşı ünvanlanan iddialarla bağlı suallara bu məqalənin dərc edilməsindən öncə cavab almaq mümkün olmayıb.
Azərbaycanda rəsmi xəbər mənbələri Maltada baş vermiş qalmaqal barədə məlumat verməyib. Hətta erkən seçkilərin elan edilməsi barədə xəbər yoxdur.
Çərşənbə axşamı günü və çərşənbə günü çıxışlarında, Malta Baş naziri Joseph Muscat iddiaları bir daha rədd edərək, onların siyasi motivli olduğunu və müxalif Millətçi Partiyası tərəfindən "idarə edildiyini" iddia edib.
BBC Azərbaycanca Malta Baş naziri Joseph Muscat-ın aparatına göndərdiyi suallara hələ ki, cavab almayıb.
Eynilə Malta Maliyyə Məlumat Analiz Bölməsindən (FİAU) iddialarla bağlı suallara cavab almaq mümkün olmayıb.