18 May 2017
Mətni dəyiş
Avropa Şurası insan hüquqları üzrə komissar Nils Muyjnieks çərşənbə günü bəyanatla çıxış edərək Azərbaycanda həbsdə olan vətəndaş fəallarının azadlığa buraxılmasını tələb edib.
"Bu gün bloger və gənc fəal İlkin Rüstəmzadənin həbs olunmasından dörd il ötür. O, 2013-cü il mayın 17-də həbs edilib. İ.Rüstəmzadə Bakıda "Harlem Shake" rəqsinin ifasına görə xuliqanlıq ittihamı ilə həbs olunub.
Bir neçə gündən sonra "İlqar Məmmədov Azərbaycana qarşı" işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərar çıxarmasının üç ili tamam olacaq. Məhkəmə belə nəticəyə gəlib ki, REAL Hərəkatının lideri cənab Məmmədovun həbsində məqsəd onu susmağa məcbur etmək və ya hökuməti tənqid etdiyinə görə cəzalandırmaqdır. Üç il keçib, ancaq İlqar Məmmədov hələ də həbsdədir.
Bayram Məmmədov və Qiyas İbrahimov da həbsdədir. Onlar narkotik maddə ittihamı ilə 10 il azadlıqdan məhrum ediliblər. İki fəal 2016-cı ilin ayında keçmiş prezidentin abidəsini yazdıqdan sonra həbs olunub.
Bu yaxınlarda mən tanınmış blogger və "Reportyorların Azadlıq və Təhlükəsızlik İnstitutunun" indiki sədri Mehman Hüseynovun həbsi ilə bağlı narahatlığımı bildirdim. O, 2017-ci il martın 3-də həbs olunub.
Son illər ilk dəfə ona qarşı diffamasiya ilə bağlı ittiham irəli sürülüb. O, polisdə amansız davranışdan şikayət etdikdən sonra iki il həbs cəzası alıb.
Bu səbəblərdən Azərbaycandakı vəziyyət məni narahat edir. 2015-ci ildən mən Avropa İnsan Hüquqları Məhkəməsi qarşısında yeddi iş üzrə çıxış edirəm ki, fikrimcə, bunlar ölkədə insan hüquqları problemini əks etdirir: ifadə azadlığının məhdudlaşdırılması, QHT-lər üçün məkanın məhdudlaşdırılması, hüquq müdafiəçilərinin və onların vəkillərinin rəsmən təqib edilməsi.
Mənim müdaxilə etdiyim işlər üzrə ərizəçilər artıq həbsdə olmasalar da biz həbsdə olan digərlərini unutmamalıyıq.
Odur ki, mən yenidən Azərbaycan hakimiyyətinə müraciət edərək onu insan hüquqları sahəsində öz öhdəliklərinə əməl etməyə və öz qanuni vətəndaş fəallığını nümayiş etdirdiyinə görə həbs olunan şəxsləri azadlığa buraxmağa çağırıram", - N.Muyjnieksin bəyanatında deyilir.