MTN polkovnikinin intihardan əvvəl verdiyi ifadə yayıldı

MTN polkovnikinin intihardan əvvəl verdiyi ifadə yayıldı
3 May 2017
Mətni dəyiş
Təcridxanada özünü asaraq intihar edən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin istintaq dövründə verdiyi ifadəsi açıqlanıb.
Abzas.net xəbər verir ki, İlqar Əliyev intihar etmədən 5 gün əvvəl ifadəsində zərərçəkmiş Maqsud Mahmudovun epizodu üzrə ifadə verib və onun haqlı olduğunu deyib.
Antiterror Mərkəzinin sabiq rəis müavini bildirib ki, Eldar Mahmudov Tərlan adlı şəxs barəsində məlumat toplamaq üçün tapşırıq verib:
“Nazir həmin tapşırığı şifahi olaraq Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyevə vermişdi. Elçin Quliyev də həmin tapşırığı mənə dedi və bu işlə birbaşa mənim məşğul olmağımı istədi. Mən də Tərlanın  mobil telefonlarını izləməyə aldım. Bildim ki, Tərlanın Mark adlı şəxslə düşmənçiliyi var. Markı tapdım, nazirliyə çağırdım. Tərlanın qanunsuz işlərini Markdan öyrənərək, Eldar Mahmudova məruzə elədim”.
İntihar edən polkovnik bildirib ki, Tərlan həmin hadisədən sonra həbs olunub: “Baş Prokurorluqda onun barəsində cinayət işi başlanıldı və həbs olundu. Mark da sonradan mənimlə əlaqə saxladı. Xahiş etdi ki, Maqsud Mahmudov adlı şəxs onun torpaq sahəsini zəbt edib, ona kömək edim. Bu məsələni birbaşa Elçin Quliyevə məruzə elədim. Ondan razılıq aldım. Maqsudu nazirliyə dəvət elədim. Onun işini Mərkəzin əməkdaşı Azər Mehdiyevə tapşırdım”.
İlqar Əliyev ifadəsində bildirib ki, Azər Mehdiyev Maqsudu MTN-ə dəvət etdikdən sonra xidməti otağında ona hədə-qorxu gəlib:
“İşçilərdən biri gəlib mənə məruzə elədi ki, Maqsud otaqda qusub. Mən də otağa getdim. Maqsudu gördüm. Azər yanıma gəldi, dedi, Maqsud 50 min dollar pul vermək istədiyini dedi.  Söhbəti Elçin Quliyevə məruzə etdim. Elçin isə 50 min dolların az olduğunu dedi, Maqsudun 200 min dolları verməsini istədi. Azərə  Elçin Quliyevin sözünü çatdırdım. Azər yenidən Maqsudun yanına qayıtdı. Bir qədər sonra gəldi ki, Maqsud 150 min dollar verə bilər. Yenidən Elçin Quliyevin yanına getdim. Məruzə elədim.  Elçin Quliyev də mənim yanımda Eldar Mahmudova məruzə edərək Maqsudun 150 min  dollar verə biləcəyini dedim. Nazir də razılıq verərək, Maqsudun MTN-dən çıxmasına icazə verdi. Maqsudu buraxdıq. O, pulu bir neçə dəfəyə gətirib Azərə verdi. Azər də gətirib mənə verirdi.
Bəzən Maqsud pulları vaxtında verə bilməyəndə pulun əvəzinə hesablamaları üçün Ayaz Gərayzadə vasitəsi ilə brilliant və ya digər qızıl-zinət əşyaları göndərirdi. Mən isə hər dəfə həmin əşyaları Ayazın özünə qaytararaq, Maqsudun söz verdiyi pulları gətirməsini bildirirdim. Maqsudun pulları gətirməyəcəyindən ehtiyatlanaraq, onun barəsində “STOP” qoyulması ilə bağlı Azərə tapşırıq verdim. Maqsud iki ay müddətinə 120 min dollar gətirib verdi. Mən də Elçin Quliyevə bu barədə dedim. Elçin Quliyev Eldar Mahmudova bu barədə məruzə elədi. Nazir Elçin Quliyevə dedi ki, həmin puldan 70 mini köməkçisi Vüqar Mahmudova versin, qalan 50 mini isə baş idarə daxilində bölməsini tapşırdı. Elçin Quliyev də 70 mini Vüqar Mahmudova göndərdi, 20 mini özü götürdü, 10 min dollar mənə verdi.  Qalan puldan 10 mini  Azər Mehdiyev və Ramil Hümbətova verdi ki, aralarında bölünsün. Yerdə qalan  10 min dolların isə ərizəçi Mark Şamilova verməsi üçün Ramil Hümbətova verdi”.
İlqar Əliyev yalnız bir epizod üzrə dindirilib. 2015-ci ildə bu ifadəni verdikdən 5 gün sonra o, saxlandığı İstintaq Təcridxanasında intihar edib. Onun intihar etməsi ilə bağlı onun barəsində olan cinayət təqibinə xitam verilib.
Elçin Quliyev, Azər Mehdiyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb.
Həmin şəxslər Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunurlar.
MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor Elçin Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun