Həbsdə olan MTN generalı Elçin Quliyev və polkovnik Azər Mehdiyevin dövlət büdcəsindən 7,7 milyon dollar mənimsəmələri ittihamı üzrə yeni detallar məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, təqsirləndirilən MTN vəzifəliləri bu pulların agentlərə verildiyini bildirsələr də, şahid ifadələrində vəsaitin əksər hissəsinin mənimsənildiyi üzə çıxır.
Belə ki, istintaqa şahid qismində ifadə verən polkovnik M.A bildirib ki, pullar kassadan əsasən “Şimal küləyi” və “Qütb gecəsi” işi üzrə çəkilib.
M.A ifadəsinin əvvəlində “Şimal küləyi” əməliyyat işi üzrə pulların necə bölüşdürülməsi haqda ətraflı məlumat verib.
İfadəsinin davamında “Qütb gecəsi” işindən danışan polkovnik prosedurun eyni qayda ilə aparıldığını, pulların 1 nəfərin adına yazılan raportla götürülüb, 8 nəfərə verildiyini deyib. Lakin əlavə edib ki, bu işə daha 5 agent cəlb edilib.
Baş çekist Mahmudov vəzifədən çıxarıldıqdan sonra, MTN ləğv edilməmiş nazirlikdən istintaqa təqdim edilən “Antiterror mərkəzində əməliyyat xərcləri maddəsi ilə ayrılmış vəsaitin xərclənməsinə dair arayış”dan görünür ki, “Qütb gecəsi” Əks-Kəşfiyyat Əməliyyatları İşi üzrə 1 milyon 105 min dollar və 1 milyon 357 min manat xərclənib.
[caption id="attachment_29565" align="alignnone" width="900"]
MTN generalı Elçin Quliyev[/caption]
“Qütb gecəsi” işi 2014-cü il fevralın 3-də ATM-in rəisi, general Elçin Quliyevin sanskiyası ilə açılıb, qərarı isə onun müavini, polkovnik İlqar Əliyev hazırlayıb. İşin açılmasında məqsəd “Diplomatik nümayəndəlik və beynəlxalq təşkilatlar örtüyü altında sosial şəbəkələr mövqeyindən ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti aparan Xarici Xüsusi Xidmət orqanları ilə əməliyyat oyunlarının keçirilməsi” olub. “Qütb gecəsi” işinə bir-biri ilə əlaqəsi olmayan, müxtəlif faktlar üzrə yazışmalar, telefon danışıqlarının şərhi, agentura məlumatlarından çıxarış əlavə olunub. Bəzi məlumatlar vacib əməliyyat əhəmiyyəti kəsb etsə də, onların ətrafında əlavə agentura əməliyyat tədbirləri keçirilməyib.
Arayışda agentlərlə bağlı hissədə qeyd edilib ki, bu iş üzrə 46 nəfərlə etibarlı münasibətlərin yaradılması, arxiv agentlərindən istifadə edilməsi qeyd edilib.
İşi aparan polkovnik M.A şəxsən özünün əlaqəsində olan agentlər və onlara ayrılan pullar haqda istintaqa məlumat verib.
O, bildirib ki, hüquq müdafiəçisi olan agentlə 2013-cü ilin oktyabr ayından münasibətlər yaradılıb. Noyabr ayından etibarən hər ay həmin şəxsə 2 min manat mükafat təyin edilib. Bu şəxsin 2014-cü ildə Strasburqa səfər xərclərinə görə 2500 manat ödənilib. O, ümumi xarakterli məlumatlar təqdim edib. 2015-ci ildən isə rəsmi olaraq Hərbi Əks Kəşfiyyat İdarəsində Xidmətə götürülüb.
İkinci agent isə QHT sədri olub. Onun rəhbəri olduğu ofisin saxlanılması, qəzetinin buraxılması üçün hər ay 6 min manat ödənilib, həmçinin çoxsaylı səfərlərinin xərci qarşılanıb. Həmin şəxsə 2011-2015-ci illər ərzində 132 min manat, 6150 dollar və 2475 avro pul ödənilib.
2014-cü ildə ildə isə həmin şəxsin dövlət əleyhinə yönələn çağırışlar etməsi barədə məlumat daxil olub. Araşdırma zamanı məlum olub ki, QHT sədri əhali arasında iğtişaşlara gətirib çıxara biləcək mənfi fikirlər səsləndirir, dövlətə qarşı aztəminatlı, qaçqın və məcburi köçkünlərdən istifadə etmək üçün onları və Çeçenistan, Suriya, Əfqanıstanda döyüşmüş şəxsləri öz ətrafına yığır. Bu şəxsin MTN-nin maliyyələşdirdiyi Strasburq səfərlərinin birində, beynəlxalq tədbirlər zamanı Azərbaycan dövlətinin daxili və xarici siyasətini tənqid edən kütləvi etiraz aksiyalarında fəal iştirak etməsi barədə məlumat sızıb. Onunla bağlı məlumatlar da “Qütb işi”nə əlavə edilib, sonradan o, həbs olunub.
Növbəti agent qəzet baş redaktorudur. Bu şəxs 2014-cü ilin yanvar ayından MTN-ə cəlb edilib. O, nazirliyə ötürdüyü bir məlumata görə 10 min manat mükafat alıb.
Agent “Əlizadə” 2014-cü ildə fəal istifadə olunduğuna görə 15 min manat mükafat alıb.
MTN-nin etibarlı şəxslərindən biri də Azərbaycanın keçmiş naziri olub. Bu şəxsə ötürdüyü məlumatlara görə nazirlik tərəfindən 90 min manat pul ödənilib.
İstintaq materialında əlavə olaraq qeyd edilir ki, bəzi agentlərə heç bir ehtiyac olmadığı halda belə pullar ödənilib. Məsələn, kod adı “Samir” olan agentə 2013-cü il prezident seçkiləri ərəfəsində 4 ay ərzində 40 min, agent “Qəhrəman”a 2014-cü ildə 25 min manat mükafat verilib. Həmçinin, qeyd edilib ki, “Qəhrəman” fəal şəkildə əməkdaşlıq etdiyi üçün ona öncə 250 manat, sonra isə 600 manat aylıq maaş ödənilib.
Agentlərdən birinə ümumiyyətlə böyük pullar ödənilib. Onun kod adı “Terminator” olub. Bu şəxsə 287 min avro, 5400 dollar və 12 min manat verilib. “Terminator” nazir müavini Hilal Əsadovun agenti olub və şəxsi işi generalın özündə olduğu üçün istintaq bu sənədlərlə tanış ola bilməyib.
İstintaq şahidləri dindiriləndən və maliyyə səbəblərini incələdikdən sonra bu qənaətə gəlib ki, general Elçin Quliyevin idarəsi 2 əməliyyat işi çərçivəsində 5 milyon 148 min manat və 1 milyon 358 min dollar vəsaiti mənimsəyib.